Hikmət Babaoğlu: 2017-ci il milli maraqlarımızın təmin olunmasının əsasları kimi qəbul oluna bilər

«Hazırda çox mürəkkəb tarixi mərhələdən keçirik və bu elə mərhələdir ki, xalqlar tarix qarşısında yeni dövlətçilik imtahanı verirlər. Ona görə də hər bir milli hökumətin fəaliyyətinin səmərəliliyi və effektliyi tarix qarşısında bu imtahanı necə verməkdən keçir. 2017-ci ildə Azərbaycan hökumətinin fəaliyyəti də strateji istiqamətlər üzrə bu qiymətləndirməni aparmaq üçün bizə əsaslar verir». Bu fikirləri Milli Məclisin deputatı, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu bu gün parlamentdə Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsində çıxışı zamanı deyib.

Hikmət Babaoğlu bildirib ki, hər bir xalqın gələcəyi ilk növbədə, hökumətin səmərəli fəaliyyəti, təhlükəsizliynin təmin olunması ilə bağlıdır. Eyni zamanda, bu gün görülən işlər əslində xalqımızın və dövlətçiliyimizin gələcəyə vəsiqəsini təmin edir. Çünki hazırki mərhələdə beynəlxalq münasibətlərdə çox amansız mübarizənin şahidiyik. Onun sözlərinə görə, beynəlxalq münasibətlər sistemində çox ciddi rəqabət, həmçinin manipulyasiyalar var: «Belə bir şəraitdə yaşadığımız regionda bir sıra dövlətlər və onların siyasi gündəmi tamamilə başqa məsələlərlə məşğuldur. Bunun fonunda isə Azərbaycanda gündəm sabitlik, təhlükəsizlik və inkişafla bağlıdır. Bu, çox ciddi faktordur. Hər bir ölkənin təhlükəsizliyinin sosialoji düsturu ilk növbədə, sosial-iqtisadi, maliyyə problemlərinin həll olunmasından keçir. Baş nazirimizin çıxışında da bununla bağlı ayrı-ayrı istiqamətlər üzrə bu hesabat bizə təqdim olundu və nəticələr uğurludur».
Ərzaq təhlükəsizliyinin də bütövlükdə milli təhlükəsizliyin təmin olunmasındakı rolundan danışan millət vəkili qeyd edib ki, millətin genefondunu məhv etmək üçün əsas silahlardan biri genenetik modifikasiya olunmuş ərzaq qida məhsullarıdır. Onun sözlərinə görə, bu məsələ də hökumətin diqqətindədir və Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması yönündə mühüm addımlar atılır. Kənd təsərrüfatının son illər sürətlə inkişaf etdiyini deyən milllət vəkili bu sahənin ərzaq təhlükəsizliyin əsas kopmonenti olduğunu söyləyib.
Hikmət Babaoğlu çıxışında su təhlükəsizliyi məsələsinə də toxunub: «XXI əsrdə dünyada müharibələrin, qarşıdurmaların əsas səbəblərindən biri də su ehtiyatlarına nəzarət etməklə bağlıdır. Nəzərə alsaq ki, Azərbaycanın su ehtiyatlarının böyük hissəsi sərhədlərimizdən kənarda formalaşır, bu problemin həlli Azərbaycan dövləti üçün çox mühüm məsələdir. Artıq bu məsələ də həll olunub. Taxtakörpü su anbarının tikintisi, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi ilə Azərbaycan su təhlükəsizliyini təmin etməyi bacarıb».
Millət vəkili həmçinin, informasiya təhlükəsizliyi, beynəlxalq münasibətlər sistemində ölkəmizin yerinin möhkəmləndirilməsi, milli diplomatiyamızın uğurulu fəaliyyəti məsələlərinə də toxunaraq bu istiqamətlərdə görülən işləri yüksək qiymətləndirib.
«Bütövlükdə, 2017-ci ldə hökumətin fəaliyyəti qənaətbəxşdir. Əslində, bu fəaliyyət 2018-ci ildə və ondan sonrakı mərhələdə də milli maraqlarımızın və təhlükəsizliyimizin təmin olunması yönündə fəaliyyətin əsasları kimi qəbul oluna bilər»deyə, Hikmət Babaoğlu vurğulayıb.

yap.org.az