Qlobal sülhün qorunması zamanın çağırışıdır

Beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilən Azərbaycan bu gün daha bir tədbirə - VI Qlobal Bakı Forumuna yüksək səviyyədə ev sahibliyi edir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu, Dünya Dini Liderlərinin Forumunu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu, ilk Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını və onlarla belə tədbirləri keçirməklə, dünyanın diqqətini özünü cəlb edən Azərbaycan bu və ya digər tədbirlərlə xalqlar və dövlətlər arasında əməkdaşlığa xidmət edir. Müasir dünyanı narahat edən məsələlər də, məhz bu məkanda müzakirə olunur. Müxtəlif ölkələrin təmsilçiləri və fərqli fikirli insanlar arasında daha böyük anlaşmanı təmin etmək kimi böyük bir missiyanı həyata keçirmiş olur. Təbii ki, belə tədbirləri keçirməkdə Azərbaycanın iqtisadi gücü var. Ölkədə əmin-amanlıq və sabitlik hökm sürür. İqtisadi və sosial inkişaf bütün sahələrdə öz əksin tapıb. Statistik rəqəmlərə nəzər salsaq, görərik ki, son 15 il ərzində yoxsulluğun və işsizliyin səviyyəsi 5 faizə enib. Dövlətimizin sosialyönümlü siyasətinin nəticəsi olaraq, ölkəmizdə 3100-dən artıq məktəb, 600-dən çox xəstəxana tikilib istifadəyə verilib. Hər il 5 milyondan artıq insan pulsuz müayinədən keçir. İqtisadi artım 3,2 dəfə olub. Davos Dünya İqtisadi Forumunun Azərbaycanı qlobal rəqabətədavamlılıq baxımından, 35-ci yerdə qərarlaşdırması da təsadüfü deyil və mövcud reallıqlara söykənir.Paytaxtımızda keçirilən VI Qlobal Bakı Forumu da, məhz inkişaf etmiş məkanda öz işinə başlayıb. Qlobal Bakı Forumu hər il müxtəlif mövzu və devizlə dünyanın aktual problemlərinin müzakirə olunduğu mühüm platforma kimi qəbul edilməyə başlanılıb. Müzakirə olunan mövzularla bağlı tanınmış və nüfuzlu şəxslərin fikir mübadiləsi aparmaları bölgəmizin və dünyamızın ehtiyac duyduğu geniş üfüqlər açan düşüncələri ortaya qoyur. Bu məsələlərin həll yolunu tapmaq üçün əsl qlobal platformaya çevrilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş VI Qlobal Bakı Forumuna 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər və alimlər qatılıblar.Builki mövzusu "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması" olan forumda dünyada təhlükəsizliyin, sabitliyin, proqnozlaşdırmanın və əməkdaşlığın təmin edilməsi üçün məsələlər müzakirə edilərək, son illərdə dünyanın ümumi çağırışları müzakirə olunacaq. Bütün bunlar qütbləşən dünyada əhatəli və sülhsevər cəmiyyətlərin necə qurulması yollarını göstərmək baxımından son dərəcə əhəmiyyətli məsələdir. Təbii ki, hər məsələnin mərkəzində insan amili dayanır və bəşəriyyətdə olan insanların rifahın yüksək olması vacib məsələlərdəndir. Sülhün qorunması, dayanıqlı inkişaf, ədalətli bölüşmə, regional rifah və inkişafda uçurumun azaldılması önəmli hədəflər sırasındadır və belə mövzuların müzakirə edilərək, mühüm qərərların qəbul edilməsi vacibdir. Müasir dövrdə radikalizm, ksenofobiya, irqçilik, islamofobiya kimi problemlərə çox təsadüf olunur. Sülh içində yaşayan plüralist və demokratik cəmiyyətlər qurmaq üçün belə dağıdıcı cərəyanlara qarşı birlikdə mübarizə aparmağın vacibliyi əsas məsələlər sırasındadır. Forum çərçivəsində keçiriləcək panel iclaslarda "Müxtəlifliklər necə ortadan qaldırıla bilər" və "Ölkələr bir-birinə necə yaxınlaşdırıla bilər" mövzuları ətraflı müzakirə edilir. Nail oluna bilinəcək ən mühüm amil qarşılıqlı rəğbəti və dostluq əlaqələrini daha da gücləndirməkdir. Qlobal sülhü, qardaşlığı təmin etmək yalnız və yalnız hər kəsin hadisələr qarşısında ikili standartlara yol vermədən, insanlığa və humanitar dəyərlərə əsaslanaraq, həll yolu təqdim edilməlidir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bir daha təşkil etdiyi Qlobal Bakı Forumu cəmiyyətlərimizin daha açıq, daha müxtəlif və daha da demokratik olmasını təmin etməklə bağlı konkret təkliflərə və təşəbbüslərə dair dərin müzakirələrə imkan yaradır. Forum üçün seçilmiş mövzu gələcək addımları aydın şəkildə göstərir. Forum çərçivəsində "Regional təhlükəsizlik, regional sülh: Orta Şərq", "Balkan regionunun indiki və gələcək vəziyyəti: regional təhlükəsizliyin təməli və ya yeni geosiyasi şahmat lövhəsi?", "Çinin xarici siyasətini necə başa düşmək olar?", "Kapitalizm: İqtisadi inkişaf ətraf mühitin deqradasiyasına ziddir?" mövzularında aparılan müzakirələrdə müxtəlifliyə hörmət, digər mədəniyyətlərlə, mütəmadi qarşılıqlı əlaqə, bütün insanların bərabər ləyaqətini qəbul etmək, hər yerdə sülhün və sabitliyin təmin olunması, qeyri-tolerantlıq və ekstremizm riskinin qarşısının alınması kimi məsələlər diqqətə çəkilir. Qlobal Bakı Forumu istər əhatə dairəsi, istərsə də keyfiyyəti baxımdan, ildən-ilə daha da genişlənir. Forum qarşılıqlı anlaşmanı təbliğ etmək və gücləndirməklə də əhəmiyyətlilir.

Nəzakət ƏLƏDDİNQIZI