Sevinc Fətəliyeva: Azərbaycan özünün milli inkişaf modeli ilə digər dövlətlər üçün nümunədir

«Müasir dövrdə dünyada mürəkkəb proseslər baş verir. Bir sıra ölkələrdə maliyyə-iqtisadi və siyasi böhran halları davam edir, münaqişələr səngimək bilmir». Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.S.Fətəliyeva bildirib ki, ayrı-ayrı regionlarda konfliktlərin, müharibələrin mövcud olması, inkişaf etmiş iqtisadiyyata və siyasi sistemə malik olan ölkələrdə isə sabitliyin öz yerini xaosa verməsi qlobal kataklizmlərin mövcudluğundan xəbər verir. Onun sözlərinə görə, dünya siyasətinin gələcəyinə təsir edən iqtisadi böhran isə siyasi kataklizmlərin dərinləşməsini şərtləndirir.«Belə olan şəraitdə milli dövlətlərin siyasi sabitliyi və iqtisadi inkişafı təmin etmələri strateji önəm daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Ümumilikdə, çoxsaylı siyasi kataklizmlərlə müşayiət olunan, müxtəlif ölkələrdə stabillik və təhlükəsizliyin pozulduğu ötən müddət ərzində Azərbaycanda sabitlik qorunub saxlanıb, ölkəmiz kənar təsirlərə məruz qalmadan öz inkişafını davam etdirib. Əminliklə söyləmək olar ki, ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi ictimai-siyasi sabitliyin başlıca təminatçısıdır. Nəticə etibarilə, Azərbaycan özünün milli inkişaf modeli, eyni zamanda, ictimai-siyasi sabitlik və tərəqqisi ilə milli dövlətlər üçün pozitiv nümunədir»-deyə, S.Fətəliyeva vurğulayıb.

yap.org.az