VI Qlobal Bakı Forumu işini panel iclası ilə davam etdirir

Azərbaycan paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumu martın 15-də açılış mərasimindən sonra işini panel iclasları ilə davam etdirib.

Forumun birinci panel iclası “Güc anlayışı: böyük güclər və digərləri” mövzusuna həsr olunub.
İclasın moderatoru, Serbiya Respublikasının sabiq prezidenti Boris Tadiç qloballaşma dövründə regionda və dünyada yaşanan problemlərdən danışıb, bu münaqişələrin yaranmasında və onların həlli prosesində güc amilinin roluna nəzər yetirib.
İclasın əsas məruzəçisi olan Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım çıxışında Forumda qlobal məsələlərin müzakirə olunduğunu, dünyada baş verən problemlərin həlli yolları barədə ətraflı və səmərəli fikir mübadiləsinin aparıldığını bildirib. Binəli Yıldırım qeyd edib ki, türk-İslam mədəniyyətinin zirvələrindən sayılan Nizami Gəncəvi yaradıcılığında insan və humanitar məsələlərə geniş yer ayırıb. O, Nizami Gəncəvinin və türk dünyasının digər görkəmli alim və mütəfəkkirlərinin ideya və dəyərlərinin, onların yaradıcılığının geniş təbliğ edilməsinin vacibliyini bildirərək, hazırkı dövrdə buna böyük ehtiyac olduğunu diqqətə çatdırıb.
Türkiyənin Baş naziri deyib ki, qloballaşmanın təqdim etdiyi imkanlar barədə çox danışılır, lakin onun gətirdiyi problemlər və bunun üçün tələb olunan vəsaitlər barədə isə çox az söhbət açılır. Müasir texnologiyalar, İKT həyatımızı asanlaşdırdığı kimi, müxtəlif problemlərin də yaranmasına səbəb olur. Terrorizm, kiberhücumlar və s. problemlər artıq bütün dünyanı təhdid edən ciddi təhlükələrdir. Heç bir ölkə bu təhdidlərdən sığortalanmadığı kimi, ona qarşı da təkbaşına mübarizə apara bilməz. Buna görə də dünya ölkələri bu təhdidlərə qarşı birlikdə mübarizə aparmalıdırlar.
Türkiyənin Baş naziri bu baxımdan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, Myanmada Rohingya müsəlmanlarının etnik təmizləmə siyasətinə məruz qalmasının, Suriya və İraq böhranlarının bütün dünyanın ortaq problemləri olduğunu və bu münaqişələrin tezliklə həll edilməsinin vacibliyini diqqətə çatdırıb. Baş nazir Binəli Yıldırım bütün bu problemlərin həll edilməsi üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin, BMT-də islahatların aparılmasının önəmini qeyd edib.
Çıxışında Azərbaycanın və Türkiyənin birlikdə regional və beynəlxalq əməkdaşlığa böyük töhfələr verdiklərini bildirən Binəli Yıldırım bu baxımdan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, TANAP və digər layihələrin əhəmiyyətini xüsusi vurğulayıb.
Türkiyənin dünyada sülhün və əməkdaşlığın inkişafı, terrorizmə qarşı mübarizə sahələrində fəal iştirak etdiyini deyən Baş nazir Binəli Yıldırım ölkəsinin 4 milyona yaxın suriyalı qaçqını məskunlaşdırdığını bildirib, Türkiyənin İŞİD-ə, eləcə də Afrin əməliyyatında PKK, PYD/YPG terror qruplaşmalarına qarşı uğurlu antiterror əməliyyatlarından danışıb.
Panel iclası müzakirələrlə davam edib.

yap.org.az