Siyasət

  • 3 365

Vaşinqtonda keçirilən tədbirdə Azərbaycan ilə ABŞ arasında əlaqələrin inkişafından danışılıb

image

Azərbaycanın ABŞ-dakı səfirliyində nüfuzlu Donald Ramsfeld Fondunun Mərkəzi Asiya, Cənubi Qafqaz, Əfqanıstan və Monqolustan ölkələrini əhatə edən proqramı çərçivəsində tədbir təşkil olunub.

Tədbirdə diplomatik korpusun, eləcə də ABŞ Administrasiyasının rəsmiləri, Vaşinqtonun analitik mərkəzlərinin nümayəndələri, Dövlət Departamentinin Qafqaz və Regional Münaqişələr ofisinin direktoru Alisia Allison, ATƏT-in Minsk qrupunun həmsədri Endryu Şofer, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, Ramsfeld Fondunun icraçı direktoru Sara Tonuçi və digərləri iştirak ediblər.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək Ramsfeld Fondunun proqramında iştirak edən nümayəndələrin səfirliyə gəlişinin ənənəyə çevrildiyini müsbət məqam kimi qeyd edib. Səfir Azərbaycanın ümummilli lideri Heydər Əliyevin region çərçivəsində əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirib və Azərbaycanın indiki siyasətinin irimiqyaslı layihələr həyata keçirməklə həm özünün, həm də qonşu ölkələrin rifahına töhfə verməkdən ibarət olduğunu diqqətə çatdırıb. Eyni zamanda, ölkəmizin təşəbbüsü ilə Azərbaycan, Gürcüstan, Mərkəzi Asiya, Xəzər dənizi və Qara dəniz regionlarını birləşdirən nəhəng neft-qaz və nəqliyyat layihələrinin regiondaxili əməkdaşlıq və bu ölkələrin rifahının, müstəqilliyinin gücləndirilməsi baxımından vacib olduğunu vurğulayıb. Səfir qeyd edib ki, D.Ramsfeld ABŞ Müdafiə Katibi vəzifəsində işləyərkən regionun strateji əhəmiyyətini anlayıb, regionla sıx əməkdaşlıq edib və Azərbaycan ilə ABŞ arasında münasibətlərin inkişafına töhfə verib.
Azərbaycanın 100 il bundan öncə müsəlman dünyasında ilk demokratik respublika yaratmasının bütün region üçün faydalı təcrübə olduğunu qeyd edib. Xalqlarımız arasında təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb, bu xüsusda Ramsfeld Fondunun builki regional konfransının məhz Bakıda keçirilməsinin əhəmiyyətli olduğunu deyib.
ABŞ-ın Azərbaycandakı səfiri R. Sekuta çıxış edərək deyib ki, Azərbaycan Respublikası Prezidenti seçkilərində cənab İlham Əliyevin inamlı qələbəsi sabitlik və inkişaf üçün müsbət haldır və ölkəmizlə tərəfdaşlığı irəli aparmaq, qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar yaradır. Səfir bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin tamam olduğunu, son 26 il ərzində Azərbaycan ilə ABŞ arasında münasibətlərin genişləndirilməsi istiqamətində bir çox işlərin görüldüyünü deyib. O, Azərbaycanda prezident seçkilərindən sonra yaranmış imkanlardan istifadə edərək əməkdaşlığın yeni mərhələyə çatdırılmasına və daha da genişləndirilməsinə ümidvar olduğunu bildirib.
Ramsfeld Fondunun proqramı iştirakçıları adından çıxış edən Azərbaycan nümayəndəsi Sərxan Həşimov Fonda və Azərbaycan səfirliyinə minnətdarlığını bildirib, regional əməkdaşlığın vacib olduğunu və Azərbaycanın regionun lideri kimi dost və tərəfdaş xalqlarla birlikdə gələcəyə ümidlə baxmasını qeyd edib.

yap.org.az

Digər xəbərlər