Siyasət

  • 3 991

Azərbaycan mükəmməl milli iqtisadi inkişaf modeli formalaşdırıb

image

YAP Siyasi Şurasının üzvü, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov
- Tahir müəllim, Azərbaycanın son illər ərzində iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətlər barədə nə deyə bilərsiniz? Bununla bağlı statistik göstəricilər necədir?
- Ziddiyyətli geosiyasi maraqlar fonunda dünyada son illər baş verən qlobal iqtisadi böhranların və arası kəsilmədən davam edən, dərinləşən və əhatə dairəsi getdikcə genişlənən siyasi çaxnaşmaların təsirinin Azərbaycandan da yan keçmədiyi şəraitdə ölkəmizin dayanıqlı sosial, iqtisadi inkişafının təmin olunması ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövrün tələbinə uyğunlaşdırılaraq mükəmməl səviyyədə davam etdirilməsi sayəsində mümkün olmuşdur. Bu illər ərzində ölkənin makroiqtisadi sabitliyi nəinki qorunub saxlanılmış, eyni zamanda iqtisadi potensialı daha da gücləndirilmişdir. 2004-2017-ci illərdə Azərbaycanda istehsal edilən ümumi daxili məhsulun (ÜDM) həcmi real ifadədə 3,2 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, kənd təsərrüfatı məhsulu istehsalı 1,7 dəfə, büdcə gəlirləri 13,5 dəfə, əhalinin nominal gəlirləri 8,6 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 3,0 dəfə, orta aylıq nominal əmək haqqı 6,8 dəfə, minimum əmək haqqı 12,9 dəfə artmışdır. İşsizlik səviyyəsi 9,2 faizdən 5,0 faizə, yoxsulluq səviyyəsi isə 44,7 faizdən 5,4 faizə enmişdir. Dünya Bankının məlumatlarına görə 2003-2016-cı illər ərzində Azərbaycan alıcılıq qabiliyyəti pariteti üzrə hesablanmış ÜDM–in adambaşına həcminə görə 59 pillə irəliləyərək 221 ölkə arasında 78-ci yerə yüksəlmişdir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamaları ilə müəyyən edilmişdir ki, ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə 2003-cü ildə 125 ölkə arasında 64-cü yeri tutmuş ölkəmizin reytinqi 2017-ci ildə 137 ölkə arasında 35-ci yerə yüksəlmişdir.
2016-2017-ci illərdə dünya iqtisadiyyatında baş vermiş neqativ meyillərin Azərbaycan iqtisadiyyatına təsiri minimuma endirilmiş, müasir çağırışlara cavab olaraq kompleks tədbirlər həyata keçirilmiş, ölkədə yeni islahatların əsası qoyulmuşdur. Belə ki, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını, insan kapitalından səmərəli istifadə etmək məqsədilə ölkədə həyata keçirilmiş iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün ölkə başçısının tapşırığına əsasən qısa müddət ərzində iqtisadiyyatın mövcud vəziyyəti dərindən təhlil edilmiş və milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiq edilərək onların həyata keçirilməsinə başlanılmışdır. İqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq iqtisadi inkişafın keyfiyyətcə yeni modeli formalaşdırılmışdır. Qeyd olunanların nəticəsidir ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsinə, həmçinin Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) neft hasilatının azaldılması ilə bağlı təşəbbüsə qoşulmaqla Azərbaycanda neft hasilatının azalmasına baxmayaraq, qeyri-neft sektorunun artımı hesabına 2017-ci ildə əvvəlki illə müqayisədə ümumi daxili məhsulun artımı qeydə alınmışdır. 2017-ci ildə iqtisadiyyatın nəqliyyat və anbar təsərrüfatı sahələrində yaradılmış əlavə dəyər əvvəlki illə müqayisədə 8,5 faiz, informasiya və rabitə sahələrində 6,6 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,2 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 2,5 faiz, digər sahələrdə 1,5 faiz artmışdır.
Azərbaycanda 2014-2017-ci illərdə sənaye müəssisələrinin və fərdi sahibkarların fəaliyyəti nəticəsində sənaye məhsulu istehsalı hər il orta hesabla 7,1 faiz artaraq 508,8 milyard manat təşkil etmişdir. Bu illər ərzində ölkədə qaz kondensatı da daxil edilməklə 554,4 milyon ton xam neft, 308,5 milyard kub-metr təbii qaz hasil edilmiş, 16,5 milyon ton avtomobil benzini, 32,8 milyon ton dizel yanacağı, 8,8 milyon ton ağ neft istehsal olunmuşdur. 2003-cü illə müqayisədə neftin hasilatı 2,5 dəfə, təbii qazın hasilatı isə 5,6 dəfə artmışdır. 2017-ci ilin sentyabrın 14-də dünyanın aparıcı neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni Saziş imzalanmışdır ki, bununla da ölkəmizdə yeni neft strategiyasının icrasına başlanılmışdır.
