Ucar rayonunun Qazyan seçiciləri: Uğurlu sabaha – İlham Əliyevə səs verək

Artıq bir neçə gündür Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib. Bununla əlaqədar olaraq Yeni Azərbaycan Partiyası təbliğat qrupunun üzvləri respublikanın bütün rayonlarında ictimaiyyət nümayəndələri ilə görüşlər keçirirlər. Bu görüşlərdən biri də dünən Ucar rayonunda Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Ucar rayon şöbəsinin prezidentliyə namizəd cənab İlham Əliyevin «İlhamla irəli» şüarı ilə təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Qazyan kəndində keçirilib. Tədbirdə Qazyan kənd sakinləri, ziyalılar, qadınlar, gənclər və ağsaqqallar fəal iştirak ediblər.

Görüşü YAP Mərkəzi Seçki Qərargahı Ucar rayon şöbəsinin və partiyanın Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq son illər ölkədə həyata keçirilən quruculuq işlərindən, iqtisadi islahatlardan, respublika əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan danışıb. Bildirib ki, ölkədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan dünya dövlətləri arasında ön sıralara sahib olub.
Təbliğat qrupunun üzvləri Alı Babayev, Yaqut Zeynalova və Rahib Rəsulov çıxış edərək vurğulayıblar ki, Ucar əhalisi prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevə səs verməklə bir daha sabitliyi, əmin-amanlığı və inkişafı dəstəklədiklərini təsdiq edəcəklər. Natiqlər seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər adından Qazyan kənd 3 nömrəli tam orta məktəbinin müəllimi Aidə Hüseynova çıxış edərək seçkilərdə cənab İlham Əliyevin namizədliyini yekdilliklə müdafiə edəcəklərini bəyan edib.

yap.org.az