Siyasət

  • 7 226

Xalq gələcəyini alternativi olmayan Prezident İlham Əliyev siyasətində görür

image

İlham Əliyev: “Sizi və bütün Azərbaycan xalqını əmin etmək istəyirəm ki, əgər prezident seçkilərində Azərbaycan xalqı mənə yenidən yüksək etimad göstərərsə, doğma xalqıma ləyaqətlə xidmət edəcəyəm”
Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli hadisə olan Yeni Azərbaycan Partiyasının VI Qurultayı ölkəmizin sabitlik və inkişaf dövrünü yaşayan bir dövründə keçirildi. Əsas ideoloji dayaqları müstəqillik, azərbaycançılıq, sosial inkişaf, siyasi və iqtisadi islahatlar olan YAP-ın mövcud olduğu dövrdə ölkəmiz sürətli inkişafa nail olub. Öz tarixinin ən güclü, ən qüdrətli dövrünü yaşayan Azərbaycan müasir dünyamızda elə bir etibarlı imic qazanıb ki, bu prosesdə YAP-ın böyük rolu müstəsnadır. YAP-ın mütəşəkkil fəaliyyəti, öz liderinə sədaqəti nəticəsində, ölkəmiz bütün sahələrdə daha böyük nailiyyətlər qazanır.
Dövlətimizin siyasi sisteminin sütunu olan YAP ölkəmizdə siyasi islahatların aparılmasında mühüm rol oynayır. Yeni Azərbaycan Partiyasının VI Qurultayında çıxış edən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyev ölkəmizin ictimai-siyasi həyatında həlledici rol oynayan partiyanın qərarlarının Azərbaycanın inkişafına töhfə verdiyini bildirib. Ötən ilin noyabrında partiyanın 25 illik yubileyinin qeyd edildiyini bildirən dövlət başçısı, bu illər ərzində, partiyanın uğurlu və şərəfli yol keçdiyini qurultay iştirakçılarının diqqətə çatdırıb: “Əgər o vaxt bu partiyamız yaradılmasaydı, bilmək olmazdı ki, ölkə hansı istiqamətdə inkişaf edəcəkdi. Çünki o vaxt ölkəmizin qarşısında çox ciddi problemlər durmuşdu. Demək olar ki, Azərbaycan, onun gənc müstəqilliyi təhlükə altında idi”.
1992-ci ildə yaradılan YAP-ın tarixi hadisəyə çevrildiyini vurğulayan Cənab Prezident bir neçə aydan sonra xalqın istəyi və tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyini və ölkəmizin inkişaf yoluna qədəm qoyduğunu bildirib: “AXC-Müsavat cütlüyü tərəfindən başlanmış vətəndaş müharibəsi dayandırıldı, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, qayda-qanun yaradıldı, milli vətəndaş həmrəyliyi üçün əsas yaradıldı, azərbaycançılıq ideologiyası bəyan edildi və bu gün də bizim əsas ideoloji dayağımızdır. Ölkə konstitusiyası qəbul edildi, iqtisadiyyatda, siyasi sahədə ciddi islahatlara start verildi, Azərbaycan beynəlxalq təcriddən çıxa bildi və ölkə ilə bağlı həqiqətlər dünya birliyinə çatdırıldı”.
1993-cü ildən ölkədə aparılan işlər, görülən tədbirlər bugünkü reallıqları təmin edir. “1993-cü ildən başlayaraq, Azərbaycan uğurlu inkişaf yolu ilə gedir və inkişaf üçün əsas şərt - sabitlik tam bərqərar olmuşdur” - deyən Cənab Prezident bildirib ki, sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməz: “Məhz o illərdə - Ulu Öndər hakimiyyətə gələndən bir il sonra “Əsrin Kontraktı” imzalanmışdır. Bu, bu gün də və gələcək illərdə də ölkə iqtisadiyyatı üçün müstəsna rol oynayan kontraktdır. Keçən ilin sentyabrında Ulu Öndərin adını daşıyan bu möhtəşəm Heydər Əliyev Mərkəzində kontraktın 2050-ci ilə qədər uzadılması haqqında qərar verildi. Görün, bu kontraktın nə qədər böyük əhəmiyyəti var ki, artıq yarım əsrdən çox müddətdə Azərbaycan xalqına xidmət edəcəkdir”.
“BİZİM SİYASƏTİMİZİN MƏRKƏZİNDƏ AZƏRBAYCAN VƏTƏNDAŞI, ONUN PROBLEMLƏRİ, ONUN QAYĞILARI, ONUN RİFAHI DAYANIR”
Ulu Öndərin quruculuq və inkişaf xəttinin davamçısı olan Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməklə, ölkəmizi sabitlik və inkişafın, vətəndaş həmrəyliyinin təmin olunduğu güclü dövlətə çevirib. Azərbaycan Prezidenti Cənab İlham Əliyev hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində qeyd etmişdi ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, mən Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Bu, belə də oldu. Cənab Prezidentin “Şadam ki, Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşir və ölkəmiz uğurla inkişaf edir”, -deməsi çox böyük əsasləra söykənir. 