Sənayenin qeyri-neft bölməsi üzrə 2004-2017-ci illərdə istehsal 2,2 dəfə və ya orta hesabla hər il 5,7 faiz artmışdır. Güclü sənaye potensialının inkişafı üçün ölkədə zəngin xammal bazasının mövcudluğu, çoxprofilli sənaye kompleksinin yaradılması istiqamətində imkanların səfərbər edilməsi hesabına bu sahənin inkişafı üçün güclü zəmin yaradılmışdır. Qeyri-neft sənayesinin ənənəvi sahələrində keyfiyyət dəyişmələri baş vermiş, yerli xammal və materiallardan istifadəyə üstünlük verilməsi bir sıra sənaye məhsulları üzrə ölkənin ehtiyaclarının təmin edilməsinə imkan yaratmışdır. Ət və süd məhsulları, duz, meyvə və tərəvəz konservləri, mineral sular, sement və klinkerlər, gips, əhəng, alçipan, kərpic, betondan tikinti blokları, armatur, alüminium və ondan alınan məmulatlar və s. bir sıra sənaye məhsulları ilə ölkənin özünütəminetmə səviyyəsi digər sənaye məhsulları ilə müqayisədə daha yüksək olmuşdur.
Ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya və rabitə iqtisadiyyatın qeyri-neft sektorunun ən sürətlə inkişaf edən sahəsi olmuşdur. 2003-cü illə müqayisədə 2017-ci ildə göstərilmiş informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 11,2 dəfə və ya hər il orta hesabla 18,8 faiz artmışdır.
2017-ci il ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,3 milyard manatlıq və ya 2003-cü ilə nisbətən real ifadədə 3,8 dəfə çox məhsul satılmışdır. İstehlak məhsullarının 11,8 faizi ticarət müəssisələri, 55,5 faizi fərdi sahibkarlar tərəfindən, 32,7 faizi isə bazar və yarmarkalarda satılmışdır. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə pərakəndə ticarət dövriyyəsi 2003-cü ilə nisbətən müqayisəli qiymətlərlə 2,4 dəfə artaraq 17,9 milyard manata bərabər olmuş, qeyri-ərzaq məhsullarının dövriyyəsində real ifadədə 8,7 dəfə artım müşahidə edilmişdir. Ölkə əhalisi tərəfindən qeyri-ərzaq məhsullarının alınmasına meyil ilbəil artmışdır. 2003-cü ildə ticarət şəbəkəsində satılan istehlak məhsullarının dəyərinin yalnız 30,8 faizi qeyri-ərzaq məhsulları olduğu halda, 2017-ci ildə bu göstərici artaraq 49,3 faiz təşkil etmişdir.
Bazar iqtisadiyyatına keçid dövründə ölkə iqtisadiyyatında aparılan islahatlar dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını və 90-cı illərin əvvəlində yüksək olan büdcə kəsirinin azalmasını təmin etmişdir. 2017-ci ildə dövlət büdcəsinin gəlirləri 2003-cü ilə nisbətən 13,5 dəfə artaraq 16,5 milyard manat, xərcləri isə 14,2 dəfə artaraq 17,5 milyard manata çatmışdır. Bu dövr ərzində büdcə kəsirinin ölkənin ümumi daxili məhsuluna faiz nisbəti beynəlxalq təcrübədə müəyyən edilmiş 3%-lik normaya qarşı orta hesabla 0,6 faiz təşkil etmiş, 2004, 2006, 2011 və 2013-cü illərdə isə dövlət büdcəsi profisitlə icra edilmişdir. Əhalinin iqtisadi və sosial təminatının daha da yaxşılaşdırılması və ölkə iqtisadiyyatının sürətli inkişafının davam etdirilməsi məsələləri büdcə siyasətinin əsas istiqamətləri olaraq qalır. Belə ki, 2017-ci ildə dövlət büdcəsindən əhalinin sosial müdafiəsi və sosial təminatına çəkilən xərclər 2003-cü ilə nisbətən 11,0 dəfə, iqtisadiyyatın inkişafına yönəldilən vəsaitlər isə 18,2 dəfə çoxdur.
Ölkədə biznes mühitinin əlverişliliyinin artırılması məqsədi ilə dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, dövlət tənzimləməsinin təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlara dövlət dəstəyi və təşviq mexanizmlərinin təkmilləşdirilməsi, rəqabətqabiliyyətliliyin və ixrac imkanlarının genişləndirilməsi, ən yüksək beynəlxalq standartlara uyğun olaraq elektron dövlət xidmətlərinin göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilmişdir. Bu, özünü müəssisə və təşkilatların, fərdi sahibkarların sayının artmasında büruzə verir. 2018-ci il yanvarın 1-i vəziyyətinə ölkə ərazisində qeydiyyatdan keçmiş hüquqi şəxslərin sayı 118594 olmuş və bu 2004-cü ilin yanvarın 1-i ilə müqayisədə 1,9 dəfə çoxdur. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı isə 5,0 dəfə artaraq 794441 olmuşdur. Son bir ildə isə ölkədə yeni yaradılan 11934 hüquqi şəxs və 137131 fərdi sahibkar qeydiyyatdan keçmişdir.
- Regionların sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər və əldə edilən nəticələrlə əlaqədar nə söyləmək olar?
- Son illərdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər, bu sahədə aparılan digər tədbirlər ölkənin regionlarında qeyri-neft sahələrinin, xüsusilə emal sənayesinin sabit inkişafına təkan vermişdir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına istiqamətlənmiş Dövlət Proqramları ilə nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının diversifikasiyasını təmin etmiş, qeyri-neft sektorunun dayanıqlı inkişafı, prioritet sahələrə iri həcmli investisiyaların yönəldilməsi regionlarda müasir infrastruktur layihələrinin reallaşdırılması, yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması üçün zəmin yaratmışdır.
