Siyasət

  • 5 403

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı elmi konfrans keçirilib

image

AMEA Naxçıvan Bölməsində “Naxçıvan Azərbaycan Xalq Cümhuriyyəti dövründə: tarixilik və ərazi bütövlüyünün qorunması” mövzusunda elmi konfrans keçirilib.AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bölmənin sədri, akademik İsmayıl Hacıyev konfransı açdıqdan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edib. Bildirilib ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi tamam olur. Prezident İlham Əliyevin 2017-ci il 16 may tarixli Sərəncamına əsasən ölkəmizin hər yerində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi geniş şəkildə qeyd edilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 25 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq muxtar respublikada da bir sıra tədbirlər həyata keçirilir. Tədbirlər Planına əsasən təhsil və mədəniyyət müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş sərgilər təşkil edilib. Bununla yanaşı, may ayında yubiley tədbirinin, ümumtəhsil məktəbləri üçün akademiyanın Naxçıvan Bölməsində “Azərbaycan Xalq Cümhuriyyəti – 100” mövzusunda interaktiv dərsin keçilməsi, “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının bir nömrəsinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunması nəzərdə tutulub. “Naxçıvan Azərbaycan Xalq Cümhuriyyəti dövründə: tarixilik və ərazi bütövlüyünün qorunması” mövzusunda elmi konfrans da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 25 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən Tədbirlər Planına uyğun olaraq keçirilir.Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, 1918-1920-ci illər Azərbaycan tarixinin xüsusi səhifəsini təşkil edir. Belə ki, müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan cümhuriyyət çox mühüm dövlətçilik tədbirləri həyata keçirib, qadınlara seçki hüququ tanıyan ilk dövlətlərdən olub, dövlət strukturları, nizami milli ordu yaradıb, Azərbaycan dilini dövlət dili elan edib, ölkənin milli sərhədlərini müəyyənləşdirib, rəsmi dövlət bayrağını qəbul edib və s.Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə başlanan milli dövlətçilik ənənələri ümummilli lider Heydər Əliyev tərəfindən uğurla həyata keçirilib. 1990-1993-cü illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan parlamentində Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunub, milli atributların qəbul olunması barədə Azərbaycan Ali Soveti qarşısında məsələ qaldırılıb. Bununla yanaşı, Ümummilli Lider muxtar respublikada ilk dəfə olaraq milli ordunu yaratmaqla, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə başlanan ordu quruculuğu missiyasını bərpa edib.Diqqətə çatdırılıb ki, Naxçıvanın tarixi taleyində Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi rolu və yeri var. 1918-1920-ci illərdə Naxçıvan daim cümhuriyyət rəhbərlərinin diqqət mərkəzində olub, onlar Naxçıvanın Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılması istiqamətində zəruri tədbirlər görüblər. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Naxçıvan məsələsində tutduğu mövqe və ərazinin qorunması ilə bağlı Naxçıvan sakinlərinin mütəşəkkil siyasi iradəsi sonrakı dövrlərdə Naxçıvanın muxtariyyət statusunu əldə etməsində mühüm rol oynayıb. Çox təəssüf ki, müstəqillik illərinə qədər tariximizin 1918-1920-ci illəri, xüsusən də Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvanla bağlı həyata keçirdiyi siyasət lazımi səviyyədə elmi tədqiqata cəlb olunmayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında akademiyanın Naxçıvan Bölməsində Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətində Naxçıvanın yeri məsələsi ilə bağlı araşdırmalar aparılıb, 2010-cu ildə “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” kitabı nəşr olunub, muxtar respublikada bir sıra tədbirlər həyata keçirilib.Qeyd olunub ki, “Naxçıvan Azərbaycan Xalq Cümhuriyyəti dövründə: tarixilik və ərazi bütövlüyünün qorunması” mövzusunda keçirilən elmi konfrans da Azərbaycan Xalq Cümhuriyyəti – Naxçıvan məsələlərinin tədqiqi sahəsində görülən işlərin davamıdır.Konfransda AMEA-nın müxbir üzvləri Fəxrəddin Səfərlinin “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, Vəli Baxşəliyevin “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvan Müsəlman Milli Komitəsinin fəaliyyəti”, AMEA Naxçıvan Bölməsinin əməkdaşları, tarix üzrə fəlsəfə doktorları Emin Şıxəliyevin “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qafqazda geosiyasi rəqabətlər və onun Naxçıvana təsiri”, Musa Quliyevin “Naxçıvanlı hərbçilərin Naxçıvan diyarının müdafiəsində və Araz Türk Respublikası hökumətinin fəaliyyətində iştirakı”, İlham Əliyevin “Naxçıvanın ərazi bütövlüyünün qorunmasında yerli əhalinin rolu” mövzularında çıxışları dinlənilib.Çıxışlarda qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş verən ictimai-siyasi proseslər Naxçıvana da təsirsiz ötüşməyib, mənfur ermənilərin öz havadarlarının köməyinə arxalanaraq Naxçıvana qarşı işğal hücumları davamlı xarakter alıb. Lakin Naxçıvan əhalisinin həmrəyliyi, qətiyyəti, yüksək vətənpərvərliyi sayəsində qədim diyarımızın ərazi bütövlüyü qorunub saxlanılıb, düşmənə layiqli cavab verilib.
AZƏRTAC

Digər xəbərlər