Jalə Əliyeva: Prezident seçkilərində xalq öz xoşbəxtliyinə, əmin-amanlığına, işıqlı gələcəyinə səs verdi

«Azərbaycanın ən yeni tarixinin daha bir parlaq səhifəsinə çevrilən 11 aprel günü xalq öz müdrikliyini bir daha isbat etdi. Xalq-hər bir azərbaycanliya yaxşı Prezident olmağı bacaran, amalı bütöv və inkişaf edən Azərbaycan olan, ölkəsinin sabitliyini, möhkəmliyini hər şeydən üstün tutan, bu yolda böyük qətiyyət və əzmkarlıq göstərən bir namizədə- İlham Əliyevə səs verdi. Xalq öz xoşbəxtliyinə, əmin-amanlığına, işıqlı gələcəyinə səs verdi». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

J.Əliyeva bildirib ki, artıq seçkinin nəticəsi məlumdur və cənab İlham Əliyev 86, 02 % səslə önümüzdəki 7 il üçün Prezident seçildi. Bu nəticə gözlənilən idi. Başqa bir nəticə zatən heç kimin ağlına belə gəlmirdi. Onun sözlərinə görə, Azərbaycan vətəndaşının öz rəhbərinə olan etimadı, sevgisi, inamı o qədər böyükdür və tamdır ki, bu prosesin nəticəsi haqqında hələ seçkiyə start verilməmişdən çox çox əvvəllər də qətiyyətli fikir yürütmək və dəqiq proqnoz vermək mümkün idi.
«Nəticələr onu göstərdi ki, xalqın seçimi birmənalıdır. Əslində Azərbaycan xalqı öz sözünü illər əvvəl deyib. Azərbaycan xalqı öz mövqeyini illər əvvəl ortaya qoyub. Bundan tam 25 il əvvəl, Ulu öndər Heydər Əliyevi bütöv bir xalqın lideri olaraq görməklə, illərdən sonra onun ideyalarına sadiqlik nümayiş etdirməklə, onun siyasi, mənəvi və fiziki varisi olan cənab İlham Əliyevi Prezident seçməklə kimin yanında olduğunu bütün dünyaya nümayiş etdirib. Yəni, qısacası 11 aprel gününün qələbəsinin möhkəm təməli, polad bünövrəsi Azərbaycanda illər əvvəl atılıb. Və Azərbaycan xalqı da həmin möhkəm təməl, polad bönövrəyə əsaslanaraq getdiyi yolda inamla irəliləməkdədir»-deyə, J.Əliyeva qeyd edib.

yap.org.az