Siyasət

  • 4 862

"Kaspi" müsabiqə qaliblərini mükafatlandırıb

image

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və "Kaspi" qəzetinin 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanım jurnalistlər arasında "Azərbaycanın maarifçi qadınları" mövzusunda keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb. SİA-nın məlumatına görə, mükafatlandırma mərasimində "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetinin təsisçisi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı iştirak ediblər.Bilik Fondunun icraçı direktoru Oktay Səmədov əsrlər boyu Azərbaycan qadınının cəmiyyətimizin mənəvi dəyərlərinin formalaşmasında və inkişafında rolundan bəhs edərək bütün xanımları 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib: "İlk dəfə xanım jurnalistləri arasında keçirilən müsabiqəyə ötən il dekabrın 8-də elan olunub və fevralın 8- də yekun vurulub. Bu müddət ərzində Təşkilat Komitəsinə 26 yazı daxil edilib. Yazılarda Azərbaycanın tanınmış maarifçi xanımlarının həyat yolu və fəaliyyəti geniş işıqlandırılıb. Yazıların hər biri ilə yaxından tanış oldum. Müsabiqənin nəticəsi olaraq dərc olunan toplu gələcək araşdırmaçılar üçün mənbə rolunu oynayacaq. Onu da qeyd edim ki, Azərbaycan xanımının artıq səsi yüksək tribunalardan gəlir. Xanımlarımız dəyərlərimizi qoruyub saxlayır. Müsabiqədə qalib olan hər kəsi təbrik edirəm"."Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva müsabiqədə iştirak edən xanım jurnalistlərə minnətdarlığını bildirərək qeyd edib ki, onların yazıları həm keçmiş, həm indi, həm də gələcək nəsillər arasında maarifləndirmə körpüsüdür: "8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edirəm. Onu qeyd edim ki, müsabiqəyə qatılan hər bir xanım jurnalist qalibdir. Xanımlara həs olunmuş bu müsabiqə bizim üçün vacibdir. Xüsusi ilə qeyd edim ki, hazırda Azərbaycan xanımının söz azadlığı var və xanımlarımız öndədir".Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan xanımlarının ictimai-siyasi həyatda rollarının böyük olduğunu diqqətə çatdırıb: "Elmin inkişafında, övladlarımızın böyüməsində bir çox məqamlarda qadınlarımızın əməyi danılmaz faktdır. Azərbaycan jurnalistkasının 60% xanımlarımız təşkil edir. Biz şərqdə qadına səsvermə hüququ verən ilk ölkə olmuşuq. Qadınların intellektual müstəvidə geniş fəaliyyəti bizim tarixi kökümüzə bağlı məsələdir. Bunun üçün Azərbaycan qadınlarının azadlığını qorumalıyıq".Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli layihə haqda danışıb: "Bu layihənin həyata keçməsi təqdirə layiqdir. Belə bir layihə hələ gerçəkləşməmişdi. Amma çox təəssüf edirəm ki, müsabiqədə 26 jurnalist xanım iştirak edib. Xanımlarımıza yaradıcılıq işlərində uğurlar arzu edirəm".Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və Əməkdar jurnalist, şairə, publisist Telli Pənahqızı Azərbaycan maarifçi xanımlarının cəmiyyətdəki danılmaz rolunun daha geniş işıqlandırılmasının vacibliyini vurğulayıblar. Bildirilib ki, belə müsabiqələrin mütəmadi keçirilməsi maarifçi qadınlarımızın fəaliyyətinə işıq saçır."Azərbaycanın maarifçi qadınlar" toplusunda akademik Zərifə Əliyeva, şərqşünas alim Aida İmanquliyeva, Pəri Topçubaşova, Hənifə Məlikova, Şəfiqə Əfəndizadə, Sara Aşurbəyli, Sona Tağıyeva, Məryəm Bayramlibəyova və digər tanınmış xanımlar barəsində maraqlı yazılar əksini tapıb. Yazılardan ibarət toplu Bilik Fondu tərəfindən nəşr olunub.

sia.az

Digər xəbərlər