Siyasət

  • 4 256

Tahir Rzayev: Ölkədə qeyri-neft sektorunun inkişafının təmin edilməsi üçün dövlət tərəfindən qətiyyətli siyasi iradə nümayiş etdirilir

image

“Bu gün dünyada və qonşu ölkələrdə bir çox proseslər müşahidə edilir ki, bunların da nəticəsində milli valyutamız nəinki ucuzlaşa, əksinə, əlavə dəyər qazana bilər. Ancaq müəyyən qüvvələr var ki, insanları təşvişə salmaq, öz çirkin əməllərini həyata keçirmək üçün dövriyyəyə manatın ucuzlaşacağı ilə bağlı heç bir əsası olmayan şayiələr buraxırlar”. Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, insanlar belə şayiələrə inanmırlar. Onun sözlərinə görə, dünya bazarında neftin qiyməti artır. Eyni zamanda, ölkədə qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsi üçün dövlət tərəfindən qətiyyətli siyasi iradə nümayiş etdirilir, həmçinin dəstək tədbirləri gücləndirilir.
“Made in Azerbaijan” brendinin beynəlxalq miqyasda tanıdılması və ölkədən ixracın artması təşviq edilir, bu məqsədlə zəruri infrastruktur, o cümlədən də logistik mərkəzlər yaradılır, qanunvericilik bazası möhkəmləndirilir. Azərbaycanda ÜDM-in həcmi bu ilin yanvar-fevral aylarında 11,54 milyard manata bərabər olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur. Adambaşına düşən ÜDM 1178,7 manata çatıb. Bununla yanaşı, qeyri-neft sektorunun payına düşən ÜDM də 2,3 faiz artıb. “Azərbaycanın müsbət reallıqları, makroiqtisadi sabitlik, ölkəyə valyuta daxilolmalarının artması manatın kursunun sabit qalmasına müsbət təsir göstərən amillərdir. Bütün bunlar bir daha deməyə əsas verir ki, manat ucuzlaşmayacaq, əksinə, milli valyutamız daha da güclənə bilər”, - deyə deputat vurğulayıb.

yap.org.az

Digər xəbərlər