Ölkəmizin hər bir bölgəsində turizm sektoru inkişaf edir

Sürətli inkişaf dövrünü yaşayan Azərbaycanın hər bir bölgəsində sıçrayışlar görmək mümkündür. Bütün sahələrdəki dinamik inkişaf turizm sahəsində də özünü göstərir. Ölkəmizə dünyanın hər bir ölkəsindən səfər edən turistlərin, cəlbedici məkan olaraq, Azərbaycanı seçmələri bir sıra amillərə söykənir. Bir sıra yeni müasir otellərin inşası, ölkəmizdəki əmin-amanlıq və inkişaf, eləcə də, yay turizmi ilə yanaşı, qış turizminin yaradılması turistlərin Azərbaycana cəlb olunmasında daha bir addım oldu. Azərbaycanın hər bir bölgəsində turizm sektorunun inkişaf etdirilməsi istiqamətində görüləcək işlər hələ də var. Turizmin inkişafı ilə bağlı bölgələrdə yeni otellərin tikilməsinə də ehtiyac var.
Bu gün “Şahdağ” Qış-Yay Turizm Kompleksi yüz minlərlə turisti qəbul etmək iqtidarındadır. Vaxtilə ən elementar infrastruktur imkanlarından məhrum olan, lakin bu gün nəhəng turizm kompleksinin tikildiyi dağlara dəmir yolu xəttinin çəkilməsi bu sahənin inkişafında əhəmiyyətli rola malikdir. Hazırda “Şahdağ”ın bu kompleksində ikinci mərhələdə işlərin görülməsi planlaşdırılıb. Belə ki, burada dəniz səviyyəsindən 2350 metr yüksəklikdə 5 nömrəli lift meydançası inşa ediləcək və 4,2 kilometr uzunluğunda yeni eniş zolağı tikiləcək. Bu, ən uzun zolaq olmaqla yanaşı, mürəkkəbliyinə görə də, qırmızı dərəcəli zolaq olacaq. Bu il kompleksin əsas meydanında əyləncə infrastrukturunun qurulması da planlaşdırılır. Burada “Boulinq”, tennis və digər stolüstü oyunlar zalı, kinoteatr, musiqi mərkəzi, həmçinin suvenir mağazaları, iaşə və xidmət obyektləri inşa ediləcək. Təbii ki, ölkəmizə gələn turistlərin sayının artımı bu sahənin inkişafının məntiqi nəticəsidir. Təkcə keçən il ölkəmizə gələn turistlərin sayında beş yüz minə yaxın artım müşahidə olunmuşdur. Turistlər ölkəmizdə mövcud olan gözəl yollardan və aeroportlardan istifadə edirlər. İndi sürətli qatarların olacağı planlaşdırılıb.
Turizm sahəsinə ayrılan dövlətin diqqətinin aşkar təzahürüdür ki, bu ilin yanvarında ölkəmizə gələn xarici vətəndaşların sayı 185 mini keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artım deməkdir. Rəsmi statistikaya əsasən, Azərbaycana gələn xarici vətəndaşların sayına görə beş ölkə - Rusiya (59 990 nəfər), Gürcüstan (45 679 nəfər), Türkiyə (24 276), İran İslam Respublikası (13 437 nəfər) və Birləşmiş Ərəb Əmirlikləri (8 265 nəfər) üstünlük təşkil edib. Bu ölkələrdən gələn xarici vətəndaşların sayı yanvar ayı ərzində ölkəmizə gələn xarici ziyarətçilərin 82 faizini təşkil edib. Keçən ilin yanvar ayı ilə müqayisədə say etibarilə daha yüksək artımın müşahidə edildiyi ölkələr Türkiyə (5 379 nəfər), Gürcüstan (4 480 nəfər), Rusiya Federasiyası (3 774 nəfər) və BƏƏ (2 869 nəfər) olub. Bu ölkələrdən gələnlərin sayındakı artım cəmi 16 min 502 nəfər təşkil edib ki, bu da ümumi artımın 61 faizi deməkdir. Keçən ilin yanvar ayı ilə müqayisədə, faiz etibarilə daha yüksək artımın müşahidə edildiyi ölkələr isə Küveyt (540%), Pakistan (316%), Hindistan (234%) və Qətər (167%) olub. Bu ölkələrdən Azərbaycana gələnlərin sayında artım cəmi 5 720 nəfər təşkil edib ki, bu da ümumi artımın 21 faizi deməkdir.
Son vaxtlar bir çox ölkələrin Çin, Birləşmiş Ərəb Əmirlikləri, İsrail və digər ölkələrin aviaşirkətlərində fəallıq da nümayiş olunub. 2017-ci ildən İsrail Hava Yolları ilə Azərbaycana 15 min turist səfər edib. Ekspertlərin fikrincə, 2018-ci ildə bu rəqəm artaraq, 50 minə yaxın olacaq.
Turistlərin sayında rəqəmin bu şəkildə dəyişməsi, əlbəttə ki, ölkəmizin coğrafi relyefi, iqlimi, təbii sərvətləri, həyata keçirilən dövlət proqramları ilə yanaşı, ölkəmizdəki sabitliyin, əmin-amanlığın və bu sektora dövlət tərəfindən ayrılan diqqətin məntiqi nəticəsidir.

Zümrüd BAYRAMOVA