Siyasət

  • 3 234

“Azərbaycan bundan sonrakı dövrdə də uğurla inkişaf edəcək”

image

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib
Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iclası giriş nitqi ilə açaraq, bir sıra məsələlər barədə fikirlərini çatdırıb. Dövlət başçısı bildirib ki, bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hüquqi baza tam yaradılıb və heç bir dövlət qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır və tanımayacaq:
“Kriminal xunta rejimi tərəfindən ötən il keçirilmiş dırnaqarası referendumu da heç kim tanımayıb. Bu, işğalçılara beynəlxalq aləm tərəfindən vurulan növbəti bir zərbədir. Bizim səylərimiz nəticəsində bu qondarma qurum regionun xəritəsində qara ləkə kimi tanınır və biz bundan sonra da bu istiqamətdə ardıcıl fəaliyyətimizi göstərməliyik. Beynəlxalq təşkilatlardakı fəaliyyətimiz çox önəmlidir. Düzdür, bunun praktiki nəticələri yoxdur, torpaqlarımız hələ də işğal altındadır. Biz torpaqlarımızın bir hissəsini hərbi yolla azad etdik, ancaq bununla bərabər münaqişənin həlli üçün hüquqi baza əsas şərtdir. Bu məsələdə Azərbaycan tam üstünlüyü əldə edib və növbəti illərdə beynəlxalq təşkilatlardakı fəaliyyətimiz daha da güclənəcək.
Onu da qeyd etməliyəm ki, bizim fəaliyyətimiz nəticəsində və eyni zamanda, Avropada baş qaldıran separatizmə qarşı yaranan yeni yanaşma nəticəsində Avropa İttifaqında münaqişələrlə bağlı Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrin konfransında qəbul edilmiş qətnamə də ədaləti və beynəlxalq hüququ əks etdirir. Qətnamədə bu proqrama daxil olan ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı bir daha təsdiqləndi. Bununla bərabər, biz münaqişənin həlli ilə bağlı bütün başqa istiqamətlərdə ardıcıl siyasətimizi aparırıq və aparacağıq. İlk növbədə, siyasi yanaşmadan sonra hərbi amil əlbəttə ki, öz rolunu oynayır və oynayacaqdır. Ordu quruculuğu bu gün də bizim üçün prioritet məsələdir, sabah da prioritet məsələ olacaq. Biz son illər ərzində güclü hərbi potensial yarada bilmişik, o potensial ki, bu gün Azərbaycan Ordusunu dünya miqyasında güclü ordular sırasına daxil edibdir. Bunu beynəlxalq məsələ ilə məşğul olan bütün qurumlar və reytinqlər təsdiqləyir. Biz bundan sonra da ən müasir silah, sursat, texnika alacağıq ki, daim hərbi üstünlük təmin edilsin, necə ki, bu gün bu, təmin edilir.”
Qeyd edilib ki, ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulubdur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Bu, onu göstərir ki, ölkəmiz xarici investorlar üçün çox cəlbedicidir:
“Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artmışdır və hazırda 44,2 milyard dollara bərabərdir. Hesab edirəm, 3 ay ərzində 2 milyard dollardan çox artan valyuta ehtiyatlarımız bir tərəfdən onu göstərir ki, biz ehtiyatlarımızdan çox qənaətlə istifadə edirik, digər tərəfdən, bu, son illər ərzində apardığımız uğurlu neft siyasətinin nəticəsidir. Çünki bu vəsaitin tərkibində keçən il imzalanmış “Azəri-Çıraq-Günəşli” yatağının istismar müddətinin uzadılması ilə bağlı kontraktdan irəli gələn 450 milyon dollar bonus da vardır.
