Siyasət

  • 3 684

ATƏT-in Azərbaycandakı prezident seçkiləri ilə bağlı qərəzli hesabatı yerli media nümayəndələrinin sərt etirazı ilə qarşılanıb

image

Aprelin 12-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidəçilər missiyası Azərbaycan Respublikası Prezidenti seçkilərində səsvermə prosesinin gedişi ilə bağlı mətbuat konfransı keçiriblər.AZƏRTAC xəbər verir ki, prezident seçkilərini izləyən beynəlxalq müşahidəçilərin əksəriyyətindən fərqli olaraq, ATƏT-in qısa müddətli müşahidə missiyasının xüsusi əlaqələndiricisi və rəhbəri Nilza del Sena, AŞPA-nın müşahidəçilər missiyasının rəhbəri, rumıniyalı deputat Viorel Rikard Badea və DTİHB-nin rəhbəri Korin Yonker mətbuat konfransında heç bir fakta əsaslanmayan qərəzli bəyanat və açıqlamalarla çıxış edərək anti-Azərbaycan mövqelərini sərgiləyiblər. ATƏT-in qərəzli seçki hesabatı Azərbaycan ictimaiyyətinin nümayəndələrinin və media mənsublarının ciddi etirazları ilə qarşılanıb.Vəzifəsi seçki prosesini izləmək və obyektiv qiymət vermək olan müşahidə missiyasının seçkidən əvvəl hazırlanmış qərəzli bəyanatı media nümayəndələri qarşısında oxumaqla şəffaf, ədalətli və demokratik şəkildə keçirilmiş səsvermə prosesinin üzərinə kölgə salmağa cəhd göstərməsi bu qurumların ölkəmizlə bağlı ikili standartlara əsaslanan mövqe tutduğunu nümayiş etdirdi. Özünü xalqımızın dostu kimi təqdim etməyə çalışan missiya üzvləri Azərbaycan seçicisinin öz iradəsi ilə səs verdiyi namizədin qələbəsinə obyektiv qiymət vermək əvəzinə, seçkilərin ədalətli və demokratikliyinə kölgə salmağa çalışdılar. Müşahidə missiyalarının üzvləri bununla da kifayətlənməyib mətbuat konfransında Azərbaycan jurnalistlərinin suallarının heç birinə cavab verməyərək yayınmağa çalışdılar. Onların səsləndirdikləri fikirlər konkret faktlara yox, mülahizələrə və qərəzli məlumatlara əsaslanırdı. Təbii ki, bu da haqlı olaraq ölkə ictimaiyyətinin və media nümayəndələrinin ciddi narazılığı və narahatlığı ilə qarşılandı.Müşahidə missiyasının Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar qərəzli, heç bir fakta əsaslanmayan, əvvəlcədən hazırlanan və ölkəmizin imicinə zidd bəyanatı və açıqlamaları bir daha göstərdi ki, bu təşkilat respublikamızla bağlı ənənəvi ikili standartlar mövqeyinə sadiqdir. Digər beynəlxalq müşahidəçilər seçkilərin azad, ədalətli, demokratik və tam rəqabət mühitində keçməsi barədə konkret faktlara əsaslanan mövqe nümayiş etdirsələr də, ATƏT-in bu missiyası yenə də Azərbaycanın uğurunu həzm edə bilməyərək, ona xələl gətirməyə çalışıb.

