BMT-nin Cenevrədəki bölməsində Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq nəqliyyat layihələri müzakirə edilib

BMT-nin Cenevrədəki bölməsində BMT-nin Avropa Regional Komissiyası (UNECE) və BMT-nin Cenevrə bölməsi yanında Türkmənistanın daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Müxtəlif nəqliyyat növləri ilə həyata keçirilən daşımalar və tarixi nəqliyyat marşrutlarının rolu: Böyük İpək Yolu” mövzusunda təbdir keçirilib.

UNECE-nin Daxili Nəqliyyat Komitəsinin 80-ci sessiyası çərçivəsində təşkil edilən tədbirin açılışında BMT Baş katibinin yol təhlükəsizliyi məsələləri üzrə xüsusi nümayəndəsi Jan Todt, UNECE-nin icraçı katibinin müavini Andrey Vasilyev, Beynəlxalq Avtomobil Nəqliyyatı Birliyinin baş katibi Umberto De Pretto, Dəmir Yolları Əməkdaşlıq Təşkilatının (DYƏT) komitə sədri Tadeuş Şozda çıxış ediblər. Sonra Azərbaycan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkiyə və Türkmənistanın Cenevrədəki daimi nümayəndələri nəqliyyat marşrutlarının gələcək perspektivlərinə dair təqdimatlarla çıxış ediblər.
Azərbaycanın BMT yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov çıxışında Türkmənistanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş “Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bütün nəqliyyat növləri arasındakı əlaqələrin gücləndirilməsi” adlı qətnamənin vacibliyindən danışaraq vurğulayıb ki, Azərbaycanın yerləşdiyi Böyük İpək Yolu yalnız ticarət dövriyyəsi üçün deyil, həmçinin mədəniyyətlər arasında əlaqələrin qurulması üçün bir platforma olub. Səfir qeyd edib ki, strateji beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən və güclü tranzit potensialına malik olan müasir Azərbaycan rəqabət qabiliyyətli nəqliyyat imkanlarını təklif edən trans-regional ticarətin mərkəzinə çevrilib.
Bu xüsusda, Avropa və Asiya ölkələri arasında intermodal daşımaların həcminin artırılmasına səbəb olan ölkəmizdə həyata keçirilən bir sıra strateji infrastruktur layihələri haqqında tədbir iştirakçılarına məlumat verilib. Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRACECA), Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft kəmərləri, TANAP və TAP qaz kəmərləri, Bakı-Tiflis-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi kimi mühüm layihələr barəsində geniş danışılıb, siyasi, iqtisadi və təhlükəsizlik sahələrində Şimal-Cənub və Qərb-Şərq əməkdaşlığının möhkəmlənməsində bu layihələrin mühüm rolu vurğulanıb.
Sonda səfir V.Sadıqov bildirib ki, Azərbaycan qeyd olunan qətnamənin həmmüəllifi olaraq, qlobal və regional ticarətdə payını artırmaq və logistika və nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq üçün daha çox resurslar cəlb etməyə davam edəcək və bununla da ölkəmiz Xəzər regionunda və onun ətrafında davamlı iqtisadi inkişaf üçün şərait yaratmış olacaq.

yap.org.az