2004-2017-ci illərdə Bakı, Gəncə, Sumqayıt, Şəki şəhərlərində, Quba, Qax, Astara, Füzuli, Xaçmaz, İsmayıllı, Balakən, Gədəbəy, Zaqatala, Neftçala, Saatlı və Salyan rayonlarında elektrik stansiyaları, Naxçıvan Muxtar Respublikasında avtomobil zavodu, Sənaye kompleksi, günəş elektrik stansiyası, müxtəlif regionlarda asfalt-beton zavodları, çörək məmulatları istehsalı sexləri, Sumqayıt şəhərində “Gilan” Tekstil Parkı, “Alyans Tekstil” tikiş fabriki, “Sağlam qida” Aqrar Sənaye Kompleksi, Gəncə şəhərində “Kəpəz” markalı avtokran, “Belarus” tipli traktor və “Maz” tipli ağır tonajlı yük avtomobili istehsal edən avtomobil zavodu, İmişlidə şəkər zavodu, Şamaxı rayonunda müasir standartlara cavab verən, müxtəlif ölçülü televizorlar, kondisionerlər istehsal edən zavod, Abşeron rayonunda duz, süd, dondurma və metal konstruksiyalar zavodları, Lənkəran şəhərində yağ-süd, çəltik, dondurma və pivə zavodları, Masallı rayonunda mebel zavodu, Biləsuvar rayonunda konserv zavodu, Hacıqabul rayonunda kərpic zavodu, Xaçmaz rayonunda konserv və pivə zavodları, Qəbələ rayonunda meyvə şirələri istehsal edən zavod, Gədəbəy rayonunda qızıl-mis emalı zavodu, Ağcabədi rayonunda “Karvan-L EKO” sənaye parkında 9 müəssisə və istixana kompleksi, İsmayıllı rayonunda “İSMA BİKES” velosiped zavodu və s. bölgələrdə yeni-yeni sənaye müəssisələri yaradılmış və məhsul növlərinin çeşidi xeyli artmışdır. Nəticədə, regionlarda mövcud potensialdan səmərəli istifadə etməklə istehsal müəssisələrinin fəaliyyəti daha da genişləndirilmiş, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılması, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin yüksəldilməsi, məşğulluğun artırılması və ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsi istiqamətində uğurlar əldə edilmişdir.
- İnnovativ inkişaf istiqamətlərindən biri kimi qeyri-neft sektorunun tərəqqisi istiqamətində həyata keçirilən tədbirlərin nəticələrini necə qiymətləndirmək olar?
- Ölkə sənayesinin innovativ inkişaf istiqamətlərindən biri də sənaye parklarının, məhəllələrinin yaradılması olmuşdur. Nəticədə sənaye parkları və məhəllələrinin nəzdində fəaliyyət göstərən müəssisələr tərəfindən 2017-ci ildə 144,4 milyon manatlıq məhsul istehsal edilmişdir.
Ölkədə azad sahibkarlıq mühitinin formalaşması fərdi sahibkarlıq kimi yeni təsərrüfatçılıq formalarının yaranmasına təkan vermiş, qeyri-dövlət bölməsinin payı xeyli yüksəlmişdir. Əgər 2003-cü ildə sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət müəssisələrinin məhsulu 56,8 faizlik paya malik idisə, növbəti illərdə aparılan məqsədyönlü iqtisadi islahatlar nəticəsində onların xüsusi çəkisi artaraq sənayenin ümumi məhsulunda 79,9 faiz təşkil etmişdir.
2004-2017-ci illər ərzində əsas kapitala 162,9 milyard manat məbləğində vəsait yönəldilmişdir ki, bunun da 65,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinə sərf edilmişdir. İstifadə olunmuş vəsaitin 95,8 milyard manatı məhsul istehsalı obyektlərinin, 55,9 milyard manatı xidmət sahələri üzrə obyektlərin, 11,2 milyard manatı isə ümumi sahəsi 26,1 milyon kvadrat metr olan yaşayış evlərinin tikintisinə yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 63,2 faizini daxili, 36,8 faizini isə xarici investisiyalar təşkil etmişdir. Bu illər ərzində neft sektoruna 64,5 milyard manat, qeyri-neft sektoruna isə 98,4 milyard manat vəsait yönəldilmişdir. Yalnız 2017-ci ildə qeyri-neft sektorunun inkişafına 7,1 milyard manat investisiya qoyulmuşdur ki, bu da 2003-cü illə müqayisədə 5,9 dəfə çoxdur. 2004-2017-ci illərdə ölkədə 8119 çarpayılıq 106 xəstəxana, bir növbədə gəlişlərin sayı 8912 olan 156 ambulatoriya-poliklinika müəssisəsi, 514,8 min şagird yerlik 1385 ümumtəhsil məktəb binası, 20839 yerlik 202 məktəbəqədər təhsil müəssisəsi, 6880 yerlik 41 klub və digər sosial-mədəni obyektlər tikilib istifadəyə verilmişdir.