Heç bir fakta əsaslanmayan, seçkidən əvvəl hazırlandığı şübhə doğurmayan bəyanatda yer alan qərəzli və əsassız məlumatlar bir daha göstərdi ki, bu cür təşkilatlar insan hüquq və azadlıqlarından bir vasitə kimi istifadə edərək müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq göstərməyə, öz çirkin niyyətlərini həyata keçirməyə çalışırlar.
Demokratiya və insan hüquqlarından dəm vuran bu müşahidəçilər işğal altındakı ərazilərimizdən didərgin salınan, səsvermə hüququ da daxil olmaqla, bütün fundamental haqları tapdalanan qaçqın və məcburi köçkünlərin hüquqları barədə Azərbaycan jurnalistlərinin suallarına bir kəlmə də olsun cavab vermədilər. Bundan başqa, Azərbaycandakı seçkilərə əvvəlcədən hazırlanmış qərəzli rəylə gələn müşahidə missiyasının Ermənistanda və qonşu ölkələrdə keçirilən seçkilərdə qeydə alınan pozuntulara nə üçün loyal yanaşması barədə suallar da, təəssüf ki, cavabsız qaldı.
Mətbuat konfransında səsləndirilən, qərəzli və ədalətsiz yanaşmanın məhsulu olan, siyasi sifarişlə hazırlanan bəyanat və açıqlamalar Azərbaycanın media nümayəndələri tərəfindən ciddi etirazla qarşılandı.“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə müşahidə missiyasının bəyanatına etirazını bildirərək dedi: “Azərbaycan xalqı prezident seçkilərində tam sərbəst, demokratik şəkildə öz fikrini ifadə edib, öz mövqeyini ortaya qoyub. Çox təəssüf ki, siz buraya müəyyən anti-Azərbaycan qüvvələrin fikirlərini ifadə etmək üçün gəlmisiniz. ATƏT PA, AŞPA, DTİHB kimi təşkilatların nümayəndələrinin demokratik və şəffaf şəkildə keçirilmiş seçkilərlə bağlı belə qərəzli münasibəti böyük təəssüf və hiddət doğurur. Sizin dedikləriniz tamamilə yanlış, qeyri-dəqiq və qərəzli fikirlərdir”.Mətbuat konfransında “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev qeyd edib: “Sizin hesabatınız anti-Azərbaycan qüvvələrin qərəzli məlumatları əsasında hazırlanıb. Ya da siz hesabatı hazır gətirmisiniz ki, burada səsləndirəsiniz. Sizin təsvir etdiyiniz dövlət Azərbaycan deyil”.“Xalq qəzeti”nin müxbiri Əliqismət Bədəlov müşahidə missiyasının mətbuat konfransında səsləndirdiyi bəyanatın hiddət doğurduğunu vurğulayaraq deyib: “Bütün beynəlxalq müşahidəçilər Azərbaycanda prezident seçkilərinin demokratik şəraitdə keçdiyini bildirirlər. Lakin ATƏT PA, AŞPA, DTİHB-nin missiyalarının rəhbərləri əvvəlcədən hazırlanmış bəyanatı burada səsləndirirlər. Necə olur ki, digər ölkələrdə prezident seçkilərində baş verən pozuntulardan danışılmır. Lakin Azərbaycanda aşkarlıq və demokratiya şəraitində keçən seçki barədə belə qərəzli fikirlər səsləndirirlər. Bu məruzə anti-Azərbaycan qüvvələrin sifarişi ilə hazırlanıb”.
Seçkiləri izləyən beynəlxalq müşahidəçilər KİV-lərə verdikləri müsahibələrdə ölkəmizdə prezident seçkilərinin azad, ədalətli və şəffaf şəkildə keçirildiyini bildiriblər. Onlar ölkə üzrə bir çox seçki məntəqələrində olub və səsvermə prosesini canlı olaraq izləyiblər. Müşahidəçilərin hesabatlarında, eyni zamanda, nüfuzlu xarici KİV-lərdə səsvermənin demokratik, şəffaf şəkildə keçirilməsi ilə bağlı kifayət qədər müsbət, obyektiv fikirlər səsləndirilib.Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun seçkilərlə bağlı bəyanatında qeyd olunub: “Siyasi cəhətdən çoxşaxəli və rəqabətli mühit təmin olunmuşdu. Ümumi mühit sakit, proses beynəlxalq standartlara uyğun idi. Seçicilərin azadlığı, sərbəstliyi, səsvermənin gizliliyi tam təmin edilmişdi. Müşahidəçilər tərəfindən heç bir insident qeydə alınmadı. Biz səsvermə günü Seçki Məcəlləsinin pozulması faktına rast gəlmədik. Kənar müdaxilələr və seçicilərə hər hansı təzyiq hallarının şahidi olmadıq”.
Fransalı müşahidəçi Mişel Teğo seçki prosesinin qanunauyğun şəkildə keçirildiyini, səsvermə prosedurunun Avropa standartlarına cavab verdiyini vurğulayaraq deyib: “Görüşdüyümüz digər müşahidəçilər də bizə heç bir qayda pozuntusu ilə rastlaşmadıqlarını, səsvermə prosesinin seçicilərə heç bir kənar təzyiq olmadan normal keçdiyini müşahidə etdiklərini dedilər. Seçkilər tam şəffaf keçdi. İlkin nəticələr “exit-poll”un nəticələri ilə üst-üstə düşdü. Bu seçkilər Azərbaycanda demokratik prinsiplərə uyğun atılan növbəti addımdır. Biz Azərbaycanın bu cür səyləri davam etdirməsini alqışlayırıq”.Cənub-Şərqi Avropa ölkələrindən olan qadınlardan ibarət Seçki Monitorinq Qrupunun müşahidə missiyasının üzvü Vokşi Albana baş çəkdikləri seçki məntəqələrində səsvermənin sərbəst şəkildə aparıldığını müşahidə etdiklərini qeyd edərək bildirib: “Biz GISDI qeyri-hökumət təşkilatının böyük müşahidə missiyasının tərkib hissəsi olaraq seçkiləri müşahidə etdik. Səsvermə prosesi sakit, kənar müdaxilələr olmadan həyata keçirildi. Qanun pozuntusu hallarına rast gəlmədik. Səsvermə prosesində məntəqələrin daxilində və ya yaxınlığında kənar şəxslərin və polislərin olmasını müşahidə etmədik. Səsvermə ümumilikdə şəffaf keçib. Seçkilər beynəlxalq standartlara uyğun idi”.Avropa İttifaqı Regional Komitəsinin üzvlərinin müşahidə missiyasının seçkilərlə bağlı bəyanatında bildirilib: “Biz səsvermə günü 46 məntəqədə müşahidələr apardıq. Məntəqələrdə həm yerli, həm də beynəlxalq müşahidəçilərin səsvermə prosesini məhdudiyyətsiz izlədiklərinin şahidi olduq. Səsvermə prosesi texniki və təşkilati baxımdan yaxşı təşkil edilmişdi. Müşahidə qrupunun olduğu əksər məntəqələrdə səsvermə prosesinin onlayn izlənilməsinə şərait yaradan veb-kameralar quraşdırılmışdı. Seçici fəallığı yüksək idi. Səsvermə prosesi dinc şəraitdə keçib. Seçki məntəqələrində səsvermə prosesinə kənar müdaxilələr müşahidə edilmədi”.11 aprel seçkiləri barədə kifayət qədər müsbət rəyləri misal gətirmək olar. Ancaq ATƏT-in müşahidə missiyasının qərəzli mövqeyini görmək üçün gətirdiyimiz misallar da kifayət edər. Çünki Azərbaycan müstəqillik tarixində daim bu cür qərəzli münasibətlərlə rastlaşıb, ancaq demokratiya və müstəqillik yolundan dönməyib. ATƏT-in müşahidə missiyasının bu cür hesabatları ölkəmizin daxili və xarici siyasi kursuna, eyni zamanda, dünyada artan nüfuzuna hansısa formada təsir edə bilməz.

AZƏRTAC

Digər xəbərlər