Bizim xarici ticarət dövriyyəmiz 31 faiz artmışdır. Bu da çox gözəl göstəricidir. İxrac isə 37 faiz artmışdır, daha doğrusu, qeyri-neft ixracı. Ümumi ixrac 24 faiz, qeyri-neft ixracı 37 faiz artmışdır. Bu da bizim siyasətimizin bariz nümunəsidir. Çünki ixracın şaxələndirilməsi iqtisadi sahədə əsas prioritet məsələdir ki, biz daha çox qeyri-neft sektorundan valyuta əldə edək və beləliklə, yerli istehsal güclənsin, yeni iş yerləri yaradılsın və ölkəmiz daha da sürətlə inkişaf etsin.
İş yerlərinin açılmasına gəldikdə, birinci rübdə 34 min yeni iş yeri yaradılmışdır ki, onlardan 31 mini daimi iş yeridir. Artıq biz 1 milyon 500 min iş yerinin yaradılmasına yaxınlaşırıq. Əgər biz birinci rübün rəqəmlərini də əlavə etsək, 2004-cü ildən bu günə qədər Azərbaycanda təxminən 1 milyon 500 min yeni daimi iş yeri yaradılmışdır.
Bu iqtisadi göstəricilərimiz əlbəttə ki, bizi çox sevindirir. Onu da əlavə etməliyəm ki, inflyasiya birinci rübdə cəmi 4 faiz olmuşdur. Bu barədə də mən ilin əvvəlində öz fikirlərimi bildirmişdim və qeyd etmişdim ki, əminəm, inflyasiya aşağı səviyyədə olacaq və əhalinin gəlirləri inflyasiyanı qabaqlayacaq.
Belə də oldu. Əhalinin gəlirləri təxminən 10 faiz artmışdır, inflyasiya isə cəmi 4 faiz. Bax, budur bizim birinci rübdə əldə edilmiş əsas sosial-iqtisadi göstəricilərimiz. Hesab edirəm ki, hər bir ölkə bu göstəricilərlə fəxr edə bilər, o cümlədən biz. Bu, onu göstərir ki, biz düzgün yoldayıq. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur. Biz güclü iqtisadiyyat yaradaraq, eyni zamanda, sosial məsələlərin həllində addımlar atırıq. Əgər iqtisadi imkanlarımız olmasaydı, biz nəyin hesabına pensiyaları, maaşları qaldıra bilərdik, nəyin hesabına böyük investisiya qoya bilərdik, infrastruktur layihələrini nəyin hesabına həyata keçirə bilərdik?! İqtisadi güc və ondan əlavə bizim siyasətimiz bütün bu reallıqları yaradır.
Sosial məsələlərin həllinə gəldikdə, qeyd etməliyəm ki, birinci rübdə maaşlar və pensiyalar artırıldı. Bu məqsədlər üçün dövlət büdcəmizdən yüz milyonlarla manat vəsait ayrıldı. Bu addım bir daha onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İmkan yarandıqca biz dərhal birinci addımı sosial istiqamətdə atdıq. İnsanların sosial müdafiəsinin təmin edilməsi üçün praktiki addımlar atmışıq.”
Daha sonra “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Samir Nuriyev çıxış edərək bildirblər ki, müasir Azərbaycan Respublikası bu gün inkişafının ən yüksək mərhələsini yaşayır, vətəndaşlarının təhlükəsizliyinin, yüksək rifah halının və rahat yaşayışının təmin olunması istiqamətində qətiyyətli addımlar atır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş davamlı inkişaf strategiyasının müvəffəqiyyətlə reallaşdırılması ölkəmizdə beynəlxalq səviyyədə rəqabətqabiliyyətli iqtisadi sistemin qurulmasını təmin edir, əhalinin həyat səviyyəsinin yüksələrək qlobal standartlara çatdırılmasını sürətləndirir. Həyata keçirilən uzaqgörən dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı dayandığına görə sosial məsələlərin həlli daim dövlət başçısının diqqət mərkəzindədir. Hər il olduğu kimi, 2018-ci ildə də dövlət büdcəsinin sosialyönümlülüyünün davam etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamət olaraq qalıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev iclasda yekun nitqi söyləyib. O bildirib ki, 2017-ci il Azərbaycanda çox dərin iqtisadi islahatlar ili olub. Prezident qeyd edib ki, bu islahatlar bu il də davam etdirilir: “Bəzi hallarda sual yaranır ki, indi neftin qiyməti bir qədər sabitləşdi, bu islahatlar davam etdiriləcəkmi, yoxsa yox? Mütləq davam etdiriləcək. Neftin qiyməti bizim üçün əsas amil olmamalıdır və Azərbaycan iqtisadiyyatı elə bir səviyyəyə çatmalıdır ki, neftin istənilən qiyməti bizə böyük təsir etməsin, yalnız ehtiyatlarımızın artırılmasına xidmət göstərsin.”
