Bəhruz Quliyev: “Prezidentin müəyyən etdiyi siyasi kurs Azərbaycanı davamlı qələbələrə aparacaq”

“Bu gün Azərbaycanın güclü dövlət olaraq beynəlxalq aləmdə tanınması Ermənistanın təlaşına və xoflanmasına səbəb olub”. SİA xəbər verir ki, bu fikirləri “Səs” qəzetinin Baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev ölkəmizin regionda və dünyada tutduğu mövqeyini və son 15 ildə əldə edilmiş nailiyyətlərini, eləcə də xalq-iqtidar birliyinin əhəmiyyətli məqamlarını şərh edərkən deyib.Bəhruz Quliyev qeyd edib ki, aprelin 11-də keçirilmiş prezident seçkilərinin nəticəsi də özündə bu faktoru ehtiva etməkdədir: “Əbəs deyil ki, Prezident İlham Əliyev andiçmə mərasimində məhz sarsılmaz xalq-iqtidar birliyinin nəticəsi olaraq, Azərbaycanın bütün sahələrdə inkişaf etməsi amilinə toxunub. “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm”, - deyə vurğulayan ölkə başçımız göstərilən yüksək etimada görə xalqına təşəkkür edib və vurğulayıb ki, bu dəstək ona güc verir. Əlbəttə, həmin güc özünü inkişafımızın bütün sahələrində əks etdirməkdədir”.Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində Azərbaycan nəhəng layihələrə imza atır, ordu quruculuğu tam sürətlə davam etdirilir və belə bir məqamda qonşu dövlət olaraq, Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistan bütün bunlardan ciddi təlaş keçirir, xoflanır: “Baxın, artıq günlərdir ki, Ermənistanı kütləvi xalq etirazları bürüyüb, vətəndaş itaətsizliyi dalğası davam edir. Bu, bilavasitə onu göstərir ki, əhəmiyyətli sosial-iqtisadi layihələrdən təcrid olunmuş Ermənistan rəhbərliyi artıq idarəolunmaz vəziyyətə düşüb və əli qana bulaşmış Serj Sarkisyan rejimi tənəzzül dövrünü yaşamaqdadır. İşğalçı dövlətin tam astanasında dayanmış inqilab faktoru bu ölkənin rəhbərliyini qorxuya salıb. Təkcə, elə də uzaq məsafədə yerləşməyən Ermənistandakı vəziyyətlə Azərbaycanı müqayisə edərsək, ortadakı nəhəng fərqi görmüş olarıq. Bu gün Azərbaycanda sabitlik və inkişaf tandemi ən möhkəm təməllərə söykənib və xalqın öz lideri ətrafında sıx birləşməsi ölkəmizin daha da qüdrətlənməsinə, güclənməsinə, çiçəklənməsinə əhəmiyyətli dərəcədə stimul verir. Əlbəttə, bunu beynəlxalq aləm də görür və alqışlayır. Ölkə başçımız çıxışı zamanı qeyd edib ki, Azərbaycan dünyada çox müsbət reputasiyaya malik olan ölkədir. Bəli, Cənab İlham Əliyevin də vurğuladığı kimi, bu müsbət tendesnsiyalar bizim dünyadakı mövqelərimizi möhkəmləndirir. Ermənistan isə dövlət başçımızın dediyi kimi, dalan ölkəyə çevrilib. Belə olan halda yuxarıda vurğuladığım fərq tam şəkildə özünü nümayiş etdirməkdədir və ona görə də Azərbaycanın son 15 ildə əldə etdiyi nailiyyətlər dövlətçilik maraqlarımızın qorunmasında, inkişaf etdirilməsində öz xüsusi rolunu oynayaraq, istər bizə qarşı işğalçılıq siyasəti aparan Ermənistan rəhbərliyini, istərsə də bəzi qərəzli qurumları əndişələndirməkdədir”.Bəhruz Quliyev sonda əminliklə vurğulayıb ki, dövlət rəhbərimiz Cənab İlham Əliyevin müəyyən etdiyi siyasi kurs Azərbaycanı daha uğurlu və mütərəqqi inkişafa, davamlı qələbələrə və zəfərlərə doğru aparacaq”.

sia.az