Təkcə 2017-ci ildə Bakı şəhərində “Baku Agropark” istixana kompleksi, “Pirallahı” Günəş Elektrik Stansiyası, körpü, Balaxanı Sənaye Parkı, Pirşağı-Novxanı və Binəqədi-Novxanı-Corat avtomobil yolu, Bakı Ali Neft Məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Sumqayıt şəhərində yenidən qurulmaqla Boruyayma zavodu, Gəncə şəhərində “Yeni Gəncə” elektrik yarımstansiyası, Gəncə Dövlət Filarmoniyasının yeni binası, “Grand Qafqaz” Ticarət Kompleksi, “Gəncə Mall” Ticarət Mərkəzi, Yevlax şəhərində Varvara balıqartırma və balıqyetişdirmə zavodu, Lənkəran şəhərində Çəltik zavodu, “Xəzər Palace” otel kompleksi, Abşeron rayonunda Olimpiya İdman Kompleksi, Ağcabədi rayonunda Çörək və un məmulatları zavodu, Olimpiya İdman Kompleksi, Balakən rayonunda Su elektrik stansiyası, Cəlilabad rayonunda dənli və paxlalı bitkilərin təmizlənməsi və qablaşdırılması müəssisəsi, Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun Masallı-Cəlilabad hissəsi, Gədəbəy rayonunda Limonad zavodu, 35/10 kV-luq “Gədəbəy” elektrik yarımstansiyası, Göygöl rayonunda Respublika Süni Mayalanma Mərkəzi, Qax rayonunda 110/35/10 kV-luq elektrik yarımstansiyası, Quba rayonunda “Azərxalça” ASC-nin Quba filialı, Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsi, 110/35/6 kV-luq “Neftçala” yarımstansiyası, Saatlı rayonunda 110/35/10 kV-luq “Sarıcalar” elektrik yarımstansiyası, Sabirabad rayonunda Quşçuluq fabriki, Mərkəzi Xəstəxana, Salyan rayonunda 110/35/10 kV-luq “Qaraqaşlı” yarımstansiyası, Şəmkir rayonunda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzi, “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı, Zaqatala rayonunda “Bəhmənli” elektrik yarımstansiyası və s. obyektlər istifadəyə verilmişdir.
Qeyri-neft sektorunun tərəqqisinə təkan verən əsas amillərdən biri də ölkənin turizm potensialının inkişaf etdirilməsidir. Ən müasir turizm infrastrukurunun yaradılması ölkəmizin mötəbər beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi etməsi turizm sektorunun sürətli inkişafına, turist axınının artmasına şərait yaratmış, 2017-ci ildə ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı 2005-ci illə müqayisədə 2,1 dəfə artaraq 2696,7 min nəfər olmuşdur. Son illərdə ölkə vətəndaşlarının maddı rifah halının yaxşılaşması nəticəsində xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2005-ci illə müqayisədə 2,2 dəfə artaraq 4108,9 min nəfərədək yüksəlmişdir.
- Tahir müəllim, aqrar sektorun inkişafı da yeni iqtisadi şəraitdə müəyyənləşdirilən mühüm hədəflərdən biridir...
- Ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən məqsədyönlü iqtisadi siyasət, xüsusilə sahibkarlığın inkişafına göstərilən hərtərəfli qayğı bütövlükdə respublikanın sosial-iqtisadi həyatında mühüm rol oynamaqla yanaşı, regionların iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının daha da inkişaf etdirilməsinə möhkəm zəmin yaratmış və son illərdə bu sahədə yüksək nailiyyətlər əldə edilmişdir. Bu nailiyyətlərin əldə olunmasında əsas rolu aqrar sahəyə ölkə başçısının diqqət və qayğısı, bu sahədə həyata keçirilən dövlət siyasəti oynamışdır. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına vergi güzəştlərinin tətbiqi, kənd təsərrüfatının inkişafı üçün ayrılmış güzəştli kreditlər, dövlət büdcəsinin vəsaiti hesabına kəndlilərə verilən subsidiyalar, aqrolizinq xidmətlərinin əlyetərliliyi, geniş miqyaslı meliorasiya tədbirləri, nəhəng su anbarlarının inşaası, regionlarda yol-nəqliyyat və digər infrastruktur layihələrinin həyata keçirilməsi üçün yönəldilmiş irihəcmli investisiyalar bu sahənin inkişafını şərtləndirən əsas amillər olmuşdur. Nəticədə 2003-cü ilə nisbətən 2017-ci ildə kənd təsərrüfatının ümumi məhsulu real ifadədə 1,7 dəfə, yaxud hər il orta hesabla 3,7 faiz artmışdır. 2017-ci ildə 2003-cü ilə nisbətən kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 36,6 faiz artırılaraq 1219,5 min hektardan 1665,6 min hektara çatdırılmışdır.
Ölkənin iqtisadi potensialından səmərəli istifadə olunması və ixracyönümlü məhsul istehsalının təşviqi istiqamətində vaxtında qəbul edilmiş dövlət proqramlarının icrası son iki ildə pambıqçılığın inkişafını da sürətləndirmişdir. Belə ki, 2017-ci ildə pambığın əkin sahəsi 2015-ci illə müqayisədə 7,3 dəfə, pambıq istehsalı isə 5,9 dəfə artaraq 207,5 min tona çatmışdır.
