Elçin Mirzəbəyli: “Seçkilərin şəffaf şəkildə keçirilməsi üçün zəmin var” AÇIQLAMA

“Mən hazırda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının səlahiyyətli nümayəndəsiyəm. İmzatoplama kampaniyasında prosesə maneə ola biləcək hər hansı problemlə qarşılaşmadıq”. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib.Onun sözlərinə görə, buu gün də eyni qaydada Seçkilər Məcəlləsinə uyğun olaraq normal proses davam etdirilir: “Hesab edirəm ki, seçkilərin şəffaf şəkildə keçirilməsi üçün zəmin var və heç bir problem yoxdur”.Partiyanın səlahiyyətli nümayəndəsi seçki prosesinə kölgə salmağa çalışan bəzi beynəlxalq təşkilatlara iradını tutub: “Azərbaycana qarşı mütəmadi olaraq belə addımlar atılır. Xüsusilə də önəmli siyasi tədbirlər ərəfəsində bu özünün daha qabarıq göstərir. Bu da ənənəvi qaydada ölkəmizə qarşı aqressiv mövqedə dayanan bəzi xarici dairələrin və ermənipərəst qüvvələrin məqsədyönlü şəkildə yürütdüyü siyasətdir. Bu yanaşmanın da şübhəsiz ki, proseslərə təsir göstərməyəcəyini düşünürəm. Artıq bir sıra beynəlxalq müşahidəçilər Azərbaycanda seçkiləri izləmək üçün ölkəmizə səfər edib. Bu aspektdən də düşünürəm ki, Azərbaycana qarşı aparılan bu qarayaxma kampaniyasına ən tutarlı cavab seçkilərin tamamilə sadiq bir şəraitdə şəffaf keçirilməsidir. Qənaətimcə, ölkəmizdə olan beynəlxalq müşahidə missiyaları da bu seçkilər barədə öz müsbət rəylərini bildirəcəklər”.

sia.az.