Eldar İbrahimov: Seçkilərdə cənab İlham Əliyevin qələbəsi xalqımızın öz Prezidentinə inam və etimadının parlaq göstəricisidir

«Aprelin 11-də keçirilən prezident seçkiləri Azərbaycanda demokratiyanın növbəti təntənəsi oldu». Bu fikri yap.org.az saytına YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, bu fakt bir daha Azərbaycanda demokratik cəmiyyətin mövcudluğunu, eləcə də, siyasi sistemin demokratiklik səviyyəsinin yüksək şəkildə təminatını göstərir: «Bu faktorlar seçkilərin tam şəffaf və ədalətli şəkildə baş tutmasının əsas təminatçılarından biri qismində çıxış etdi. Eyni zamanda, Azərbaycanda azad və şəffaf seçkilərin keçirilməsi üçün mükəmməl seçki qanunvericiliyi də formalaşdırılıb».
Azərbaycanda seçki kampaniyasının mövcud qanunvericilik və beynəlxalq standartlara uyğun keçirildiyini deyən YAP İdarə Heyəti üzvünün sözlərinə görə, seçki prosesinin bütün mərhələlərində prezidentliyə namizədliyini irəli sürmüş şəxslərin öz fəaliyyətini ölkə qanunvericiliyi çərçivəsində həyata keçirməsi üçün zəruri şərait yaradıldı, namizədlər istər Bakıda, istərsə də regionlarda öz seçiciləri ilə görüşlərini sakit, hər hansı qanun pozuntusuna yol vermədən təşkil etdi, onlara ayrılmış təşviqat imkanlarından bərabər şəkildə yararlandılar.
«Biz təbliğat kampaniyası dövründə seçicilərlə çoxsaylı görüşlərdə insanların Prezident İlham Əliyevə sonsuz inamının, məhəbbətinin şahidi olurduq. Təbii ki, bu amil seçkilərin nəticələrində də özünü ifadə etdi. Seçkilərdə cənab İlham Əliyevin qələbəsi xalqımızın öz Prezidentinə inam və etimadının parlaq göstəricisidir. Bu fakt bir daha təsdiqləyir ki, Heydər Əliyev siyasəti və bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın işıqlı gələcəyinin təminatçısıdır»-deyə, E.İbrahimov vurğulayıb.

yap.org.az