Siyasət

  • 4 574

“Multikulturalizm Azərbaycanda dövlət siyasətidir, bizim həyat tərzimizdir”

image

Azərbaycan Prezidenti İlham Əliyev VI Qlobal Bakı Forumunun açılışında iştirak edib
Martın 15-də Azərbaycanın paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.
Forumda, həmçinin Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstinin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovinanın hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall iştirak ediblər.
Əvvəlcə birgə foto çəkdirildi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Prezident İlham Əliyevə bu Foruma ev sahibliyi etdiyinə görə təşəkkürünü bildirib:
- Zati-aliləri, xanımlar və cənablar.
Mənim adım İsmayıl Serageldindir. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədriyəm. VI Qlobal Bakı Forumunun açılış mərasimində sizi salamlamaq mənim üçün böyük şərəfdir.
Xanımlar və cənablar. Bütün dünyanın ən yaxşılarının ictimai maraqlara əsaslanan səmimiyyət və açıqlıqla dövrümüzün əsas məsələlərini müzakirə etmək üçün bir araya gəlməsi ənənəyə çevrilib. Bütün bunları mümkün edən və müzakirələrimizdə bizə yol göstərən şəxsi - Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi dəvət etməklə bu tədbiri açmaq mənim üçün böyük şərəfdir.
Dövlətimizin başçısı VI Qlobal Bakı Forumunun açılışında nitq söyləyib. Azərbaycan Prezidenti İlham Əliyev öz nitqində bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi kifayət qədər qısa müddət ərzində çox böyük nüfuza, çox yüksək iş göstəricilərinə malik qlobal beynəlxalq təsisata çevrilib. Bakı Qlobal Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüslərindən biridir:
“Əvvəlcə mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinə - xanım Vayra Vike-Freyberqaya və cənab İsmayıl Serageldinə bu təşkilatı ən mühüm beynəlxalq mərkəzlərdən birinə çevirmək üçün verdikləri böyük töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm. Bu Mərkəz artıq altıncı dəfədir ki, Qlobal Bakı Forumunu təşkil edir. Forum qlobal gündəlikdə duran məsələlərin müzakirəsi məqsədilə kifayət qədər qısa müddət ərzində dünya platformalarından birinə çevrilib.
Qonaqlarımız arasında, artıq qeyd etdiyim kimi, 50-dən çox ölkənin nümayəndəsi var. Qonaqların sayı 450-dən çoxdur. Onların sırasında 47 hazırkı və keçmiş dövlət və hökumət başçıları var. Daha sonra tanınmış siyasətçilər, dövlət xadimləri, alimlər, vətəndaş cəmiyyətinin təmsilçiləri var. Əminəm ki, Forumun gedişi zamanı beynəlxalq münasibətlərin gündəliyində olan ən mühüm məsələləri müzakirə edəcəyik. Həmçinin inanıram ki, dünyada təhlükəsizliyin, sabitliyin, proqnozlaşdırmanın və əməkdaşlığın təmin edilməsi üçün mühüm tövsiyələr də olacaq.
Azərbaycan artıq bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Onların arasında Baku Beynəlxalq Humanitar Forumunu, mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu, Dünya Dini Liderlərinin Forumunu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu qeyd etmək olar. Daha sonra - 2015-ci ildə ilk Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bütün bu tədbirlər əməkdaşlığa xidmət edir, körpülər salır, müxtəlif ölkələrin və dinlərin təmsilçiləri, fərqli fikirli insanlar arasında daha böyük anlaşmanı təmin edir.
Bu il biz “Bakı Prosesi”nin onuncu ildönümünü qeyd edəcəyik. BMT hazırda bu prosesi tam dəstəkləyir. O, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri arasında əməkdaşlıq üçün nadir bir platformadır. Azərbaycan hər iki təşkilatın üzvüdür və onların mədəniyyət nazirlərinin 2008-ci ildə Bakıda toplantısını keçirmək təşəbbüsü ilə çıxış etmişdir. Bu proses davam edir. Hazırda “Bakı Prosesi” beynəlxalq təşkilatlar və bütövlükdə xalqlar arasında daha yaxşı anlaşma üçün genişmiqyaslı fəaliyyətə əsaslanır.
