Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

Daxili İşlər Nazirliyində 2017-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, cinayətkarlıqla mübarizənin nəticələrinə görə, ötən il də MDB və Avropa məkanında öncül mövqeyini saxlayıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 271-dən 264-ə qədər azalıb. Dünya İqtisadi Forumunun “2017-2018-ci illər üzrə qlobal rəqabətlilik" hesabatına əsasən “Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə respublikamız 21 pillə irəliləyərək 137 ölkə arasında 54-cü yerdə qərarlaşması da diqqətəlayiq fakt kimi vurğulanıb.Nazir artıq beşinci ildir ki, yol-nəqliyyat hadisələrinin dinamikasında, qəzalarda ölən və xəsarət alanların sayında nəzərəçarpan azalmanın müşahidə olunduğu diqqətə çatdırıb. Bildirilib ki, yol hərəkəti qaydaları əleyhinə olan hüquqpozmaların aşkarlanması hesabat dövründə 17,6 faiz artaraq 3.365.417 inzibati xəta təşkil edib. Bütövlükdə, müxtəlif inzibati xətalara görə respublika üzrə 2016-cı illə müqayisədə 17,2 faiz çox və ya 3.481.458 protokol tərtib edilib.Qeyd olunub ki, ötən il ölkədə keçirilmiş 657, o cümlədən 367 respublika və beynəlxalq əhəmiyyətli kütləvi tədbirdə Daxili Qoşunların, Əlahiddə Çevik Polis Alayının və ərazi polis orqanlarının şəxsi heyəti tərəfindən asayişin və təhlükəsizliyin təmini ilə bağlı qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetirildiyi də diqqətə çatdırılıb.Məruzə ətrafında Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov, Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov, Daxili Təhqiqatlar İdarəsinin rəisi Sahib Mirzəyev, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov və başqaları çıxış edərək hesabat dövründə görülmüş işlərdən, əldə olunmuş nəticələrdən, eyni zamanda, fəaliyyətdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün qarşıya qoyulmuş vəzifələrdən, həyata keçiriləcək konkret tədbirlərdən danışıblar.İclasa yekun vuran daxili işlər naziri 2017-ci ildə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi orqanlarında ümumi işə mənfi təsir göstərən halların mövcud olduğunu bildirib, tədbir iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin, qarşıda duran vəzifələrə yönəldib, konkret tapşırıq və tövsiyələrini verib.Nazir yerlərdə münaqişəli ailələrin vaxtında uçota götürülməsini, barələrində zəruri profilaktik tədbirlərin keçirilməsinə nəzarətin, əvvəllər məhkum olunmuş şəxslərlə profilaktikanın, eləcə də yol hərəkətinə nəzarətin, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, xüsusən güclü təsirə malik narkovasitələrin aşkarlanması işinin gücləndirilməsini, istintaq və təhqiqat aparatının cinayətkarlığa qarşı mübarizədə aparıcı rolunun, aidiyyəti baş idarə və idarələr tərəfindən ərazi polis orqanlarına idarəçilik təsirinin artırılmasını tələb edib.

sia.az