Dövlət başçısı bildirib ki, sevindirici hal ondan ibarətdir ki, Azərbaycanda sənaye istehsalı artır. Son bir-iki il ərzində neftin qiymətinin və hasilatın müəyyən dərəcədə düşməsi nəticəsində sənaye istehsalı Azərbaycanda azalırdı. Qeyri-neft sənayesi az da olsa artırdı, amma ümumiyyətlə, sənaye istehsalı azalırdı. Artıq bu ildən başlayaraq dönüş yarandı, sənaye istehsalı qeyd etdiyim kimi, 2 faiz artmışdır, qeyri-neft sənayesi isə 9,9 faiz, yəni, təxminən 10 faiz. Çox gözəl göstəricidir, görülən işlərin nəticəsidir. Sənayeləşmə siyasəti Azərbaycanda bundan sonra da davam etdiriləcək.
Prezident İlham Əliyev bildirib ki, turizmin inkişafı Azərbaycanda sürətlə gedir. Dövlət başçısı diqqətə çatdırıb ki, biz bundan sonra bu sahəyə daha sistemli şəkildə baxmalıyıq və oturub gözləməməliyik ki, kimsə bizə qonaq gələcək: “Biz özümüz turistləri cəlb etməliyik. Biz indi elə bir şərait yaratmışıq ki, Azərbaycanı dünyada çox yaxşı tanıyırlar, bizim çox gözəl beynəlxalq imicimiz var. İndi Azərbaycana gələnlərin sayı artır. Biz beynəlxalq tədbirlər keçiririk. Qeyd etdiyim kimi, təkcə Forumla 1 yarışlarının Bakı şəhərinin küçələrində keçirilməsi görün, turist axınına nə qədər təkan verdi. Təhlükəsizlik, sabitlik, qonaqpərvərlik, gözəl iqlim, tarixi abidələrimiz, infrastruktur, 6-sı beynəlxalq olmaqla 7 aeroport, gözəl avtomobil yollarımız və viza rejiminin sadələşdirilməsi - indi 90-dan çox ölkənin vətəndaşları vizanı aeroportlarda alırlar. İndi bu sahədə də təkmilləşmə işləri aparılacaqdır. Çünki əfsuslar olsun ki, bu sahədə çox böyük pozuntular olmuşdur. Biz vizaları ləğv etdik. Çünki aeroportlarda gələn turistlərə əziyyət verirdilər, əsassız pul tələb edirdilər. Bu biabırçılığı yığışdırmışıq. Bu biabırçılığı, bu pozuntuları, bu cinayəti törədənlər də cinayət məsuliyyətinə cəlb olunub. Hamı bilsin ki, bu cinayətlər cəzasız qalmayacaq. Ancaq biz elə bir sistem yaratmalıyıq ki, turistləri daha çox cəlb edək. İndi aeroportlarda yeni sistem yaradılır və gələn aydan başlayaraq tətbiq ediləcək. Bizim bütün sərhəd-keçid məntəqələrimizdə qonaqlar üçün maksimum rahat şərait yaradılmalıdır. Çünki bəzi hallarda gələnləri incidirlər, yolda saxlayırlar, onlardan əsassız rüşvət, pul tələb edirlər, dilənçilik edirlər, keçidlərdə duran o adamlar xalqımızı, dövlətimizi biabır edirlər. Mən aidiyyəti qurumlara çox ciddi xəbərdarlıq etdim, onları tənbeh etdim. Bu pozuntular yığışdırılmalıdır. Ölkəmizin imicinə xələl gətirən adamlar cəzalandırılacaqlar. Sərhəd-keçid məntəqələri elə olmalıdır ki, xaricdən gələn qonaq orada əziyyət çəkməsin.