2017-ci ildə qarğıdalı da nəzərə alınmaqla ilkin çəkidə 2928,8 min ton taxıl məhsulu toplanmışdır ki, bu da 2003-cü ilin müvafiq göstəricisindən 871,0 min ton və ya 42,3 faiz çoxdur. Bu dövrdə buğda istehsalı 17,6 faiz, arpa istehsalı 2,4 dəfə, dən üçün qarğıdalı istehsalı 64,6 faiz artmışdır. 2017-ci il üçün şəkər çuğundurunun istehsalı 2003-cü ilə nisbətən 270,9 min ton və ya 3,1 dəfə artaraq 399,8 min tona çatmışdır. 2017-ci ildə 69,4 min hektar sahədən 1405,6 min ton tərəvəz, 58,8 min hektar sahədən 913,9 min ton kartof toplanmışdır ki, bu da 2003-cü illə müqayisədə müvafiq olaraq 34,3 faiz və 18,8 faiz çoxdur.
2017-ci ildə yeni salınmış 16,5 min hektar meyvə bağları da nəzərə alınmaqla 186,4 min hektar, o cümlədən bar verən yaşda 138,3 min hektar meyvə bağları və giləmeyvə əkmələri mövcud olmuşdur ki, həmin meyvə bağlarından 954,8 min ton meyvə və giləmeyvə toplanmışdır. Fındıq istehsalı mümkün olan rayonların müəyyənləşdirilməsi və bu rayonlarda fındıqçılığın sürətlə inkişaf etdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilmiş, Zaqatala, Balakən, Xaçmaz, Qax, Quba, Qusar, İsmayıllı, Qəbələ, Şabran, Oğuz rayonlarında və Şəki şəhərində 10,7 min hektar sahədə yeni fındıq bağları salınmışdır. 2017-ci ildə meyvə və giləmeyvə əkinlərinin ümumi sahəsi 2003-cü ilə nisbətən 2,1 dəfə, istehsalı 66,9 faiz artmışdır.
2017-ci ildə 309,2 hektar sahədə yeni salınmış üzümlüklər də nəzərə alınmaqla 2017-ci ilin əvvəlinə 16,1 min hektar, o cümlədən 14,1 min hektar bar verən yaşda üzümlüklər mövcud olmuş, həmin sahələrdən (talvar üzümü də daxil olmaqla) 152,8 min ton üzüm yığılmışdır. 2003-cü illə müqayisədə üzümlüklərin sahəsi 8,4 min hektar (2,1 dəfə), üzüm istehsalı (talvar üzümü də daxil olmaqla) 87,8 min ton (2,4 dəfə) artmışdır.
2017-ci ildə 2003-cü ilə nisbətən kənd təsərrüfatı müəssisələri-hüquqi şəxslər üzrə heyvandarlıq məhsullarının istehsalı real ifadədə 4,2 dəfə, yaxud hər il orta hesabla 10,7 faiz, fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatları üzrə isə 1,6 dəfə (hər il orta hesabla 3,6 faiz) artmışdır.
Həmin dövrdə ət (kəsilmiş çəkidə) istehsalı 70,7 faiz, süd istehsalı 73,3 faiz, yumurta istehsalı 2,5 dəfə, yun istehsalı 32,2 faiz artmışdır.
2018-ci il yanvarın 1-i vəziyyətinə ölkədə 2679,3 min baş iribuynuzlu mal-qara, o cümlədən 1289,8 min baş inək və camış mövcud olmuşdur. 2004-cü il yanvarın 1-i ilə müqayisədə iribuynuzlu mal-qaranın baş sayı 437,5 min baş və ya 19,5 faiz, inək və camışların sayı 214,1 min baş və ya 19,9 faiz artmışdır. Müqayisə edilən dövrdə ölkədə qoyun və keçilərin baş sayı 1185,5 min baş (16,3 faiz) artaraq 8465,6 min başa çatmışdır.
- Nəqliyyat sektorunda görülən işlər də ÜDM-in artması baxımından böyük əhəmiyyətə malikdir...
- Ölkə iqtisadiyyatının sürətli və hərtərəfli inkişafında nəqliyyat mühüm yer tutur. Nəqliyyat sektorunun ümumi daxili məhsulda payı 2017-ci ildə 6,8 faiz təşkil etməklə, 2003-cü ilə nisbətən bu sektorda yaradılmış əlavə dəyərin həcmi 2,8 dəfə artmışdır.
2017-ci ildə nəqliyyat sektorunda bütün nəqliyyat növləri ilə yük daşınması və sərnişin daşınması 2003-cü illə müqayisədə 2,1 dəfə artaraq, müvafiq olaraq 226,4 milyon tona və 1973,4 milyon sərnişinə çatmışdır. Nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə yük daşınması 2003-cü illə müqayisədə 2,5 dəfə artaraq 144,9 milyon tona, sərnişin daşınması isə 2,2 dəfə artaraq 1739,7 milyon nəfərə çatmışdır.
2018-ci il yanvar ayının 1-i vəziyyətinə avtomobillərin sayı 1342,3 min ədədə çatmış, ölkə əhalisinin hər 1000 nəfərinə düşən minik avtomobillərinin sayı 2003-cü ildəki 48 ədəddən 118 ədədə çatmış, hər 100 ailədən 52-sinin şəxsi minik avtomobili olmuşdur.
2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin, 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz qaz kəmərinin istismara verilməsi ötən illər ərzində neft və qazın nəqlindəki artıma öz müsbət təsirini göstərmişdir. 2017-ci il ərzində magistral neft kəmərləri ilə 42,7 milyon ton və ya 2003-cü illə müqayisədə 3,8 dəfə çox neft, magistral qaz kəmərləri ilə 22,1 milyard kub-metr və ya 2,7 dəfə çox qaz nəql olunmuşdur.
