Siyasət

  • 36 182

Qlobal problemlər və onların həlli yolları Azərbaycanda müzakirə edilir

image

Yaxud VI Qlobal Bakı Forumu inklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması istiqamətində mühüm çağırışlar etməkdədir
Məlum olduğu kimi, martın 15-də Azərbaycanın paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb. Bu mötəbər tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər və alimlər qatılıblar.
Forumda, həmçinin, Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstinin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovinanın hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall iştirak ediblər.
Forumun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin, Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım, İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Karol Krofts, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa, eyni zamanda, forum iştirakçılarına müraciət ünvanlamış İtaliya Prezidenti Sergio Mattarella, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey, Roma Papası Fransisk, Rumıniyanın Baş naziri xanım Viorika Dançila, BMT-nin baş katibi Antonio Quterreş və başqaları bildiriblər ki, inklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması cəmiyyətlərin quruluşunun gücünə və çevikliyinə söykənən görülməli işlər siyahısında prioritet məsələ olaraq qalır. Bu mənada, cəmiyyətlərin inklüzivliyini daha da gücləndirmək istiqamətində səyləri davam etdirmək bu gün, həmişə olduğundan daha çox vacibdir. Əlbəttə ki, bu səylərin həyata keçirilməsi üçün Azərbaycanın mərkəz seçilməsi isə təsadüfi deyildir.
Qeyd edək ki, Azərbaycanın son illərdə uğurla ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən biri də Qlobal Bakı Forumudur və indiyədək 5 forum keçirilib. Səbəb isə çox sadədir: Azərbaycan tarixi, geostrateji mövqeyi, ənənələri və dinamik inkişafı ilə qlobal arenaya mühüm töhfələr verməkdədir.
Bunu müxtəlif amillərlə yanaşı, respublikamızın artıq neçə illərdir ki, mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi də təsdiqləyir. Dünya humanitar forumu, sivilizasiyalararası dialoq forumu, müxtəlif idman yarışları və digər qlobal əhəmiyyətli tədbirlər Bakını beynəlxalq əməkdaşlığın əsas mərkəzlərindən birinə çevirib.
Qədim və zəngin mədəniyyətə malik, müxtəlif ənənələrin, sivilizasiya və konfessiyaların əsrlər boyu dinc yanaşı mövcud olduğu Azərbaycan qlobal əhəmiyyətli tədbirlərin keçirilməsi üçün, həqiqətən də, nümunəvi məkandır. Digər tərəfdən, xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, tolerantlığı barədə vaxtilə yetərincə məlumatı olmayan dünya Azərbaycanı ildən-ilə daha yaxından tanıyır və onun artan nüfuzunun şahidinə çevrilir. Elə bu amillər də Azərbaycanın sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfə verən ölkə statusunu daha da möhkəmləndirir və bu mövzuda dünyanı düşündürən məsələlərin müzakirə edildiyi beynəlxalq tədbirlərin, məhz ölkəmizdə keçirilməsini şərtləndirir.
Qlobal Bakı Forumu dünyanın, demək olar ki, bütün dövlətlərindən siyasətçiləri, diplomatları birləşdirən diskussiya və dialoq məkanıdır. Ötən 5 forumun tərkibi göstərir ki, bu diskussiyalara görkəmli dövlət xadimləri, tanınmış siyasətçilər qoşulurlar. Ona görə də, bu forumun dövlətlərarası əməkdaşlığa, siyasi münasibətlərə konstruktiv töhfə verdiyi və qarşılıqlı siyasi dialoq üçün əlverişli şərait yaratdığı şübhəsizdir.
