Siyasət

  • 2 929

"Əxlaqdan kənar vasitələrə əl atırlar"

image

"MSK bu məsələni araşdırmalı, namizədə xəbərdar etməli, lazım gələrsə, namizədliyi ləğv edilməlidir"

Seçkilərin təbliğat-təşviqat kampaniyası ilə bağlı teledebatlar təşkil olunur. Teledebatlarda bəzi namizədlər etik qaydaları pozur, şər və böhtan səsləndirir, həqiqəti əks etdirməyən, reallıqdan uzaq olan iddialar, ittihamlar səsləndirirlər. Təbii ki, bu Seçki Məcəlləsinin kobud şəkildə pozulmasıdır. Söhbət etdiyimiz müsahiblərimiz Seçki Məcəlləsinin tələblərini pozan namizədlər haqqında MSK-nın tədbirlər görə biləcəyini söylədilər.

AMİP funksioneri Əli Orucov

- Seçki kampaniyası heç kəsə imkan vermir ki, fürsətdən sui- istifadə edərək, etik qaydalardan kənara çıxsın və kimləri isə təhqir eləsin. Əlbəttə, buna yol vermək olmaz. Etik qaydaları pozan şəxslər özünün tərbiyəsini göstərmiş olur. Yəni cəmiyyətə hörmətsizliyini göstərir. Bir sözlə, belə şeylərə qəti şəkildə yol vermək olmaz. Təbliğat vasitələrində imkan ona görə verilir ki, namizəd öz platformasını, komandasını, proqramını xalqa çatdırsın, seçiciləri öz tərəfinə çəkməyə və səsverməyə inandırsın. Bu baxımdan da, namizədlər maksimum bu fürsətdən öz səslərinin, öz seçicilərinin tərəfdarlarını artırmaq üçün istifadə etməlidirlər. Ümumiyyətlə, təəssüflər olsun ki, son dövrlər siyasətçilər tərəfindən müxtəlif qəzetlərdə, saytlarda və sosial şəbəkələrdə təhqir eleməntlərini biz görürük. Bu da siyasətçi adına iddia edən şəxsə heç də baş ucalığı gətirmir, əksinə, onu gözdən salır. Siyasətçi, ilk növbədə, özünü nümunəvi aparmalıdır. Yəni belə deyək ki, onlar xalqın seçilmiş şəxsləri olduğu kimi, o cümlədən, onların hərəkətləri də, davranışları da cəmiyyət üçün nümunə olmalıdır.

Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov:

- Prezidentliyə namizədlər artıq təşviqat kampaniyasına başlamışlar və bir neçə teledebatda artıq onların fikirləri ilə seçicilər tanış olmuşlar. Bu teledebatlarda bəzi namizədlər öz platformaları ətrafında danışmaqdansa, ucuz variantlara əl ataraq, populist çıxışlar, faktlara söykənməyən iddialar, bəzən isə əxlaqdan kənar vasitələrə əl atırlar. Hesab edirəm ki, bu cür hallar yolverilməzdir. Namizəd olmaq o demək deyildir ki, sən nə istəyirsən, danışa bilərsən. Şər böhtan və əxlaqsız hərəkətlər etmək, kimliyindən asılı olmayaraq, yolverilməzdir. Qanunvericiliyə uyğun olaraq, bu cür hallara qarşı ciddi ölçü götürülməlidir. MSK bu məsələni araşdırmalı, onu xəbərdar etməli, lazım gələrsə, namizədliyi ləğv edilməlidir.

GÜLYANƏ

Digər xəbərlər