Siyasət

  • 4 128

Bakıda VI Qlobal Bakı Forumu öz işinə başlayıb

image

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VI Qlobal Bakı Forumu bir sıra ölkələrin indiki və keçmiş prezidentləri, baş nazirləri və xarici işlər nazirlərinin, eləcə də nüfuzlu ictimai-siyasi xadimlərin iştirakı öz işinə başlayıb.SİA-nın verdiyi məlumata görə, forumun işində Albaniya Prezidenti Ilir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlut Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovina hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall da daxil olmaqla 10-dan çox ölkənin prezidenti, baş naziri və xarici işlər nazirləri iştirak edəcək. Eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq ölkə və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərin, alimlərin də daxil olduğu 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur.Forumun açılışında İtaliya Prezidenti Sercio Matarellanın, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Tereza Meyin, BMT Baş katibi Antonio Quterreşin müraciətləri oxunacaq. “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusuna həsr olunan Forumda Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda mövcud geosiyasi vəziyyət, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolu və digər mövzular müzakirə ediləcək. Forum çərçivəsində keçiriləcək panel iclaslarda Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı planlaşdırılır.Üç gün davam edəcək Forum martın 17-də işini yekunlaşdıracaq. Forum çərçivəsində martın 18-19-da isə 7-ci Beynəlxalq Kitab Sammiti təşkil olunacaq. ABŞ Konqres Kitabxanası və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə keçirilən sammitdə milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzusu müzakirə olunacaq. Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, Makedoniya Prezidenti, ABŞ Konqresinin Kitabxanasının, İnternet Arxivinin nümayəndələri, Çin, Bolqarıstan, Latviya, Azərbaycan, Misir, Mərakeş və digər ölkələrin milli kitabxanalarının rəhbərləri, ziyalılar iştirak edəcək.

sia.az.

Digər xəbərlər