Artıq qeyd etdiyim kimi, bütün səylərimiz təhlükəsizliyin, sabitliyin və proqnozlaşdırmanın, eləcə də xalqlar arasında sülh şəraitində birgə yaşamanın və anlaşmanın möhkəmləndirilməsinə yönəlib. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir, bizim həyat tərzimizdir. Biz çoxmillətli, çoxkonfessiyalı cəmiyyətimizdən fərəhlənirik. Bütün dinlərin və etnik qrupların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Hesab edirəm ki, bu, indiki dünyada böyük zənginlikdir. Biz, həmçinin öz təcrübəmizi bölüşmək istərdik. Fikrimcə, müasir Azərbaycanın bugünkü inkişafı bunun yeganə düzgün siyasət olduğunu göstərir.”
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan ərazimizin demək olar ki, 20 faizini işğal etmiş qonşu Ermənistanın təcavüzündən əziyyət çəkir. O qeyd edib ki, Ermənistan beynəlxalq hüququn normalarını kobud surətdə pozur, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb və bunun nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan hərbi cinayətlər, o cümlədən Xocalı soyqırımını törədib. Həmin soyqırımı hazırda 10-dan artıq ölkə tərəfindən tanınıb:
“Bu soyqırımı nəticəsində 613 dinc, günahsız vətəndaş qətlə yetirilib. Onların arasında 106 qadın, 63 uşaq var idi. Mindən artıq şəxs itkin düşüb. Bu, insanlığa qarşı cinayətdir və Azərbaycana qarşı təcavüzün bir hissəsi olmuşdur. Dağlıq Qarabağ bizim əzəli torpağımızdır. Əsrlər boyu azərbaycanlılar həmin ərazilərdə yaşayıb, yaratmışlar. Hazırda işğal olunmuş ərazilərimizdə hər şey dağıdılıb, tarixi binalarımız, abidələr, qəbiristanlıqlar, dini abidələr yerlə-yeksan edilib. Bunlar ATƏT-nin iki faktaraşdırıcı missiyası tərəfindən işğal olunmuş ərazilərdə qeydə alınıb. Bu, eyni zamanda, mədəni irsimizə qarşı soyqırımıdır. Münaqişənin həlli beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmalıdır. 1990-cı illərin əvvəlində Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edilmişdir. Əfsuslar olsun ki, bu qətnamələr icra edilməyib. Ermənistana heç bir sanksiya tətbiq olunmayıb. Bu, o ölkədir ki, iyirmi ildən çoxdur BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmaqda davam edir. ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, Qoşulmama Hərəkatı kimi digər beynəlxalq təşkilatlar oxşar qətnamələr qəbul ediblər. Beləliklə, tarixi həqiqət, beynəlxalq hüquq bizim tərəfimizdədir. Münaqişənin hələ də həll olunmamasının yeganə səbəbi ondan ibarətdir ki, Ermənistan işğal etdiyi ərazilərdən çıxmaq istəmir. Nəinki Dağlıq Qarabağ, həmçinin onun ətrafındakı 7 rayon hazırda işğal altındadır. Orada bütün Azərbaycan əhalisi etnik təmizləməyə məruz qalmışdır.
Status-kvo qəbul edilməzdir, davam edə bilməz. Bu, bizim yox, dünyanın aparıcı dövlətlərinin, xüsusən də münaqişənin həllində ATƏT-in vasitəçi mandatına malik olan ölkələrin - Amerika Birləşmiş Ştatlarının, Fransanın və Rusiyanın mövqeyidir. Bu ölkələrin prezidentləri dəfələrlə açıq şəkildə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir və dəyişilməlidir. Status-kvonu dəyişmək üçün Ermənistanın işğalçı qüvvələri zəbt olunmuş ərazilərdən dərhal çıxmağa başlamalıdırlar və Azərbaycan əhalisinə öz doğma yurdlarına qayıtmaq imkanı yaradılmalıdır. Bu münaqişə müasir tarixdə nəinki ən böyük ədalətsizlikdir, o cümlədən bizim o qədər də sabit olmayan regionumuzda daimi təhlükə və qeyri-sabitlik mənbəyidir. Buna görə də beynəlxalq hüququn prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı əsasında münaqişənin mümkün qədər tez həlli təmin edilməlidir. Bundan sonra regionumuzda sülh bərqərar ola bilər.
