Siyasət

  • 2 603

Avropa Parlamentində Azərbaycanın Dostları Klubu təsis edilib

image

Azərbaycan Respublikası Milli Məclisinin Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi (PƏK) üzrə nümayəndə heyəti Strasburqda Avropa Parlamentində (AP) olub.Səfər çərçivəsində Aİ-Azərbaycan PƏK-in həmsədri Cavanşir Feyziyev, deputatlar Azər Kərimli, Sahibə Qafarova, Çingiz Qənizadə və Elman Nəsirovdan ibarət nümayəndə heyəti Avropa Parlamentinin bir sıra üzvləri ilə görüşlər keçirib və fikir mübadiləsi aparıblar.

Avropa Parlamentinin üzvləri 2016-cı ilin sonunda bu qurum ilə Milli Məclis arasında münasibətlərin bərpa olunmasından, əlaqələrin daha da inkişaf etdirilməsi və mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan fəaliyyətdən məmnunluqlarını bildiriblər. Münasibətlərin daha da möhkəmlənməsi üçün qarşılıqlı rəsmi və işgüzar səfərlərin əhəmiyyətini vurğulayıblar.
Milli Məclisin nümayəndə heyətinin üzvləri öz həmkarlarını regionda, xüsusilə Azərbaycanda mövcud durumla bağlı məlumatlandırıb, cari ildə Azərbaycanda respublika quruculuğunun, Şərqdə - müsəlman dünyasında ilk parlament respublikasının yaradılmasının 100 illiyi ilə bağlı dövlətimizin başçısının imzaladığı Sərəncam haqqında məlumat verərək, bu münasibətlə ölkəmizdə silsilə tədbirlərin keçiriləcəyini avropalı həmkarlarının diqqətinə çatdırıb, qarşıdan gələn prezident seçkilərində, eləcə də ilboyu keçiriləcək digər tədbirlərdə iştirak etmək üçün onları Azərbaycana dəvət ediblər.
Səfər çərçivəsində Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev və AP-nin Latviyadan olan üzvü Andrey Mamikinsin birgə dəvəti ilə Avropa Parlamentində Azərbaycanın Dostları Klubunun təsis olunması ilə bağlı rəsmi ziyafət təşkil edilib. Yüksək rəsmi şəxslər, Avropa Parlamentinin deputatları və nümayəndə heyətimizin üzvləri, eləcə də Azərbaycanın Avropa İttifaqındakı səfiri Fuad İsgəndərov və ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi Emin Eyyubov ziyafətdə iştirak ediblər.
Mərasimdə çıxış edən PƏK-nin həmsədri Cavanşir Feyziyev 2017-ci ildə Milli Məclis ilə AP arasında münasibətlərdə ciddi irəliləyişlərin əldə edildiyini, əməkdaşlığın daha da genişləndiyini və Azərbaycan parlamentinin bu tendensiyanı 2018-ci ildə də davam etdirmək əzmində olduğunu diqqətə çatdırıb.
“Azərbaycanın Avropaya, Avropanın isə Azərbaycana ehtiyacı var. Münasibətlərimizə xələl gətirmək istəyənlər nə Azərbaycanın, nə də Avropanın maraqlarına xidmət edir. Azərbaycan ilə Avropanın bir-birinə qarşılıqlı ehtiyacını dərk edən və münasibətlərimizin inkişafına əhəmiyyət verən siyasətçilərin öz güclərini birləşdirməsi, Avropa ilə Azərbaycanın daha da yaxınlaşması üçün təşkilatlanmış halda fəaliyyət göstərmək ümumi işimizə faydalı ola bilər. Məhz buna görə də fərqli siyasi qrupları və siyasi baxışları təmsil etmələrinə baxmayaraq, Avropa-Azərbaycan dostluğu naminə bir masa ətrafına əyləşən dostlarımızı daha mütəşəkkil fəaliyyət göstərməyə çağırıram”,- deyə Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
AP-nin Latviyadan olan üzvü Andrey Mamikins çıxış edərək qurum yanında “Azərbaycanın Dostları Klubu”nun təsis olunmasını təklif edib, belə bir klubun Avropa Parlamenti ilə Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsinə böyük töhfə verəcəyinə ümid etdiyini bildirib. A. Mamikins deyib: “Azərbaycan güclü dəstəyə layiqdir. Bu gün biz burada Azərbaycanın dostları kimi klubumuzun rəsmi olaraq təsis edildiyini elan etmək üçün yığışmışıq. Mən burada AP-də mövcud olan bütün siyasi qrupların təmsilçilərini görürəm və bu, çox sevindirici haldır. Azərbaycana dost münasibətlərimiz fərqli düşünən həmkarlarımızı bir araya gətirib. Bu, belə də olmalı idi. Çünki Azərbaycan Avropanın ayrılmaz tərkib bir hissəsidir. Avropanı Azərbaycansız, Azərbaycanı isə Avropasız təsəvvür etmək mümkün deyil, bunu bilməli və öz fəaliyyətimizi də buna uyğun qurmalıyıq”.
Digər çıxış edənlər yeni yaranan kluba müvəffəqiyyətlər arzulayıblar.
Cavanşir Feyziyev ziyafətə qatılmış bütün qonaqlara Azərbaycan Respublikasının Milli Məclisi və onun nümayəndə heyəti adından təşəkkürünü bildirib, Avropa Parlamentində “Azərbaycanın Dostları Klubunun təsis edildiyini rəsmən elan edib, Klubun ölkəmizə siyasi və mənəvi dəstək vermək arzusunda olan bütün AP üzvləri üçün açıq olduğunu qeyd edib. Deputat növbəti mərhələdə üzvlər arasında müvafiq məsləhətləşmələr aparılacağını və tezliklə Klubun həmsədrlərinin seçiləcəyini, baş katibin təyin ediləcəyini və rəsmi internet səhifəsinin yaradılacağını vurğulayıb.

yap.org.az

Digər xəbərlər