2017-ci ildə baş tutan və böyük tarixi hadisə kimi yadda qalan Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi nəqliyyat sektorunda əldə olunmuş inkişafa əlavə təkan verməklə yanaşı, Azərbaycanın tranzit ölkə kimi geosiyasi əhəmiyyətini və nəticə etibarilə onun həm iqtisadi, həm də siyasi qüdrətini daha da möhkəmləndirəcəkdir.
- Xarici ticarət və ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlərin nəticələrini necə xarakterizə etmək olar?
- Milli iqtisadiyyatın bazar prinsipləri əsasında qurulmasının mühüm istiqamətlərindən biri ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyasının təmin edilməsidir. Son illərdə ölkədə makroiqtisadi səviyyədə iqtisadi sabitliyin bərqərar olması və xarici ticarətin liberallaşdırılması istiqamətlərində səmərəli və davamlı tədbirlər kompleksinin reallaşdırılması milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə inteqrasiyasına əlverişli zəmin yaratmışdır.
Xarici ticarət əlaqələrinin strukturu da xeyli dəyişmişdir. Yerli istehsal sahələrinin yenidən qurulması və uğurla həyata keçirilən aqrar islahatların aparılması bir sıra yerli qida məhsullarının istehsalının artmasına və ölkəmizə idxalının azalmasına səbəb olmuşdur. Yerli məhsullar daxili bazarımızı zənginləşdirmiş, əsas qida məhsullarına idxaldan asılılığı azaltmışdır.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ildə xarici ticarət dövriyyəsi 24257,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 15475,6 milyon dollar, idxalın dəyəri 8782,0 milyon dollar təşkil etmiş, nəticədə 6693,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2004-2017-ci illərdə isə ölkədən 18,6 milyard dollarlıq qeyri-neft məhsulları ixrac edilmişdir.
- Əhalinin məşğulluq səviyyəsinin artırılması da başlıca prioritetlər sırasında yer alır...
- Ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar əmək bazarında əhalinin məşğulluğunun inkişafına təkan vermişdir. Bazar iqtisadiyyatı münasibətlərinin təşəkkül tapması, sahibkarlığın inkişaf etdirilməsi, əlverişli işgüzar mühitin yaradılması istiqamətində atılan önəmli addımlar əmək bazarı və məşğulluq sahəsində irəliləyiş əldə etməyə imkan vermiş, 2003-cü ilin IV rübündən 2017-ci ilin sonunadək ölkədə 1958,4 min yeni, o cümlədən 1436,2 min daimi iş yerləri yaradılmışdır. Bunun nəticəsi olaraq, 2018-ci il yanvar ayının 1-i vəziyyətinə ölkədə iqtisadi fəal əhalinin sayı 5073,8 min nəfər, məşğul əhalinin sayı 4822,1 min nəfər olmuş və 2003-cü illə müqayisədə iqtisadi fəal əhali 16,0 faiz, məşğul əhalinin sayı isə 21,4 faiz artmışdır. İqtisadiyyatın qeyri-dövlət sektorunda məşğulluğun payı 2003-cü ildə 70,3 faiz olmuşdursa, bu göstərici 2017-ci ildə 75,8 faiz təşkil etmişdir.
- Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində hansı işlər görülüb?
- Ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsil sistemində aparılan islahatlar bu sahədə müsbət dəyişikliklərə zəmin yaradır. Dövlət büdcəsindən təhsilə ayrılan xərclərin məbləği ildən-ilə artır və bu xərclərin nəzərə çarpacaq dərəcədə artması ölkə başçısının təhsil sahəsini dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etməsi ilə birbaşa bağlıdır. 2017-ci ildə dövlət büdcəsindən təhsilə çəkilən xərclər 2003-cü illə müqayisədə 7,4 dəfə artaraq 1742,8 milyon manat təşkil etmişdir.
2017-2018-ci tədris ilinin əvvəlinə 4410 dövlət və 28 qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində 1520 min nəfər şagird təhsil almışdır. 2004-2017-ci illərdə ölkədə 530,3 min şagird yerinə malik yeni məktəb binaları tikilmiş və ya mövcud məktəblərdə əlavə şagird yerləri yaradılmışdır. Bundan əlavə, 20,9 min yerlik məktəbəqədər təhsil müəssisələri tikilib istifadəyə verilmişdir. Yeni nəsil dərsliklər hazırlanmış və bütün şagirdlərə pulsuz verilmişdir. “Yeniləşən Azərbaycana - yeni məktəb” layihəsi çərçivəsində respublikanın ayrı-ayrı regionlarında tikilmiş yeni məktəb binalarının və əsaslı təmir edilmiş məktəblərin sayı 400-ü keçmişdir. Bu işlərin görülməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun müstəsna xidmətləri olmuşdur.
Eyni zamanda, Prezident İlham Əliyevin 2009-cu il 22 may tarixli Sərəncamı ilə “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının əsas məqsədi ölkənin ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyası proseslərinin sürətləndirilməsi, ali təhsilin məzmununun Bolonya prinsiplərinə uyğun qurulması, ölkə iqtisadiyyatının inkişaf meyillərinə müvafiq olaraq yüksək hazırlıqlı kadrlara tələbatın ödənilməsi, həmçinin əhaliyə müasir standartlar səviyyəsində ali təhsil almaq imkanı yaradan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır.