Münaqişəyə baxmayaraq, Azərbaycan inkişaf etməkdə davam edir. İqtisadi və sosial inkişafımız rəqəmlərdə, vətəndaşlarımızın bugünkü həyat tərzində, şəhərlərimizin simasında əks olunur. Biz insan kapitalına böyük həcmdə sərmayə yatırmışıq. Yeri gəlmişkən, hazırda Bakı “Ekspo 2025” üçün namizədliyini irəli sürmüş üç şəhərdən biridir. Namizədliyimizin gündəliyi insan kapitalı ilə bağlıdır. Biz bu məsələyə diqqət yetiririk və açıq bəyan etmişik ki, siyasətimizin mərkəzində məhz Azərbaycan xalqı dayanır.”
Prezident diqqətə çatdırıb ki, son 15 il ərzində yoxsulluğun və işsizliyin azaldılması üçün çox işlər görülüb: “Hazırda bu iki göstərici təxminən 5 faiz səviyyəsindədir. Hesab edirəm ki, bu, hökumətimizin ən böyük nailiyyətlərindən biridir, çünki 1990-cı illərin əvvəlində olan çətin dövr hamımızın xatirindədir. Ölkəmizdə ciddi iqtisadi və sosial problemlər yaşanırdı. Hazırda Azərbaycan yoxsulluğun və işsizliyin səviyyəsinin az olmasına görə dünyada ən öncül ölkələr sırasındadır. Biz təhsilə, səhiyyə sahəsinə böyük yatırımlar etmişik. Son 15 il ərzində 3100-dən artıq məktəb, 600-dən çox xəstəxana tikilmişdir.
Azərbaycanda əhali ödənişsiz illik tibbi müayinədən keçir. Hər il 5 milyondan artıq insan bu imkana malikdir. Bu, həmçinin sosial siyasətimizdir. O, bizim mövqeyimizə, inkişaf edən iqtisadiyyata əsaslanır, çünki istək və siyasət kifayət deyil. Siz bu xidmətləri göstərmək üçün imkanlara malik olmalısınız. Bu səbəbdən, əvvəlki illərdə nəinki əhalinin tələbatına cavab vermək, o cümlədən siyasi müstəqilliyimizi gücləndirmək üçün biz diqqəti iqtisadi müstəqilliyin təmin edilməsinə yönəltdik. Aydındır ki, ölkə iqtisadi baxımdan asılı vəziyyətdə olduqda, müstəqil xarici siyasəti yürütmək imkanları məhdud olur. Bizə gəldikdə, sürətli iqtisadi artım, müstəqil xarici siyasət Azərbaycan xalqının maraqlarına, universal dəyərlərə əsaslanan siyasət yürütmək imkanı yaratdı.
