Siyasət

  • 3 467

“Üçüncü minillikdə geosiyasətin yeni üfüqləri”

image

Newtimes.az-ın məqalələr toplusu çapdan çıxıb

Newtimes.az analitik-informasiya portalının “Üçüncü minillikdə geosiyasətin yeni üfüqləri'” adlı növbəti nəşri çapdan çıxıb. Kitab Newtimes.az analitik-informasiya portalının məqalələr toplusu əsasında tərtib olunub.SİA Newtimes.az portalına istinadla xəbər verir ki, nəşrin layihə rəhbəri və baş redaktoru Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovdur.Artıq 5 ildir fəaliyyət göstərən Newtimes.az portalı Azərbaycanın media məkanında özünəməxsus yerə malik olan və bu illər ərzində ifadə etdiyi fikirlər, irəli sürdüyü təşəbbüslər və reallaşdırdığı layihələrlə fərqlənən kütləvi informasiya vasitəsinə çevrilib. Dünyada baş verən geosiyasi, iqtisadi proseslərin, dövlətlərarası və sivilizasiyalararası münasibətlərin təhlili və proqnozlaşdırılması üzrə ixtisaslaşan portalın əsas məqsədi beynəlxalq münasibətlər sistemindəki tendensiyaların və davranışların mahiyyəti, konseptual və praktiki tərəfləri haqqında obyektiv və əsaslandırılmış fikirləri oxuculara çatdırmaqdır.Qeyd etmək lazımdır ki, indiyədək portalın “Qlobal siyasət: təhdidlər, çağırışlar, ümidlər” (2013-cü il), “Kto prav tot i silnee?” (2013-cü il), “Müasir beynəlxalq münasibətlər sistemi: Newtimes.az-ın baxış bucağı” (2014-cü il), “Sovremennaə cistema mejdunarodnıx otnoşeniy: skvozğ prizmu Newtimes.az” (2015-ci il) və “Günümüzün Jeosiyasi Süreçlerinin Perde Arkası” (2015-ci il) adlı Azərbaycan, rus və türk dillərində 5 kitab dərc edilib.Beynəlxalq münasibətlərin tədqiqi ilə məşğul olan azərbaycanlı və xarici alim, ekspert və analitiklərlə əməkdaşlıq edən Newtimes.az analitik-informasiya portalı fikir müxtəlifliyini qorumaqla yanaşı, siyasi-elmi dairələri narahat edən bir sıra mühüm beynəlxalq proseslərə dair mövqeyin formalaşdırılmasına da səy göstərir. Azərbaycanın milli və dövlətçilik maraqları bu fəaliyyətdə prioritet istiqamət təşkil edir. Azərbaycan, rus, türk və ingilis dillərində dərc olunan portal geniş oxucu kütləsinə malikdir. Saytın sosial şəbəkələrdəki (Feysbuk, Tvitter, Vkontakte) fəaliyyəti isə oxucuların fikir və rəylərini qiymətləndirməyə imkan verir.Portalın əsas fəaliyyət istiqamətlərindən biri xarici tərəfdaşlarla əməkdaşlıq əlaqələri yaratmaq və inkişaf etdirməkdir. Qlobal miqyasda informasiyanın çatdırılmasının inhisara alındığı, müəyyən dairələr tərəfindən idarə olunan saxta (feyk) məlumatların dominant mövqeyə yiyələndiyi bir dövrdə Azərbaycan həqiqətlərinin və Dağlıq Qarabaş münaqişəsinin reallıqlarının dünyaya çatdırılması və alternativ ideyaların ifadəsi üçün bu, olduqca vacib məqamdır. Hazırda Newtimes.az-ın 15-dən artıq ölkədən 60-a yaxın beyin mərkəzi, analitik-informasiya qurumu, KİV-lər ilə əlaqələri mövcuddur. Türkiyənin Beynəlxalq Siyasət Akademiyası (UPA), Avrasiya İncelemeleri Merkezi (AVİM), ABŞ-ın “İrs” Fondu, Strateji Düşüncə İnstitutu, Rusiyanın Strateji Qiymətləndirmə və Proqnozlar Mərkəzi, Beynəlxalq Tədqiqatlar İnstitutu və Hərbi-Siyasi Araşdırmalar Mərkəzi, Xəzər Əməkdaşlığı İnstitutu, Litvanın Geosiyasi Tədqiqatlar Mərkəzi, Birləşmiş Ərəb Əmirliklərinin