Ölkədə gənclərin ali təhsilə kifayət qədər yiyələnməsinə imkan verən dövlət və qeyri-dövlət təhsil müəssisələrinin çoxşaxəli şəbəkəsi yaradılmışdır. 2017/2018-ci tədris ilinin əvvəlinə Azərbaycanın təhsil sistemində 39 dövlət və 12 qeyri-dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərmiş və onlarda 167677 tələbə ali təhsil almişdır ki, bu da 2003/2004-cü tədris ili ilə müqayisədə 38,0 faiz artım deməkdir.
Bu dövr ərzində sosial-iqtisadi həyatda baş verən dəyişikliklər elmi müəssisələrin fəaliyyətinə də öz təsirini göstərmişdir. Təsadüfi deyil ki, bu müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi işinə çox böyük diqqət göstərilir, elmi tədqiqatların iqtisadiyyatla uzlaşması üçün konkret addımlar atılır. Əgər 2003-cü ildə dövlət büdcəsindən elmə ayrılan xərclər 16,6 milyon manat idisə, 2017-ci ildə bu rəqəm 6,6 dəfə artaraq 109,8 milyon manat olmuşdur.
2017-ci ilin əvvəlinə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 135 elmi təşkilat və müəssisə fəaliyyət göstərmişdir. Bu elm ocaqlarında elmi tədqiqat və işləmələrlə 22 mindən çox mütəxəssis məşğul olur ki, bu da 2003-cü illə müqayisədə 31,0 faiz çoxdur.
Dövlət siyasətinin əsas prioritetlərindən biri də mədəniyyət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin qorunub saxlanmasından ibarətdir. Azərbaycanda 33 milyon kitab fondu olan 3088 kütləvi kitabxana, 2539 klub müəssisəsi, 236 muzey, 28 peşəkar teatr, 4 filarmoniya, 5 musiqi kollektivi, 5 konsert zalı və 348 mədəniyyət və istirahət parkı əhaliyə xidmət göstərir.
2016-cı ildə muzeylərə gələn ziyarətçilərin sayı 2,7 milyon nəfər, teatr tamaşaçılarının sayı isə 0,7 milyon nəfər olmuşdur ki, bu da 2003-cü illə müqayisədə muvafiq olaraq 2,4 dəfə və 1,8 faiz çoxdur.
- Azərbaycan özünü idman ölkəsi kimi təsdiq edə bilib, hazırda idman sahəsində görülən məqsədyönlü tədbirlər uğurla davam etdirilir. Bu sahədə mövcud vəziyyətin qiymətləndirilməsi necədir?
- Ölkənin bütün sosial sahələrində olduğu kimi, sürətli inkişaf prosesi idman və bədən tərbiyəsini də əhatə edir, bu sahədə qazanılan nailiyyətlər ilbəil artır.
2018-ci ilin əvvəlinə ölkənin bölgələrində 40-dan çox müasir Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilmişdir. 2017-ci ilin əvvəlinə ölkədə idman qurğularının sayı 11,2 minə çatmış və 2003-cü illə müqayisədə 25,4 faiz artmışdır. Bədən tərbiyəsi və idmanla məşğul olanların sayı da müntəzəm olaraq artmaqdadır. Bunun nəticəsidir ki, idmançılarımızın beynəlxalq arenada uğurları ildən-ilə artır və Azərbaycan idman ölkəsi kimi bütün dünyada böyük nüfuz qazanmışdır.
Bu gün Azərbaycan bir çox beynəlxalq yarışlara ev sahibliyi edir. Azərbaycanda keçirilən Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Hər il ölkədə bədii gimnastika, taekvando, güləş, boks, karate və s. bu kimi idman növləri üzrə dünya və qitə çempionatları, Olimpiya Oyunlarının lisenziya turnirləri keçirilir. Ümumilikdə 2003-2017-ci illərdə Azərbaycanda 550-dən çox beynəlxalq yarış keçirilmiş və müxtəlif beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 8,5 min, o cümlədən 3,0 min qızıl, 2,5 min gümüş, 3,0 min bürünc medal qazanılmışdır.
2004-cü ildə Afina şəhərində keçirilən XXVIII Yay Olimpiya oyunlarında idmançılarımız 50-ci yeri (1-i qızıl, 4-ü bürünc olmaqla 5 medal) tutduğu halda, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında 18 medal qazanaraq (1-i qızıl, 7-si gümüş, 10-nu bürünc) 39-cu yerə çıxmışlar.
- Əhalinin sağlamlığının qorunması və səhiyyənin inkişafı yönündə hansı tədbirlər həyata keçirilib?
- Ölkədə sosial yönümlü siyasətin həyata keçirilməsi səhiyyənin inkişaf etdirilməsinə və əhalinin sağlamlığının qorunması problemlərinin həll edilməsinə imkan yaradır. Dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsaitin məbləği ildən-ilə artır. 2017-ci ildə dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin məbləği 2003-cü illə müqayisədə 12,7 dəfə artaraq 704,7 milyon manata çatmışdır.
Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin artırılması nəticəsində 2003-2017-ci illərdə ölkənin müxtəlif rayonlarında müasir tipli avadanlıqlarla təchiz olunmuş xəstəxanalar, diaqnostika mərkəzləri, ambulatoriya-poliklinika müəssisələri tikilib istifadəyə verilmiş, bir sıra tibb müəssisələrində yenidənqurma və bərpa işləri aparılmışdır. 2017-ci ilin əvvəlinə ölkədə 32,2 min həkim və 54,5 min orta tibb işçisinin çalışdığı 569 xəstəxana, 1758 ambulator-poliklinika müəssisəsi, 79 təcili tibbi yardım stansiyası, 387 qadın məsləhətxanası, uşaq poliklinika və ambulatoriyaları, 65 sanatoriya-istirahət müəssisəsi əhaliyə tibbi-profilaktik xidmət göstərmişdir. 2003-cü illə müqayisədə 2016-cı ildə ambulator-poliklinika müəssisələrinə müraciətlərin sayı 19,3 faiz artmışdır.
Bütün bunların nəticəsində ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunmuşdur. Belə ki, 2003-cü ildə qızılca ilə xəstələnənlərin sayı 1950 nəfər, məxmərəklə xəstələnənlərin sayı 1058 nəfər, epidemik parotit ilə xəstələnənlərin sayı 794 nəfər, malyariya ilə xəstələnənlərin sayı 482 nəfər olduğu halda, 2017-ci ildə bu səbəbdən xəstələnənlər qeydə alınmamış, digər infeksion xəstəliklərə tutulma halları isə kəskin sürətdə azalmışdır.
2016-cı ildə 2003-cü illə müqayisədə ilk dəfə qoyulmuş vərəm diaqnozu ilə xəstələnmə səviyyəsi hər 100 min nəfər əhaliyə 48 nəfərdən 39 nəfərə qədər azalmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, ölkədə aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz olunan yeni tibb mərkəzlərinin yaradılması işi davam etdirilir.
Ölkə əhalisinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlər sırasında dövlətin ekoloji siyasətinin də müstəsna əhəmiyyəti vardır. Ətraf mühitin mühafizəsi, sağlam ekoloji mühitin yaradılması, təbii ehtiyatlardan səmərəli və xalqın rifahının yaxşılaşdırılması naminə istifadəsi məsələləri ölkə Prezidentinin daim diqqət mərkəzində olmuş, son 15 il ərzində bu istiqamətdə irimiqyaslı dövlət proqramları və layihələr həyata keçirilmiş, bu sahəyə yönəldilmiş investisiyaların həcmi 2003-cü ildəki 3,0 milyon manatdan 2017-ci ildə 117,4 milyon manata yüksəlmişdir. Bu illər ərzində Hövsan aerasiya stansiyası yenidən qurularaq genişləndirilmiş, rayon və kəndlərdə əhalini təmiz içməli su ilə təmin edən modul tipli təmizləyici qurğular quraşdırılmış, Bakıda məişət tullantıları zavodu tikilərək istifadəyə verilmiş, yaşıllaşdırma işləri geniş vüsət almışdır. Azərbaycanda ən böyük infrastruktur layihələrindən biri olan Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilmişdir.
- Əhalinin sosial müdafiəsinin gücləndirilməsi də daim dövlətin diqqət mərkəzində olan vacib məsələlərdən biridir...
- Ölkədə əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqələrinin - əlillərin, ahılların və uşaqların sosial müdafiəsi sahəsində mühüm tədbirlər həyata keçirilir, aztəminatlı vətəndaşların rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə onlara dövlət tərəfindən müxtəlif sosial müavinətlər təyin olunur.
2018-ci il yanvar ayının 1-i vəziyyətinə ölkədə sosial müavinət və ya kompensasiya təyin olunmuş şəxslərin sayı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz artaraq 376,1 min nəfər təşkil etmişdir.
“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, 2006-cı il iyul ayının 1-dən başlayaraq aztəminatlı ailələrə dövlət tərəfindən ünvanlı dövlət sosial yardımı verilir və 2018-ci il yanvar ayının 1-i vəziyyətinə 80,2 min ailənin 326,6 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı ilə əhatə olunmuşdur.
- Ölkənin inkişafını təmin edən mühüm amillərdən biri uğurlu demoqrafik siyasətdir. Bu sahədə statistik məlumatların təhlili nəyi göstərir?
- 2017-ci ildə ölkə əhalisinin sayı 88,1 min nəfər və ya 0,9 faiz artaraq 2018-ci il yanvar ayının 1-i vəziyyətinə 9898,1 min nəfərə çatmışdır və sevindirici haldır ki, ölkəmizin miqrasiya saldosu da müsbət olaraq qalmaqdadır. Belə ki, ötən il daimi yaşamaq üçün ölkədən gedən 1,9 min nəfərə qarşı Azərbaycana gələnlərin sayı 3,1 min nəfər təşkil etmişdir.
Yekun olaraq ölkənin sosial, iqtisadi inkişafını xarakterizə edən statistik məlumatların təhlili göstərir ki, bu gün Azərbaycanda yeni, mükəmməl milli iqtisadi inkişaf modeli formalaşdırılmışdır. Respublikamızda dayanıqlı və hərtərəfli inkişafın əsas təzahürü olan bu model ölkə Prezidenti cənab İlham Əliyevin yorulmaz və məqsədyönlü fəaliyyətinin nəticəsidir və xalqımızın işıqlı gələcəyini təmin edən dövlət idarəçiliyinin etibarlı əllərdə olduğunu bir daha təsdiq edir.

yap.org.az

Digər xəbərlər