Siyasət

  • 21 225

Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlətdir

image

İlham Əliyev: “Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, siyasətimizin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır”
Azərbaycan arxada qoyduğu 26 illik müstəqillik tarixində ictimai-siyasi sabitliyin möhkəmlənməsinə nail olmuş, dünya birliyində mövqeyinin güclənməsinə xidmət edən mühüm tarixi nailiyyətlər qazanmışdır. Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın inkişaf strategiyası ölkəmizin böyük uğurlar əldə etməsi ilə nəticələnib. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə dövlət siyasətinin həyata keçirilməsi, dövrün tələblərinə uyğun sistemli islahatların aparılması, ictimai-siyasi və sosial-iqtisadi həyatda mütərəqqi dəyişikliklərin edilməsi, təhlükəsizliyinin, sabitliyin gücləndirilməsi ilə bağlı görülən tədbirlər dövlətimizin qüdrətinin artmasını, xalqımızın əmin-amanlığının və rifah halının yüksəlməsini təmin edib.
Hər bir ölkənin inkişafında əsas rol oynayan sabitliyin möhkəmlənməsi əsasında Azərbaycanda iqtisadi imkanların genişlənməsi üçün biri-birindən əhəmiyyətli layihələrin icrası sürətləndirilir. Qətiyyətlə deyə bilərik ki, iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın dünyanı bürüyən iqtisadi və maliyyə böhranından uzaq olmasına zəmin yaratdı. Hər sahədə qazandığımız uğurların təməlində Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqincə davam etdirilməsi dayanır. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin ilk ilində ona ünvanlanan “Sizcə, Sizi asan işlər gözləyir, yoxsa çətin” sualına “Həm çətin, həm də asan. Asan o mənada ki, artıq Azərbaycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On il ərzində Ulu Öndər Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma eyni zamanda, həyat yerində durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr çıxır”, - cavabını verir. Bəli, həmin tarixdən 14 il ötür və bu illər ərzində, Azərbaycan uğurlu inkişaf tarixini yaşayıb. “On dörd il ərzində iqtisadi göstəricilərimiz də ümumi inkişafımızın uğurlu dinamikasını əyani şəkildə göstərir”, - deyən Cənab İlham Əliyev iqtisadiyyatın 14 il ərzində 3,2 dəfə artdığını bildirib: “Hesab edirəm ki, bu, dünya miqyasında rekord göstəricidir”.

“İNKLÜZİV İNKİŞAF
İNDEKSİNƏ GÖRƏ,
AZƏRBAYCAN İNKİŞAFDA OLAN ÖLKƏLƏR ARASINDA ÜÇÜNCÜ YERDƏDİR”

Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etmələri ölkəmizin seçdiyi yolun düzgün olduğunu təsdiqləyir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, beynəlxalq reytinq agentlikləri Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirirlər. Cənab Prezidentin vurğuladığı kimi, Davos Dünya İqtisadi Forumu rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 35-ci yerə layiq görüb: “Dünya miqyasında 35-ci yeri tutmaq, MDB məkanında isə birinci olmaq çox böyük nəticədir. İnklüziv inkişaf indeksinə görə, Azərbaycan inkişafda olan ölkələr arasında üçüncü yerdədir”.
Əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin və dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Möhtərəm Prezidentin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu, davam etməkdədir. Cənab Prezident çıxışlarının birində qeyd edib ki, gündəlik fəaliyyətimizdə Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli-praktiki addımlar atılmışdır: “Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, siyasətimizin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır. Eyni zamanda, bizim əsas strateji məqsədimiz və hədəfimiz ölkəmizi daha da gücləndirməkdir, Azərbaycan dövlətinin qüdrətini artırmaqdır, müstəqilliyimizi möhkəmləndirməkdir”. Cənab İlham Əliyev hələ 2003-cü ilin oktyabrında respublikamıza rəhbərliyə başlayarkən, ölkədə yoxsulluğun aradan qaldırılacağını əsas məqsədlərindən biri kimi bəyan etmişdir. Görülən işlərin nəticəsində, bu gün Azərbaycanda yoxsulluq 5,4 faiz səviyyəsindədir.
Ölkə rəhbərliyinin yüksək dəqiqliklə seçdiyi və uğurla həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində son 14 ildə ölkə həyatı üçün strateji əhəmiyyət daşıyan inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah prosesinin geniş vüsət alması ilə səciyyəvidir. 14 il ərzində müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənmiş, qüdrətlənmiş və sosial-iqtisadi yüksəliş, ilk növbədə, insanların gündəlik həyatında özünü daha qabarıq büruzə vermişdir.
Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Hazırda, mühüm geosiyasi məkan kimi, Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi və ən perspektivli tərəfdaş hesab edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”.
Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət strategiyasının qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc dairəsində sürətlə irəliləməkdədir. Belə ki, həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Təkcə onu demək kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Həqiqətən də, Azərbaycan son 14 ildə bütün istiqamətlər üzrə böyük uğurlara imza atıb. Ölkə başçısı İlham Əliyev, çıxışlarının birində qeyd etdiyi kimi, Azərbaycan dünya miqyasında böyük rəğbətə malik olan bir ölkədir:”İkitərəfli əlaqələr inkişaf edir və biz dünyada daha çox dostlar qazanırıq. Üzv olduğumuz bütün təşkilatlarda bizim sözümüzün böyük çəkisi var”.
Bəli, ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbul olunması onun dünya miqyasında artan nüfuzundan və uğurlu xarici siyasətindən xəbər vermiş oldu. “Bu hadisə, təkcə ona görə önəmli deyil ki, biz dünyanın ali orqanına seçildik və orada iki dəfə sədrlik etdik. Ona görə önəmlidir ki, dünyanın 155 ölkəsi bizə səs verdi, özü də çox ağır mübarizə şəraitində”, - deyən Prezident İlham Əliyev Azərbaycan əleyhinə birləşən qüvvələrə qarşı bu inam və diqqətin ölkəmizin gücünü və iradəsini bir daha ortaya qoymuş olduğunu bildirib.