O ki qaldı təhlükəsizliklə bağlı məsələlərə, indi bizim kifayət qədər imkanımız, texniki imkanlarımız var ki, öz təhlükəsizliyimizi qoruyaq. Ancaq bu, səbəb, bəhanə olmamalıdır ki, sərhədlərdə növbələr yaradılsın və o növbələri keçmək üçün kimdənsə nə isə qopardılsın.
Bəzən hüquq mühafizə orqanlarının işçiləri otellərə gəlib əsassız müdaxilə edirlər, qonaqları incidirlər, guya ki, onlar burada hansısa normaları gözləyirlər. Onun arxasında yenə də təmənna, pul qoparmaq, cibini doldurmaq niyyəti var. Buna da son qoyulmalıdır. Mən bu barədə dəfələrlə demişəm və bir daha deyirəm, turizm potensialına malik olan hər bir ölkə çalışır ki, turistləri cəlb etsin, onlar üçün şərait yaratsın. Biz son vaxtlara qədər oturub gözləyirdik ki, kimsə gəlib qapımızı döysün. Vətəndaş vizanı almaq üçün bizim səfirliklərə gedirdi, orada da onları incidirdilər, onların qarşısına müxtəlif əsassız tələblər qoyurdular. Bu vizaları ləğv etdik. Ləğv edəndən sonra indi 90-dan çox ölkənin vətəndaşları gəlib vizanı aeroportda alırlar. Xarici həmkarlarımdan biri mənə deyir ki, Siz ləğv etmisiniz, amma indi bizim ölkəmizdən gələn vətəndaşdan fotoşəkil tələb olunur. Mən dəhşətə gəldim. Nə fotoşəkil?! Xaricə gedən bir adam özü ilə fotoşəkilmi aparır?! Nədir-nədir fotoşəklin yoxdur, gəl pulunu ver, keç. Bu dərəcədə biabırçılıq olmaz axı! Biz onları cəzalandırdıq, fotoşəkil məsələsi ortadan qalxdı. Ondan sonra yenə də eşidirəm ki, aeroportlarda xaricdən gələn qonaqlardan növbədənkənar keçmək üçün pul tələb olunur. Bu dərəcədə alçaqlıq, necə deyim, söz tapa bilmirəm, belə biabırçılıq olmaz. Çox ciddi tədbirlər görülüb və bir daha demək istəyirəm ki, əgər bu sahədə və hər hansı bir başqa sahədə bu pozuntular olarsa və ümumiyyətlə rüşvətxorluqla bağlı əgər bundan sonra bu özbaşınalıq davam edərsə, çox ciddi tədbirlər görüləcək, heç bir keçmiş xidmət nəzərə alınmadan bütün məsul şəxslər cəzalandırılacaqlar.”
Bildirilib ki, məcburi köçkünlər üçün bu il yeni evlər istifadəyə veriləcək. Bu il ən azı 4 min ailə - 20 min köçkün yeni evlərlə, mənzillərlə təmin ediləcək. Keçən il 2300 ailə - yəni, 12 min köçkün evlərlə təmin edilib. Beləliklə, ilin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş köçkünlərin sayı təxminən 285-290 minə çatacaq.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bundan sonrakı dövrdə də uğurla inkişaf edəcək: “Bizim bütün planlarımız həyata keçirilir. Verdiyimiz bütün vədlər yerinə yetirilir. Son 15 il ərzində bir dənə də yerinə yetirilməyən vəd olmamışdır. Bu gün Azərbaycanın reallıqları onu göstərir ki, biz düzgün yoldayıq. Bu yolla uğurla gedəcəyik.”

Digər xəbərlər