Heç kəsə də sirr deyil ki, Qlobal Bakı Forumu artıq, öz əhəmiyyətinə görə lokal və regional münaqişələrin müzakirəsi çərçivəsindən çıxaraq, bütün dünyada gedən proseslərə münasibət bildirən, qlobal problemlərin həlli yollarının müzakirəsinə yol açan beynəlxalq platformaya çevrilib. Ona görə də, forum müzakirə, dialoq xarakteri daşısa da, dünyanın qlobal məsələlərinin həllində müstəsna rol oynayır və bu da dövlətlərarası münasibətlərdə öz əksini tapır. Həmçinin, sivilizasiyalararası dialoq, multikulturalizm meyilləri hər il dərinləşir və qlobal problemlərin həllində humanitar forumların keçirilməsi böyük əhəmiyyət kəsb edir. Regionda sabitliyin və qarşılıqlı həmrəyliyin, əməkdaşlıq şəbəkəsinin gələcəyi humanitar inteqrasiyadan və dialoqdan çox asılıdır. Çünki humantiarizm multikulturalizm deməkdir, başqa xalqın nümayəndəsinə hörmət və başqa dinə hörmətdir. Öz dininə hörmət və başqa dinə hörmətdən başlayır. Humanitar inteqrasiya bütün xalqları birləşdirir, sülh şəraitində dostluğa və qardaşlığa doğru meyilləndirir. Humanitar çağırışların yeni müstəvisində bütün dünya ölkələrini birləşdirməyə nail olan Azərbaycan regionun və bütövlükdə, dünyanın böyük dövlətlərlə mehriban və səmimi dostluq münasibətlərini inkişaf etdirməkdədir. Azərbaycan tərəfdaş dövlətlərlə, respublikamızın əməkdaşlıq etdiyi ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri arasında yüksək etimadın mövcudluğu və siyasi dialoqun davam etdirilməsi dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır.
Prezident İlham Əliyevin də bəyan etdiyi kimi humanitar əməkdaşlıqla bağlı olan məsələlər Azərbaycanı sivilizasiyalararası dialoqun aparılması üçün bir mərkəzə çevirir. Bu gün respublikamız dünyadakı bütün yaxın tərəfdaşları arasında coğrafi, siyasi, iqtisadi, mədəni və mənəvi təhlükəsizliyin körpüsü rolunu oynayır. Bakıda keçirilən Beynəlxalq Humantiar forumlar da, məhz bu siyasi-humanitar platformanın təzahürüdür.
Azərbaycan ortaya qoyduğu təşəbbüslərlə, bir daha sübut edir ki, dini dözümlülük və fərqli dinlərə qarşı tolerant münasibət müasir dünyada təhlükəsizliyin təmin olunmasının ən ümdə şərtlərindəndir. Ona görə də, milli hökumətlər bu məsələlərin həllində diqqəti daha da artırmalı, dini dözümlülüyün gücləndirilməsinin terrorizm və dini zəmində qarşıdurmaların meydana gəlməsinin qarşısının alınmasının və davamlı sülhün təmin olunmasının əsas yolu olduğunu dərk etməlidirlər. Qarşılıqlı hörmət və əməkdaşlıq bir çox problemlərin açarıdır. Müstəqil Azərbaycan Respublikası həmişə, məhz bu dəyərlərə və niyyətə söykənən xarici siyasət kursu həyata keçirib.
Azərbaycanın tarixi və müasir gerçəklikləri sülh və təhlükəsizliyin təmin olunmasının multikultural dəyərlərin, dini və milli tolerantlığın mövcud səviyyəsindən birbaşa asılı olması qənaətinə gətirir. Azərbaycanın təcrübəsində tolerantlığın, milli və mənəvi dəyərlərə qarşılıqlı hörmətin, fərqli dinlərin nümayəndələrinə, onların ənənələrinə ehtiramın sülh və təhlükəsizlik şəraitində yaşamağın ən uğurlu yolu olması sübut olunub. Bu gün Azərbaycanda xristian və yəhudi icmasının təmsilçiləri əsas çoxluğu təşkil edən müsəlmanlarla bərabər imkanlara və hüquqlara malikdirlər. Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, humanitar məsələlərin müzakirə olunduğu məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləyib. Bu səbəbdən də, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan belə formatda tədbirlərin keçirilməsi üçün ideal platformadır.
Bir sözlə, Bakıda keçirilən qlobal forumlar, xüsusilə də, VI Qlobal Bakı Forumu fundamental iqtisadi-siyasi-humanitar birgəliyin, mədəni dəyərlərin vəhdətini özündə sıx birləşdirir, dünyaya təqdim edir və dünyanı yeni qlobal innovasiyalar üzərində düşünməyə vadar edir. Bu cür qlobal miqyaslı tədbirlərin təşkili, artıq ənənə halı almaqla, daha əlverişli məkana çevrilən Azərbaycanda baş verməklə dünyada bir humanitarizm platformasını və yeni yaxınlaşma fəlsəfəsini də ehtiva edir.

“Səs” Analitik Qrupu

Digər xəbərlər