Siyasət

  • 2 956

Ombudsman 1918-ci il Azərbaycanlıların Soyqırımının 100-cü ildönümü ilə əlaqədar bəyanat verib

image

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) 1918-ci il Azərbaycanlıların Soyqırımının 100-cü ildönümü ilə əlaqədar bəyanat verib.

Bəyanatda deyilir: "Azərbaycanlılara qarşı ermənilər tərəfindən 1918-ci il mart-aprel aylarında törədilmiş soyqırımından 100 il ötür. Xalqımızın məruz qaldığı qanlı faciələr sırasında bu soyqırımı özünün ağır və dəhşətli nəticələri ilə seçilir.
Erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi soydaşlarımızı öz tarixi torpaqlarından didərgin salmaq və bu ərazilərdə mifik “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. XIX əsrin əvvəllərindən başlayaraq, tarixi Azərbaycan torpaqları olan Qarabağa, Naxçıvana, Zəngəzura, İrəvan quberniyasına və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülmüşdür. Həmin siyasətin qanlı tərkib hissələrindən biri də 1918-ci ildə azərbaycanlıların soyqırımı olmuşdur”.
Ombudsmanın yaydığı sənəddə daha sonar qeyd olunur ki, 1918-ci ilin mart ayından etibarən silahlı daşnak-bolşevik dəstələri, erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qırğına məruz qalmış, insanlar diri-diri yandırılmış, nadir tarixi və mədəniyyət abidələri, xəstəxanalar, məktəblər, məscidlər və qəbiristanlıqlar dağıdılmışdır.
31 mart və 1-2 aprel 1918-ci il tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda törədilən qırğınlar kütləvi şəkil almış, erməni dəstələri 30 mindən çox dinc sakini amansızcasına qətlə yetirmişlər. Bu zaman bir çox qədim binalar, o cümlədən dünya memarlığının incilərindən sayılan İsmailiyyə binası, ziyarətgahlar top atəşinə tutularaq dağıdılmış, Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə almışdır.
Daha sonra Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, İrəvan, Şirvan, Lənkəran və digər bölgələrdə xüsusi qəddarlıqla soydaşlarımıza qarşı soyqırımı və talanlar həyata keçirilmişdir.
Bu hadisələr zamanı Şamaxının 70-dən çox kəndi tamamilə məhv edilmiş, 7000 nəfər öldürülmüşdür. Tarixi mənbələrdə göstərildiyi kimi, Şamaxıya hələ mart ayının ortalarında 2000 erməni əsgərinin və 60 maşına yüklənmiş silah-sursatın göndərilməsi buradakı qırğına əvvəlcədən hazırlıq görülməsinin sübutudur. Quba qəzasında 122 kənd, Lənkəran qəzasında 40-a yaxın kənd dağıdılmış və yandırılmış, çoxsaylı evlər talan edilmiş, yüzlərlə günahsız insan, o cümlədən qadın və uşaqlar qətlə yetirilmişdir.
Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-ə, YUNESKO-ya, Avropa İttifaqına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

yap.org.az

Digər xəbərlər