Orta Şərq və Körfəz Hərbi Təhlil İnstitutu Newtimes.az materiallarına Azərbaycandan dünyaya və regiona baxış kimi istinad edirlər. Bundan başqa, “Ceymstaun'” Fondu (ABŞ), Vudro Vilson adına Beynəlxalq Elmi Mərkəz (ABŞ), Amerika Neft İnstitutu, Mərkəzi Asiya və Qafqaz İnstitutu (ABŞ), Geosiyasi Təhlil və Monitorinq Mərkəzi (ABŞ) kimi analitik qurumların nəşrləri, “Foreign Policy Magazine”, “Central Asia and the Caucasus”, “Uluslararası Hukuk ve Politika”, “Akademik Perspektif”, “Newsweek”, “Mejdunarodnıe proüessı” jurnalları, həmçinin “Wikipedia” beynəlxalq elektron ensiklopediyası, “History of Truth” (ABŞ), İnosmi.ru, Russia.Post.su, Politobzor.net, Oilru.com (Rusiya), Centrasia.ru, Respublika-kz.info (Qazaxıstan), Fergananews.com (Özbəkistan), Kyrgyztoday.kg (Qırğızıstan) kimi saytlar portalın materiallarını öz səhifələrində dərc edirlər. Portalın xarici dillərdə məqalələri həmin mərkəzlərin internet saytlarında mütəmadi qaydada özünə yer tapır.Newtimes.az portalı öz fəaliyyətində Azərbaycanın xarici siyasətinin həyata keçirilməsində praktik məsələlərə də diqqət ayırır. Portal davamlı olaraq xarici siyasətin qarşısında duran yeni çağırışlarla bağlı mövzulara yer ayırır, xüsusən də informasiya əsrində rəqəmsal diplomatiyanın imkanlarından daha geniş istifadə olunması ilə bağlı təklif və təşəbbüslərlə çıxış edir. Bu mənada 2016-cı ildən başlayaraq portalın Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin sosial şəbəkələrdə fəaliyyəti ilə bağlı apardığı monitorinqi xüsusi qeyd etmək lazımdır.“Azərbaycanın diplomatik korpusu tvitterdə” adlı hesabatın əks olunduğu bu layihənin məqsədi diplomatik nümayəndəliklərin virtual məkanda fəaliyyətini izləməklə, onların Azərbaycanın təbliğatı, ölkədə baş verən proseslərlə bağlı düzgün informasiyanın yayılması, erməni lobbisinin ölkəmizə qarşı apardığı əks-təbliğata cavab istiqamətində sosial şəbəkələrdə göstərdikləri fəaliyyəti işıqlandırmaqdır. Təsadüfi deyil ki, ilkin monitorinq zamanı Azərbaycanın xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərindən yalnız 57-nin Tvitterdə aktiv səhifəsi vardısa, hazırda Tvitter hesabı olanların sayı 70-ə çatıb.Bütün bunlar Newtimes.az-ın gördüyü işin miqyasının əyani sübutudur. Keçən dövr ərzində portal Azərbaycanın milli və strateji maraqlarının müdafiəsində dayanan, Azərbaycan dövlətini beynəlxalq media məkanında təbliğ edən və onun xarici siyasət kursunun mahiyyətini izah edən media resursuna çevrilib.Newtimes.az portalının fəaliyyətini izləyən oxuculara məlumdur ki, beynəlxalq münasibətlərdə beynəlxalq hüququn böhranı, ədalət prinsipinin pozulması və ikili standartlar portalın proseslərə baxışının əsas xəttini təşkil edir. Şübhəsiz ki, bu ideya artıq daha geniş çərçivədə müzakirə olunmaqda və tərəfdar qazanmaqdadır. Bu gün dünya liderləri bəşəri dəyərlər, ideallar, insan hüquqları, demokratiya kimi terminlərdən getdikcə daha çox istifadə etsələr də, reallıq tamamilə başqadır. Qeyd olunan prinsiplər daha çox müasir dövr üçün geosiyasi maraqların reallaşdırılmasında bir vasitə və ayrı-ayrı dövlətlərə qarşı təzyiq aləti rolunu oynayırlar. Bu vəziyyətdən ən çox zərər görən isə hələ də beynəlxalq hüququ əsas fəaliyyət çərçivəsi hesab edən ayrı-ayrı kiçik dövlətlərdir.Bütün bunları nəzərə alaraq, Newtimes.az analitik-informasiya portalı onunla əməkdaşlıq edən azərbaycanlı və xarici mütəxəssislərin məqalələrindən ibarət yeni toplunu çap etməyə qərar verib.Ön söz və beş fəsildən ibarət olan “Üçüncü minillikdə geosiyasətin yeni üfüqləri” adlı kitabın I fəsli Azərbaycanın xarici siyasətinə, öz qonşuları ilə əlaqələrinə, bu ölkələrdə baş verən proseslərə həsr olunub. Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun “Azərbaycan diplomatiyası 25 ildə: riskli və mürəkkəb şəraitdə uğurun sirri” adlı məqaləsində Azərbaycanın xarici siyasətinin mahiyyəti və prinsipləri, diplomatiyamızın son 25 ildə keçdiyi yol, əldə olunmuş nailiyyətlər və bunun səbəbləri geniş şəkildə təhlil edilir.Fəsildə, həmçinin regiondakı uğurlu üçtərəfli əməkdaşlıq formatlarına, Rusiya, Türkiyə və İran kimi böyük təsirə malik ölkələrin qlobal proseslər kontekstində xarici siyasi gedişlərinə, Mərkəzi Asiya regionunda və Gürcüstanda baş verən proseslərə diqqət yetirilir.Müasir dövrdə baş verən gərginliklər fonunda geosiyasi mühitdəki mövcud və yeni trendlər II fəslin mövzusudur. Qlobal səviyyədə gedən prosesləri təhlil etmədən müasir beynəlxalq münasibətlər sistemini anlamaq çətindir. Burada məsələnin konseptual və praktiki cəhətləri, geosiyasi güclər arasında, xüsusən ABŞ-Rusiya-Çin üçbucağında münasibətlər və ziddiyyətlər araşdırılır.Toplunun III fəslində ideoloji təlatümlər içərisində olan Avropadakı mövcud vəziyyət nəzərdən keçirilir. Birləşmiş Krallığın Avropa İttifaqını tərk etmək qərarının, Yaxın Şərq və Şimali Afrikadan gələn miqrant axınının, sağçı ideologiyanın yüksəlişinin yaratdığı gərginlik fonunda Aİ-nin tamamən parçalanması riski, yeni inteqrasiya təklifləri təhlil olunur.IV fəsildə müasir dövrdə sürətlə yayılmaqda olan separatizm tendensiyasına diqqət yetirilir. Məqalələrdə separatizmin bütün təzahürlərinə vahid yanaşmanın tətbiqinin zəruriliyi vurğulanır. Böyük dövlətlərin Dağlıq Qarabağ münaqişəsinə fərqli münasibəti və təcavüzkar Ermənistana göstərilən dəstək tənqid olunur. Bu kimi addımların qlobal sülh və sabitlik üçün ciddi təhlükə yaratdığı və yekunda beynəlxalq münasibətlər sistemi üçün dağıdıcı təsirə malik olduğu fikri vurğulanır.Nəhayət, toplunun sonuncu V fəslində Cənubi Qafqazdakı mövcud tendensiyalar tədqiq olunur. Bu çərçivədə, bir tərəfdən həyata keçirdiyi layihələr və irəli sürdüyü təşəbbüslərlə sülh və əməkdaşlığa töhfə verən Azərbaycanın mövqeyinə, digər tərəfdən isə işğalçı mahiyyətinə uyğun olaraq reallıqları təhrif edən və vassal statusunda olan Ermənistanın xarici siyasətinin regiona təsiri nəzərdən keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışının əsas tezisləri proseslərin aydınlaşdırılması baxımından olduqca faydalıdır. Həmçinin, Ermənistan daxilindəki ağır siyasi, iqtisadi və sosial vəziyyətə, xüsusən Rusiyaya qarşı yaranmış narazılığa diqqət yetirilir.Qeyd etmək lazımdır ki, “Üçüncü minillikdə geosiyasətin yeni üfüqləri” məqalələr toplusu “Şərq-Qərb” nəşriyyatı tərəfindən nəfis poliqrafik tərtibatla çap edilib.

sia.az

Digər xəbərlər