Son 15 il ərzində iqtisadi artım üç dəfədən çox olub. Dəqiq desək, iqtisadiyyat 3,2 dəfə artıb. Fikrimcə, bu, bir növ dünya rekordudur. İslahatlarımız Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, digər aparıcı beynəlxalq maliyyə təsisatları tərəfindən yüksək dəyərləndirilir. Davos Dünya İqtisadi Forumu Azərbaycanı qlobal rəqabətədavamlılıq baxımından 35-ci yerdə qərarlaşdırdı. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir - biz iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə dünyanın 35 ən qabaqcıl ölkəsi sırasındayıq. Xatırlasaq ki, biz yalnız 26 ildir müstəqilik, bu, həqiqətən də böyük nailiyyətdir. Davos Forumunun digər qiymətləndirməsi İnklüziv İnkişaf İndeksinə aiddir ki, burada da Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasında üçüncü yerdədir. Yəni, bizdən öndə yalnız dünyanın 30 inkişaf etmiş ölkəsi və 2 inkişaf etməkdə olan dövləti yer alır. Bu, aparıcı beynəlxalq siyasi və maliyyə institutlarının bizim islahatlarla bağlı qiymətləndirməsidir. Bizim islahatlar yaxşı nəticələr verir. Həmin islahatlar sayəsində ölkəmiz adambaşına düşən birbaşa xarici investisiyaların həcminə görə dünyada aparıcı dövlətlərdən biridir. Son 15 ildə ölkəmizə yatırılan sərmayənin həcmi 230 milyard dollara bərabər olub və bu vəsaitin yarısını xarici, yarısını isə daxili investisiyalar təşkil edib. Bir sözlə, Azərbaycan iqtisadi siyasətinin uğurlu olduğunu artıq sübut edib və təbii ki, bu, bizə yalnız ölkə daxilində deyil, həmçinin regionda da sərmayə yatırmağa imkan, regional əməkdaşlıq üçün isə daha yaxşı platforma yaradır.
Əlbəttə, Azərbaycan enerji ehtiyatları ilə məşhurdur. Yeri gəlmişkən qeyd edim ki, dünyada ilk neft quyusu məhz Azərbaycanda, Bakıda qazılıb. O yer bu mehmanxanadan 15 dəqiqəlik məsafədə yerləşir və həmin tarixi quyu bu gün açıq havada salınmış muzeyin ərazisindədir.”
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bu gün Azərbaycan özünün enerji potensialını dünyaya açmış dövlətdir: “Azərbaycan artıq Xəzər dənizinin digər tərəfində hasil olunan neftin daşınması üçün tranzit ölkəyə çevrilib. Azərbaycan öz tərəfdaşları ilə daha geniş formatda, enerji sektorunda dünyanın ən nəhəng layihəsi olan “Cənub Qaz Dəhlizi” layihəsi üzərində çalışır. Bu da öz növbəsində tarixi layihədir. O, 7 dövləti birləşdirir və əlavə ölkələrin cəlb edilməsi üçün də yaxşı potensial var. Bu layihənin dəyəri 40 milyard dollardır və buraya Azərbaycanın təbii qazının hasilatı, nəqli və paylanması daxildir. Bakıdan başlayaraq Avropada bitən vahid neft kəmərləri sisteminin ümumi uzunluğu 3500 kilometrə bərabərdir. Bu, regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfədir. Enerji təhlükəsizliyi bir çox dövlətin milli təhlükəsizliyinin tərkib hissəsidir. Bu gün Azərbaycan nefti bəzi Avropa dövlətlərinin enerji balansının 40 faizini təşkil edir və Azərbaycanın təbii qazı da Avropa ölkələrinin enerji təhlükəsizliyini gücləndirəcək.”
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan beynəlxalq təşkilatlarda da güclü mövqeyə sahibdir:
“Gələn həftə biz Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına ev sahibliyi edəcəyik. Azərbaycanın bu mühüm beynəlxalq təşkilatın yeni üzvü olmasına baxmayaraq, ölkəmiz orada böyük dəstəyə malikdir və belə bir toplantının keçirilməsi onun təzahürüdür. Azərbaycan digər beynəlxalq təşkilatlarda, İslam Əməkdaşlıq Təşkilatında da fəaldır. Avropa İttifaqının “Şərq tərəfdaşlığı” çərçivəsində də fəalıq və Avropa İttifaqı ilə yeni Tərəfdaşlıq Sazişi üzərində çalışırıq. Həmin saziş olduqca geniş sənəd olacaq və siyasət, iqtisadiyyat, təhlükəsizlik, enerji, nəqliyyat, mədəni müxtəliflik kimi sahələrdə əməkdaşlığı əhatə edəcək.