2003-cü ildən bu günə qədər keçən dövr Azərbaycana sürətli inkişaf mərhələsini yaşamış və Azərbaycan dünyada analoqu olmayan iqtisadi templərlə inkişaf etmişdir. Ölkə qarşısında duran bütün vəzifələr icra edilmişdir, 2003-cü ildə və ondan sonrakı illərdə verilmiş bütün vədlər həyatda öz əksini tapmışdır. Bu gün Azərbaycan yeni iqtisadi və sosial çağırışların, nüfuzlu beynəlxalq qurumların tədbirlərinin keçirilməsi üçün əsas məkan kimi tanınır, dünyaya özünü demokratik ənənələrə sadiq, hüquqi və sosial dövlət kimi təqdim edir. Ölkəmizin bütün sahələrdə böyük uğurlar qazanması, maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastrukturun yaradılması və s. Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini getdikcə daha da möhkəmləndirir. Azərbaycan Prezidentinin əməli fəaliyyətinin, iradəsinin nəticəsidir ki, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, iri enerji layihələr və qlobal əhəmiyyətli iqtisadi zonalar yaradılıb. İqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın azaldılması və sənayeləşmə prosesinə nail olunub. Bütün bu və ya digər amillər son 14 ilin məntiqi nəticəsidir. “Bizim son illər apardığımız siyasət özünü tam doğrultdu, Azərbaycanda sabitlik mövcuddur” - deyən Azərbaycan Prezidenti son 5-6 il ərzində dünyanın müxtəlif yerlərində, bizim regionumuzda çox ciddi, narahatedici proseslər getdiyini diqqətə çatdırıb və bildirib ki, belə olan halda, sabitlik pozulduqda heç bir inkişafdan söhbət gedə bilməz: “Bu gün dağılmış vəziyyətdə olan və daxili inteqrasiyanı tamamilə itirən ölkələrin gələcək taleyi böyük sual altındadır. Ona görə həyat və yaxın tarixin mənzərəsi göstərir ki, sabitlik əsas amildir və sabitlik necə təmin edilməlidir? Ancaq düzgün siyasətlə. O siyasət ki, onun mərkəzində xalq dayanır və ölkə vətəndaşı dayanır. Biz məhz bu siyasəti aparırıq. Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır”.
“BİZ ÇALIŞMALIYIQ Kİ, DÜNYANIN DEMOKRATİK BAXIMDAN ƏN İNKİŞAF ETMİŞ ÖLKƏLƏRİNİN STANDARTLARINA YAXINLAŞAQ VƏ BUNU EDƏCƏYİK”
Həyata keçirilən layihələr və islahatlar Azərbaycanın gələcək inkişafına yönəlsə də, hələ qarşıda daha böyük nailiyyətlər Azərbaycanı gözləyir. Qurultayda Cənab Prezident çıxışında Azərbaycanı gələcəkdə daha da güclü dövlətə çevirmək üçün görüləcək işləri də diqqətə çatdırıb: “Gələcək illərdə də demokratik inkişafla bağlı yeni addımlar atılacaqdır, siyasi islahatlar davam etdiriləcəkdir. Son illər ərzində bu istiqamətdə gözəl nəticələr əldə edilib və bu, daimi prosesdir. Biz çalışmalıyıq ki, dünyanın demokratik baxımdan ən inkişaf etmiş ölkələrinin standartlarına yaxınlaşaq və bunu edəcəyik”.
Son 14 ildə Azərbaycan beynəlxalq aləmdə yüksək zirvələri fəth edib, ölkəmiz BMT TŞ-nin üzvü olub. “Bizim bütün ölkələrlə qarşılıqlı hörmət və biri-birinin işinə qarışmamaq şərti ilə münasibətlərimiz qurulub” - deyən Prezident gələcəkdə bu münasibətləri daha möhkəmləndirərək, qonşu dövlətlərlə əlaqələrimizin daha da yüksək pilləyə qalxacağını qeyd edib: “Mən buna əminəm. Çünki hazırda başladığımız və davam etdirdiyimiz iqtisadi və digər layihələr bunu deməyə əsas verir”. Gələcəkdə məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması və mənzillərlə, evlərlə təmin edilməsi, nəhəng enerji layihələrini icrası və sistiqamətində, bundan sonra da uğurlu siyasət aparılacağını diqqətə çatdıran Cənab Prezident “bütün planlarımızı həyata keçirmək üçün iqtisadiyyatımızı gücləndirməliyik”, - deyib.
Göründüyü kimi, 2003-cü ildən keçən müddət müasir tariximizə ölkənin iqtisadi, sosial, siyasi və mədəni inkişafının dönüş nöqtəsi kimi daxil olub. Bu illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən islahatlar nəticəsində, Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkəsi kimi tanınıb. Azərbaycan xalqı öz gələcəyini Azərbaycanda alternativi olmayan İlham Əliyev siyasətində görür və Onu dəstəkləyir. Yeni Azərbaycan Partiyasının VI Qurultayında İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərar yekdilliklə qəbul olunub. Seçicilər aprel ayının 11-də hər Cənab İlham Əliyevə səs verməklə növbəti 7 il ərzində Azərbaycanın inkişafına, tərəqqisinə, yüksəlişinə, sabitliyinə və əmin-amanlığına səs vermiş olacaqlar.
Prezident İlham Əliyev Ona göstərilən etimada görə, səmimi minnətdarlıq hissini ifadə edib: “Sizi və bütün Azərbaycan xalqını əmin etmək istəyirəm ki, əgər prezident seçkilərində Azərbaycan xalqı mənə yenidən yüksək etimad göstərərsə, doğma xalqıma ləyaqətlə xidmət edəcəyəm”.
Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər