Siyasət

  • 5 154

Azərbaycan beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirir

image

İlham Əliyev: “Bugünkü reallıqlar, bölgələrimizin çiçəklənməsi, bütün şəhərlərimizdə gedən quruculuq-abadlıq işləri göstərir ki, biz düzgün yoldayıq”
Davamlı və dinamik inkişafı, spesifik milli inkişaf modeli ilə tanınan Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayesinin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində böyük nailiyyətlər əldə edib. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində, ölkəmiz getdikcə daha da yeniləşir, iqtisadi islahatları reallaşdıran və innovativ inkişafa yol açan dövlətə çevrilir. Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik İndeksinə əsasən, Azərbaycanın öz mövqeyini möhkəmləndirərək, 37-ci yerdən 35-ci yerə yüksəlməsi və bu göstəriciyə görə bir sıra inkişaf etmiş ölkələri üstələyərək, MDB məkanında şəriksiz liderə çevrilməsi inkişafımızın daha bir göstəricisidir.
Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin nəticəsində, ölkəmizin qeyri-neft sənayesi də dinamik inkişaf edir, qabaqcıl texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələri yaradılır. Hazırda bu istiqamətdə aparılan işlər ölkənin bütün regionlarında uğurla davam etdirilir. Ölkənin iqtisadi inkişafının baza sütunlarından biri olan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası bütün mövcud problemləri, insanları narahat edən sosial məsələləri əhatə edərək, ölkəmizin dinamik inkişafını təmin etməklə yanaşı, bölgələrin potensialının artmasına və əhalinin rifahının yüksəlməsinə geniş şərait yaradıb.
Dövlət proqramlarının icrası istiqamətində görülən işlər nəticəsində, ölkənin hər yerində genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib, ölkənin siması tamamilə dəyişib, Cənab İlham Əliyevin vurğuladığı kimi əsas məqsədimiz Azərbaycanın inkişafını daha da sürətləndirməkdir, dayanıqlı, uzunmüddətli inkişafa nail olmaqdır və biz buna nail ola bilmişik: ”Bugünkü reallıqlar, bölgələrimizin çiçəklənməsi, bütün şəhərlərimizdə gedən quruculuq-abadlıq işləri göstərir ki, biz düzgün yoldayıq”.
Bütün bunlar ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı, eləcə də, mövcud çağırışların tələblərinə uyğun çevik iqtisadi islahat tədbirləri sayəsində mümkün olub. Son on dörd il ərzində iqtisadi göstəricilər ümumi inkişafın uğurlu dinamikasını əyani şəkildə göstərir. “İqtisadiyyat 14 il ərzində 3,2 dəfə artmışdır”- deyən Cənab Prezident qeyri-neft iqtisadiyyatımızın 2,8 dəfə artdığını qeyd edib: “Bu, onu göstərir ki, bizim iqtisadi inkişafımız, sadəcə olaraq, neftin və qazın istehsalı ilə bağlı deyil. Bizim iqtisadi inkişafımız çoxşaxəlidir. Ona görə qeyri-neft sektorunun 2,8 dəfə artması aparılan islahatların nəticəsidir. Sənaye sahəsində 2,6 dəfə artım var, kənd təsərrüfatında 1,7 dəfə. Qeyri-neft ixracımız 4,1 dəfə artmışdır”.
“BİZ CİDDİ İSLAHATLAR HƏYATA KEÇİRMƏYƏ BAŞLADIQ VƏ ONLAR ARTIQ YAXŞI NƏTİCƏ VERİR”
Qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər kənd təsərrüfatı sahələrinin inkişafında da mühüm nəticələrin əldə olunmasına gətirib çıxarıb. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində, ölkə iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində mühüm işlər görülür. Azərbaycan Prezidentinin sərəncamları ilə, ölkənin sosial-mədəni və iqtisadi sahələrində olduğu kimi, kənd təsərrüfatının inkişafına dair qəbul olunmuş dövlət proqramları, müvafiq qanunvericilik aktları ölkə ərazisində olan torpaq ehtiyatlarında səmərəli şəkildə istifadə üçün geniş imkanlar açıb. “Biz ciddi islahatlar həyata keçirməyə başladıq və onlar artıq yaxşı nəticə verir. Ötən il iqtisadiyyatımızın qeyri-neft sektoru təqribən 3 faiz və qeyri-neft sənayemiz 4 faiz artmışdır”, - deyən Azərbaycan Prezidenti artıq şaxələndirmə prosesinin başlandığını və bizim bu prosesi səngitmək niyyətimiz olmadığını diqqətə çatdırıb.

“MALİYYƏ VƏZİYYƏTİMİZ ÇOX SABİTDİR, MÜSBƏTDİR”
Bu gün ölkəmizdə pambıqçılıq, tütünçülük, çayçılıq və s. inkişafın yeni bir dövrünü yaşayır. Ölkə başçısının kənd təsərüffatının ayrı-ayrı sahələrin inkişafı ilə bağlı imzaladığı məlum sərəncamları bu sahələrdə artıq göstəricilərin yüksək səviyyədə olduğunu ifadə edir. Pambıqçılığın inkişafı rekord templərlə gedir. Cənab Prezident “2015-ci il ilə 2017-ci ili müqayisə etsək, görərik ki, 2015-ci ildə 35 min ton, 2017-ci ildə isə 207 min ton pambıq tədarük edilib” - deyərək, pambıqçılıqla məşğul olan zəhmətkeşlərin sayının da 200 minə çatdığını bildirib. Bu isə, məşğulluq deməkdir: “Hər gün bu insanlar halal zəhmətlə pul qazanıb, evlərinə aparırlar. Ona görə mən bir daha demək istəyirəm ki, pambıqçılığın inkişafının çox böyük sosial tutumu var. Əlbəttə, bu, ixrac üçün də çox gəlirli bir sahədir. Bu il də biz pambıqçılıqla çox ciddi məşğul olmalıyıq”.
Bir çox kənd təsərüffatı sahələri kimi, Azərbaycanda baramaçılıq da sürətlə inkişaf edir. Əgər 2015-ci ildə 236 kiloqram barama tədarük olunmuşdusa, 2016-cı ildə bu rəqəm 244 ton olub. Bu sahənin inkişafı üçün Şəki İpək Kombinatı daha böyük güclə işləyəcək ki, bu da yaxın illərdə böyük göstəricilərin əldə olunması ilə nəticələnəcəkdir. Demək olar ki, bütün sahələrdə inkişaf nəzərəçarpacaq dərəcədədir. Fındıqçılıq sürətlə inkişaf edir və 2016-2017-ci illərdə 30 minə yaxın hektarda yeni fındıq bağları salınıb. Tütünçülükdə isə 2016-cı ildə 3 min 500 ton, 2017-ci ildə isə 5 min 200 ton quru tütün tədarük edilibdir. Bütün bu və ya digər amillər Azərbaycan iqtisadiyyatının yaxın zamanda daha da artacağından xəbər verir.
Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi ölkəmizin seçdiyi yolun düzgün olduğunu təsdiqləyir. “Maliyyə vəziyyətimiz çox sabitdir, müsbətdir” - deyən Cənab İlham Əliyev Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və beynəlxalq reytinq agentliklərinin bizdə aparılan islahatları yüksək qiymətləndirdiklərini bildirib.
Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər