Siyasət

  • 3 865

Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz

image

Prezident İlham Əliyev: “Azərbaycan bu gün dünya miqyasında müstəqil siyasət aparan ölkələrdən biridir”
Azərbaycan 2017-ci ili də sürətli inkişaf, yüksək nailiyyətlər və uğurlar ili kimi başa vurdu. İqtisadi və sosial uğurlarla yanaşı, ölkəmiz beynəlxalq əlaqələrin inkişafı və xarici siyasət kursunda, eləcə də, bu kursun ana xəttini təşkil edən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində ciddi siyasi nailiyyətlərə imza atdı. Bu nəticələr isə, əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqindəki fikirlərdən hasil olur. Dövlət başçısı İlham Əliyev Azərbaycanın müstəqil xarici siyasət kursunun son illərdə uğurlu nəticələrini konkret faktlar əsasında vurğulayıb: “Azərbaycan bu gün dünya miqyasında müstəqil siyasət aparan ölkələrdən biridir. Belə ölkələrin sayı çox deyil, xüsusilə, əhali və ərazi baxımından böyük olmayan ölkələrə, bu, o qədər də xas deyil. Biz isə müstəqillik yolu ilə gedirik və azad, müstəqil həyatımız bizim üçün hər şeydən üstündür”.
Ümumiyyətlə, 2017-ci il Azərbaycanın illərdən bəri apardığı balanslaşdırılmış və müstəqil xarici siyasətinin konkret bəhrələrinin təzahür etdiyi təqvim ili kimi tarixə düşdü. Burada birinci növbədə, ötən ilin fevral ayında Azərbaycanın paytaxtında Amerika və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəislərinin görüşü vurğulanır. Analitiklər bu görüşün geosiyasi əhəmiyyətini həm də onunla izah edirlər ki, dialoqun Bakıda keçirilməsi təşəbbüsü Azərbaycan tərəfindən deyil, məhz iştirakçılar tərəfindən qərarlaşdırılıb. Bu, dünyanın super dövlətləri tərəfindən ölkəmizin regiondakı geosiyasi rolunun və tərəfsizliyinin qiymətləndirilməsi kimi qəbul edilir. Onu da əlavə edək ki, yaxın günlərdə NATO hərbi komandanlığı ilə Rusiyanın yüksək çinli hərbçiləri arasında növbəti görüş də, məhz Bakıda keçiriləcək. Bununla bərabər, yenə 2017-ci il fevralın 17-19-da keçirilən Münhen Təhlükəsizlik Konfransında cərəyan edən bir sıra hadisələr və Azərbaycan Prezidenti İlham Əliyevin buradakı iştirakı zamanı ortaya çıxan nüanslar ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə artmasının göstəriciləridir. Nəzərə almaq lazımdır ki, bütün bunların əsasında dayanan başlıca faktor Azərbaycanda yüksək səviyyədə təmin edilən sabitlik və təhlükəsizlik amilidir. Prezident İlham Əliyev bu amili sözügedən iclasdakı çıxışında ayrıca qeyd etmişdir: “Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, aksiomadır. Bunu biz yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf da dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, sərmayə qoyuluşu dayanır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və eyni zamanda, bizim apardığımız siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür. Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır”.
Vurğuladığımız kimi, Azərbaycanın xarici siyasət kursunun mərkəzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun, ədalətli həlli və Ermənistan tərəfindən işğal edilən ərazilərin qeyd-şərtsiz azad edilməsi təşkil edir. 2017-ci il bu baxımdan, əlamətdar hesab edilə bilər. Məhz ötən il Azərbaycanın siyasi iradəsinin diktəsi ilə Ermənistan tərəfi heç bir şərti qəbul edilmədən danışıqlar masasına qayıtmağa məcbur oldu. 2017-ci ildə Ermənistana qarşı beynəlxalq tənələrin artması aşkar müşahidə edilirdi. ATƏT-in Minsk Qrupu həmsədrlərinin irəli sürdüyü təşəbbüslərdə də Azərbaycanın haqlı mövqeyi, yəni ərazi bütövlüyünün təmin edilməsi şərti önə çıxarıldı. Ermənilərin bir sıra təxribat xarakterli hərəkətləri beynəlxalq qınaqla üzləşdi. Azərbaycan Prezidenti çıxışında bunu ölkəmizin beynəlxalq nüfuzunun və gücünün artması kimi qiymətləndirir: “Bizim prinsipial mövqeyimiz ədalətli mövqedir, beynəlxalq hüquqa əsaslanan mövqedir və daha çox beynəlxalq dəstək qazanan mövqedir. Bunu əks etdirən bir neçə önəmli hadisə olmuşdur. Onlardan biri Dağlıq Qarabağda separatist rejim tərəfindən keçirilmiş qanunsuz “referendum”un dünya ictimaiyyəti tərəfindən tanınmamasıdır. Həm qonşu ölkələr, həm Avropa ölkələri, Avropa İttifaqı, beynəlxalq təşkilatlar “referendum”un tanınmaması haqqında birmənalı şəkildə ciddi bəyanatlar vermişlər. Bu bəyanatlar, bir daha onu göstərir ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bu dəstək getdikcə daha da artır”.
2017-ci ildə baş verən bəzi hadisələr Azərbaycanın Dağlıq Qarabağla bağlı siyasətini daha da gücləndirib və real sonluğa bir az da yaxınlaşdırıb. Bu baxımdan, vaxtilə işğaldan azad edilən Ağdərə rayonu ərazisində, Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün 1170 ailəlik qəsəbənin salınması həm də mühüm siyasi akt kimi izah edilir. Ekspertlərin fikrincə, Azərbaycan həm Çocuq Mərcanlıda, həm də Şıxarxda apardığı tikinti işləri ilə sübut etdi ki, Dağlıq Qarabağ onun əzəli torpağıdır və bu torpaqların işğaldan azad ediləcəyinə heç kimin şübhəsi olmamalıdır. Məhz bunu nəzərdə tutaraq, Prezident vurğulayıb: “2017-ci ildə Şıxarx qəsəbəsində 1170 ailə üçün yeni şəhərcik salınıb. Bu da əlamətdar hadisədir. Təkcə ona görə yox ki, böyük köçkün şəhərciyi yaradılıb. Ona görə ki, Şıxarx qəsəbəsi vaxtilə işğal altında olan ərazidir. Bu ərazi erməni işğalçılarından təmizlənmişdir, azad edilmişdir və o yerdə yeni böyük şəhərciyin salınması, bir daha onu göstərir ki, Dağlıq Qarabağ bizim əzəli torpağımızdır. Bu, həmişə belə olub, bu gün belədir, sabah da belə olacaq və Dağlıq Qarabağ probleminin həlli ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür. Bunun heç bir başqa yolu yoxdur”.

“Səs” Analitik Qrupu

Digər xəbərlər