Yeni Azərbaycan Partiyası imzatoplama kampaniyasını uğurla yekunlaşdırdı

Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin müdafiəsi üçün partiyanın yerli strukturları tərəfindən mütəşəkkil surətdə həyata keçirilmiş imzatoplama kampaniyası uğurla başa çatdı.

Seçki Məcəlləsinin tələbinə müvafiq olaraq, prezidentliyə namizədin müdafiəsi üçün tələb olunan 40 mindən az olmayan sayda seçici imzası 60-dan az olamayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza olmaq şərtilə toplanmalıdır. Yeni Azərbaycan Partiyası İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin müdafiəsi üçün mövcud 125 dairənin hər birinin ərazisində imzatoplama aksiyası keçirmiş və kampaniyanı uğurla başa çatdırmışdır. İcra Katibliyində toplanmış imzalarla bağlı bir daha dəqiqləşdirmələr aparıldıqdan sonra sənədlər toplusu Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəkdir.
Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının 2018-ci il fevral ayının 8-də VI Qurultayı keçirilmişdir. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edilmişdir. Fevralın 14-də Mərkəzi Seçki Komissiyasının iclasında 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyevin namizədliyinin irəli sürülməsi təsdiq edilmişdir.

yap.org.az