APRELDƏ KEÇİRİLƏCƏK PREZİDENT SEÇKİLƏRİ AZƏRBAYCAN
KONSTİTUSİYASININ VƏ ÖLKƏ QANUNVERİCİLİYİNİN
TƏLƏBLƏRİNƏ TAM
UYĞUNDUR

Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində, ölkəmiz böyük inkişaf yolu keçib. Bu gün Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, dinamik iqtisadi inkişaf ölkəmizdə istənilən vaxt seçki keçirməyə imkan verir. Təbii ki, ölkəmizdəki mövcud sabitlik xalq-iqtidar birliyi həmrəyliyin ifadəçisidir. Xalq öz seçimində qərarlıdır. Düzgün seçim Azərbaycanın gələcək inkişafının, sabitliyin və əmin-amanlığın təminatıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncama əsasən, Prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub. Bu il - 2018-ci il prezident seçkilərinin oktyabr ayında keçirilməsi nəzərdə tutulsa da, növbədənkənar seçkilərin ölkəmizdə keçirilməsi haqqında Sərəncam Azərbaycan Konstitusiyanın və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur. Bu Sərəncam Azərbaycanın milli maraqlarına və inkişafına xidmət edir.
Ölkədə keçirilən seçkilər və onun nəticələri ölkədə sabitliyin və inkişafın qarantıdır. Eyni zamanda, növbəti prezident seçkilərinin aprel ayında keçirilməsinin bir sıra səbəbləri də var. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun sözlərinə görə, ölkəmizdə may ayından başlayaraq çoxlu sayda mühüm yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcək: “Onların sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi çərçivəsində silsilə tədbirləri, Beynəlxalq Humanitar Forumu və digərlərini qeyd etmək olar. Həmin tədbirlərin əksəriyyəti ilin sonuna təsadüf edir və seçkilərlə üst-üstə düşür. Digər tərəfdən, Azərbaycanda mövcud olan praktikaya əsasən, bütün seçkilər payız aylarında keçirilir. Bu mənada, dünyada mövcud olan təcrübəni nəzərə almaqla, müxtəlif səviyyəli seçkilərin ilin ayrı-ayrı fəsillərində, o cümlədən də, əvvəlində keçirilməsi daha məqsədəuyğundur”. Prezidentin köməkçisi qeyd edib ki, həmçinin, Azərbaycan Prezidentinin 7 il müddətinə seçilməsi prezident səlahiyyətlərinin yerinə yetirilməsinə təsərrüfat ilinin əvvəlindən başlamasını təmin edir: “Bu da sosial və iqtisadi sahədə qarşıda duran vəzifələrin daha effektli icrasına əlavə imkan yaradır”.
Əli Həsənov onu bildirib ki, Azərbaycanda hər 5 ilin 3 ili seçkilərlə bağlı olduğundan, konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edildi və dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilə uzadıldı: “Prezidentin səlahiyyət müddəti 7 il müddətinə uzadıldığına görə, Azərbaycan Respublikası Prezidentinə seçicilərə etimad votumu üçün müraciət imkanı - növbədənkənar prezident seçkilərini elan etmək hüququ verilib. Buna görə də, “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncamda nəzərdə tutulmuş məsələlər konstitusiyanın və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur”.
Apreldə keçiriləcək seçkilər xalqımızın dövlətçilik maraqlarına da tam uyğundur. Bu gün Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf etdirilir və əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür. Bu gün Azərbaycan, yerləşdiyi bölgədə əsas inkişaf məkanı olmaqla, nəhəng infrastruktur layihələrini icra edir və ölkəmiz Avropanın enerji təhlükəsizliyində son dərəcə vacib faktora çevrilib. Beləliklə, Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə olunması, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunur. Qeyd etdiyimiz amillər Azərbaycanda vətəndaşların və seçicilərin Prezident İlham Əliyevə yüksək etimadını bir daha təsdiq edir.
Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər