Siyasət

  • 2 180

Azərbaycan və Türkiyəni tarixi qardaşlıq əlaqələri birləşdirir

image

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyənin Baş naziri Binəli Yıldırım ilə görüşüb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 15-də Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Baş naziri Binəli Yıldırıma Bakı Forumunda məzmunlu çıxışına görə minnətdarlıq edən Azərbaycanın Birinci vitse-prezidenti ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin nümunəvi olduğunu, Azərbaycanda bu münasibətlərə böyük hörmətlə yanaşıldığını bildirdi. Azərbaycan və Türkiyənin bir-birini beynəlxalq qurumlarda dəstəklədiyini qeyd edən Mehriban Əliyeva Azərbaycan xalqının və dövlətinin bu dəstəyi hər zaman duyduğunu və yüksək qiymətləndirdiyini vurğuladı. Birinci vitse-prezident hər iki ölkənin təşəbbüsü və dəstəyi ilə reallaşdırılan irimiqyaslı layihələrin həm region, həm də Avropa üçün önəmini diqqətə çatdırdı. Bildirdi ki, bu layihələrin uğurunun təməlində dostluq və qardaşlıq münasibətləri dayanır. “Ölkələrimiz arasında bir çox sahələrdə uğurlu əlaqələr qurulub. Bu əlaqələr gündən-günə möhkəmlənir”, - deyən Mehriban Əliyeva qeyd etdi ki, birgə fəaliyyətimiz gələcəkdə də öz bəhrəsini verəcək. Azərbaycanın Birinci vitse-prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin ölkəmizin ədalətli mövqeyini müdafiə etməsinə və dünya ictimaiyyətinə çatdırmasına görə minnətdarlığını bildirdi. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları və prinsipləri əsasında tezliklə həll olunacağına əminliyini ifadə etdi. Mehriban Əliyeva Azərbaycan və Türkiyə xalqları arasında dostluq münasibətlərinə heç nəyin xələl gətirə bilməyəcəyini vurğuladı.
Türkiyənin Baş naziri VI Qlobal Bakı Forumuna dəvətə görə təşəkkürünü bildirərək Azərbaycanın Türkiyə üçün qardaş və dost ölkə olduğunu bildirdi. “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, - deyən Binəli Yıldırım qardaşlıq münasibətlərinin ildən-ilə daha da möhkəmləndiyini vurğuladı. Bildirdi ki, reallaşdırılan irimiqyaslı enerji və nəqliyyat layihələri həm iqtisadi gücümüzü artırır, həm də ölkələrin bir-birinə yaxınlaşmasına xidmət edir. Binəli Yıldırım qarşılıqlı sərmayə qoyuluşlarının önəmini vurğuladı, iş adamlarının fəaliyyətini yüksək qiymətləndirdi. Türkiyənin Baş naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini bütün beynəlxalq qurumlarda hər zaman dəstəkləyəcəklərini söylədi.

Digər xəbərlər