Hikmət Babaoğlu: Danışıqların intensivləşməsi Azərbaycanın dünyada nüfuzunun artması ilə bağlıdır

2016-cı ildə aprel döyüşlərindən sonra 2017-ci ilin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində intensiv və substantiv danışıqlar ili kimi yadda qalması Azərbaycanın xarici siyasətinin uğurudur. Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin keçirdiyi görüş də ötənilki intensiv danışıqların davamı kimi qiymətləndirilməlidir.

Bu fikirləri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Hikmət Babaoğlu deyib ki, bu görüşün nəticəsini analiz etmək üçün ilk növbədə 2018 -ci ilin ilk günlərində problemi həll edəcək güc mərkəzlərinin mövqelərinə diqqət etmək və buradakı yeni impulsiv fikirləri nəzərdən keçirmək lazımdır. Problemin həllində mühüm strateji mövqeyə sahib, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bu günlərdə mətbuata açıqlama verərkən ilk dəfə problemin mərhələli həlli yolundan danışdı. Bu mövqeyin dövlətimizin yürütdüyü siyasətlə üst-üstə düşdüyünü deyən deputat Lavrovun fikrinin Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən də haqlı olaraq alqışlandığını bildirib. Rusiyanın xarici işlər naziri 2018-ci ildə danışıqlara yeni impulsların daxil ola biləcəyinə işarə etdi. Əgər iki il bundan əvvələ diqqət yetirsək, Rusiyanın xarici siyasətində köklü dəyişikliklərin olacağı ilə bağlı Lavrovun fikirlərini xatırlasaq, onda problemin həlli ilə bağlı ən azı rəsmi Moskvanın yeni yanaşmasının meydana gəldiyini deyə bilərik. Lakin Dağlıq Qarabağ problemini həll etmək üçün ATƏT-in digər həmsədrləri də konkret siyasi iradə nümayiş etdirməlidirlər. İki gün əvvəl BMT-nin baş katibi Antonio Quterreşin də problemin həlli ilə bağlı çağırışı oldu. Bütün bunlar ümidvericidir, diplomatiyamızın gərgin işinin, Azərbaycan Prezidenti İlham Əliyevin prinsipial mövqeyinin nəticəsidir. Bu siyasi proses beynəlxalq və regional geosiyasi vəziyyətin lehimizə dəyişməsidir və yüksək qiymətləndirilməlidir. Ancaq problemin həlli üçün mütləq həmsədr ölkələr beynəlxalq hüquqa əsaslanan prinsipial mövqe nümayiş etdirməlidirlər.
Hikmət Babaoğlu deyib ki, bəzi həmsədr ölkələrin baş diplomatları zaman-zaman işğalçı ölkənin xarici işlər nazirinə direktivlər verirlər və biz bunu yaxşı bilirik. Ancaq hazırda vəziyyət bir qədər başqadır. Azərbaycan mühüm əhəmiyyətli ölkədir və onunla hesablaşmanın vaxtının çatdığını hamı hiss edir. Beynəlxalq siyasi proseslərin paradiqmaları və keyfiyyəti o qədər sürətlə dəyişir ki, Azərbaycanın problemi həmsədrlərsiz belə həll edə bilmə imkanları, ehtimalı artır. Bunu işğalçı Ermənistan da, onu himayə edənlər də dərk edirlər.
Milli Məclisin deputatı vurğulayıb ki, danışıqların intensivləşməsi Azərbaycanın güclənməsi və beynəlxalq nüfuzunun, hərbi-siyasi gücünün artması ilə bağlıdır. Eyni zamanda, Azərbaycan regionda olduqca mühüm əhəmiyyətli iqtisadi layihələr həyata keçirir və işğalçı Ermənistan bunların hamısından kənarda qalır. Bunu orta və uzunmüddətli perspektivdə Azərbaycanın daha da güclənməsi, Ermənistanın isə zəifləməsi kimi analiz edən Hikmət Babaoğlu həmsədrlərin bu gerçəkliyi başa düşdüyünü söyləyib.

yap.org.az