Siyasət

  • 4 306

Prezident İlham Əliyev hər zaman qaçqın və məcburi köçkünlərin problemlərini diqqət mərkəzində saxlayır

image

YAP-ın VI Qurultayında da ilk çıxışın, məhz məcburi köçkünlər adından Oqtay Həziyevə verilməsi məcburi köçkünlərə göstərilən diqqətin təzahürüdür

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu sosial-iqtisadi islahatlar və məqsədyönlü siyasət nəticəsində, ötən il ölkəmizin iqtisadi potensialı daha da güclənib və davamlı inkişaf dinamikası təmin olunub. Dövlət başçısının da qeyd etdiyi kimi, dünyada baş verən iqtisadi-maliyyə böhranına, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, 2017-ci il ölkəmizdə sabitlik və inkişaf ili oldu. İqtisadiyyatımız son 14 il ərzində 3,2 dəfə artıb. Bu, Prezident İlham Əliyevin iqtisadiyyatımıza yenilik gətirməsi hesabına baş verib. Bu müddətdə Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş şəkildə inkişaf edib. O cümlədən, sənayedə 2,6 dəfə, kənd təsərrüfatında 1,7 dəfə artım olub. Qeyri-neft ixracımız 4,1 dəfə artıb.
Kənd təsərrüfatı haqqında danışarkən, bir məqama xüsusi diqqət yetirmək lazımdır. Belə ki, dünyada iqtisadi böhran baş verir. Əlbəttə ki, bu, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi. Məhz belə bir vaxtda dövlət başçısı Ulu Öndərin təcrübəsindən yararlandı. 1970-ci illərdə bizim neftdən gəlirimiz yox idi. Neftimiz var idi, lakin onun gəlirləri İttifaq büdcəsinə gedirdi. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf edirdi. Pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, baramaçılığın və digər kənd təsərrüfatı sahələrinin hesabına o vaxt inkişafa nail olundu. Prezident İlham Əliyev də həmin təcrübədən yararlanmağa qərar verdi. Artıq bu istiqamətdə görülən işlər öz nəticələrini verir. Dövlət başçısı tərəfindən verilən bu tapşırıqlar nəticəsində, nəinki yüksək göstəricilər əldə olunub, artıq insanlar torpağa qayıdıb. Bütün boş torpaqlar əkilib-becərilir.
Prezident İlham Əliyev ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət yetirir. Məhz bunun sayəsində, bu gün sahibkarlar Azərbaycan iqtisadiyyatının inkişafına töhfələrini verirlər. Ölkəmizdə sosial sahəyə çox böyük diqqət göstərilib və bu istiqamətdə bir çox önəmli layihələr icra edilib.
İlham Əliyev tərəfindən aparılan düşünülmüş və uzaqgörən siyasət sayəsində, bu gün Azərbaycan dünyanın aparıcı ölkələrindən birinə çevrilib. Ötən il Azərbaycan iqtisadiyyatı rəqabətlilik qabiliyyətinə görə. Davos Dünya İqtisadi Forumu tərəfindən 35-ci yerə layiq görülüb, bu yaxınlarda isə. forumun ənənəvi inklüziv inkişaf indeksində inkişaf edən ölkələr arasında Azərbaycan üçüncü yerə layiq görülüb. Bax, budur Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticələri.
Bu gün Azərbaycanın yeganə problemi Dağlıq Qarabağ münaqişəsi və bunun nəticəsində yaranın 1 milyondan çox qaçqın və məcburi köçkün problemidir. Amma Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası həm də dünyaya mesaj oldu. Prezident İlham Əliyev dünyaya mesaj verdi ki, bütün torpaqlarımız işğaldan azad ediləcək, hər qarış torpağımız abadlaşdırılacaq. Əgər Böyük Qayıdış Cocuq Mərcanlıdan başladısa, onun davamı artıq Ağdərədə gedir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da hər zaman məcburi köçkünlərə xüsusi qayğı göstərir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmuş Mehriban xanım Əliyeva bu ali vəzifədə ilk müşavirəsini ötən il martın 9-da, məhz Bakı və Sumqayıt şəhərlərindəki qəzalı vəziyyətdə olan yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülmələrinə həsr etdi və çox ciddi tapşırıqlar verdi. Bundan sonra “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsi” çərçivəsində daha ağır vəziyyətdə yaşayan soydaşlarımız üçün Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə yeni binaların tikintisinə start verildi. Onların müxtəlif ərazilərdə yeni mənzillərlə təmini və bu işlərin uğurla davam etdirilməsi ölkə əhalisinin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərə dövlət qayğısının daha bir əyani sübutudur. Təkcə onu qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə 2017-ci ildə 935 məcburi köçkün ailəsi qəzalı binalardan yeni mənzillərə köçürülüb.
Qaçqın və məcburi köçkünlər üçün indiyədək 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış komplekslərinin salındığını, 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Digər qəzalı binalarda yaşayan köçkünlərin problemləri də Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaxın vaxtlarda öz həllini tapacaq. Dövlət başçısının da, ölkənin Birinci vitse-prezidentinin də vurğuladıqları kimi, ilk növbədə, ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcək. Bu proses mərhələli yollarla həll edilir, həm yeni binalar tikilir, eyni zamanda, vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınaraq, məcburi köçkünlər orada yerləşdirilir.
Bütün bunları nəzərə alaraq, Yeni Azərbaycan Partıyasının fevralın 8-də keçirilən VI Qurultayında aprelin 11-də keçiriləcək prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyi irəli sürülüb. Əlbəttə ki, bu, ölkəmizin ictimai-siyasi həyatında baş verən əlamətdar hadisədir. Dövlət başçısı hər zaman qaçqın və məcburi köçkünlərin problemlərini diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyev bütün tədbirlərdəki nitqlərində qaçqın və məcburi köçkün məsələsinə toxunur və tez-tez onlarla görüşür. YAP-ın VI Qurultayında da ilk çıxışın, məhz məcburi köçkünlər adından Oqtay Həziyevə verilməsi məcburi köçkünlərə göstərilən diqqətin təzahürüdür.

“Səs” Analitik Qrupu

Digər xəbərlər