Beləliklə, regiondakı və dünyadakı rolumuzun nədən ibarət olduğunu və həmin nəcib məqsədlərə nail olmaq yolundakı nailiyyətlərimizi qısaca olaraq diqqətinizə çatdırdım. Bir daha qeyd edirəm ki, bizim siyasətimiz əməkdaşlığa, dostluğa və tərəfdaşlığa nail olunmasına yönəlib. Dediyim kimi, müasir Azərbaycanın nailiyyətləri sübut edir ki, biz düzgün yoldayıq.”
Dövlətimizin başçısı qeyd edib ki, müsəlman dünyasında ilk demokratik respublikanın baniləri məhz azərbaycanlılar olublar:
“Müsəlman aləmində ilk dəfə azərbaycanlılar azad, insanların bütün hüquqlarının qorunduğu cəmiyyətdə yaşamaq arzusunu ifadə ediblər. Bugünkü Azərbaycanın inkişafında Azərbaycan Xalq Cümhuriyyətinin rolu olduqca böyük olmuşdur. Eyni zamanda, biz bu gün onların 100 il bundan əvvəl qəbul etdiyi qərarlarla da fəxr edirik. Onlardan biri qadınlara səsvermə hüququnun verilməsi olub ki, o qərar bir çox Avropa dövlətlərindən öncə qəbul edilib. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü iki ildən bir az qısa olub və respublikanın faciəvi süqutu hamımız üçün dərs olub.
Həqiqi müstəqilliyin qorunub saxlanılması onu əldə etməkdən çox çətindir. Bugünkü Azərbaycan tam mənada müstəqil dövlətdir. O dövlət ki, gələcəklə bağlı aydın baxışa malikdir. Hesab edirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları müasir Azərbaycanın inkişafının şahidi ola bilsəydilər, bizimlə fəxr edərdilər. Biz isə onlarla fəxr edirik və həm özümüzə, həm də dünyaya nümayiş etdiririk ki, insanlar yalnız müstəqillik dövründə, öz taleyinin sahibi olanda uğura nail olurlar. Bu gün Azərbaycan bunun bariz nümunəsidir.”
***
Sonra Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım çıxış edib. İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari Prezident Sergio Mattarellanın, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Karol Krofts Baş nazir xanım Tereza Meyin, İsmail Serageldin Roma Papası Fransiskin, Rumıniya Baş nazirinin müavini xanım Ana Birçall Baş nazir xanım Viorika Dansilanın, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai baş katib Antonio Quterreşin müraciətlərini oxudular.
Daha sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra-Vike Freyberqa çıxış etdi.
Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ideya və dəyərlərinin təbliğində xüsusi fəallıqları ilə seçilən şəxslərə Mərkəzin Qəyyumlar Şurasının qərarı ilə Nizami Gəncəvi Beynəlxalq mükafatları təqdim olundu.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təhsilin və mədəniyyətin inkişafındakı xidmətlərinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı ilə təltif edildi. Birinci xanım Mehriban Əliyeva çıxış edərək bu yüksək mükafatla təltif olunmasına görə minnətdarlığını bildirdi.
Beynəlxalq sülhün və sabitliyin möhkəmlənməsindəki xidmətlərinə görə Nizami Gəncəvi Beynəlxalq mükafatı ilə İordaniya Kralı II Abdullahın təltif olunduğu elan edildi və mükafat Kral ailəsinin üzvü Rad Bin Al Huseynə təqdim olundu.
Humanitar və mədəni dəyərlərin təbliğindəki töhfələrinə görə ELPİDA təşkilatının prezidenti, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis Nizami Gəncəvi Beynəlxalq mükafatı ilə təltif olundu.
Açılış mərasiminə yekun vuran Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin tədbirdə iştirakına görə dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirdi.
***
Üç gün davam edəcək bu mötəbər tədbirə 50-dən çox ölkədən 500-dən artıq nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar.
Forum çərçivəsində martın 18-19-da VII Beynəlxalq Kitab Sammiti təşkil olunacaq. ABŞ Konqres Kitabxanasının və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə keçiriləcək Sammitdə milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzuları müzakirə olunacaq. Forum işini panel iclasları ilə davam etdirib.

Digər xəbərlər