Siyasət

  • 6 510

Prezident İlham Əliyev: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm”

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində etdiyi çıxışında aprelin 11-də keçirilmiş prezident seçkisi ilə bağlı bir sıra mühüm məqamlara toxunaraq, ilk öncə, vurğulayıb ki, əldə edilən qələbə, bilavasitə Azərbaycan xalqının Ona göstərdiyi dəstəyin məntiqi nəticəsidir. Məhz bu faktoru önə çəkən ölkə başçısı vurğulayıb ki, həmin dəstək Ona güc verir. SİTAT: “İlk növbədə, bir daha mənə bu seçkilərdə göstərilən yüksək etimada görə, doğma Azərbaycan xalqına dərin təşəkkürümü bildirmək istəyirəm. Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı, bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm”.
Söz yox ki, seçkilərin nəticəsi, həmçinin, Azərbaycan xalqının Cənab İlham Əliyevi alternativsiz Lider olaraq qəbul etməsi və dəyərləndirməsidir. Bu baxımdan, Prezident İlham Əliyev çıxışında onu da vurğulayıb ki, prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib: “Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs vermişdir. Seçkilər ədalətli və şəffaf şəkildə keçirilmişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqımızın iradəsini, onun fikirlərini əks etdirir”.

“Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir”

Həmçinin, qeyd edə bilərik ki, Azərbaycanda mövcud olan xalq-iqtidar birliyi, bilavasitə İlham Əliyev Cənablarına göstərilən yüksək etimadın göstəricisidir. Daha dəqiq desək, məhz xalqla iqtidar arasında mövcud olan vəhdət dövlətimizin daha da güclənməsinə və qüdrətlənməsinə münbit şərait yaradır. Bu baxımdan, Prezident İlham Əliyev bu kimi faktorları önə sürərək qeyd edib: “Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən Ulu Öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də, öz növbəmdə, sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”.
“Son 15 il ərzində bu yolla gedərək, biz böyük uğurlara imza atdıq, Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşamışdır”- deyə vurğulayan ölkə başçımız onu da qeyd edib ki, bu 15 il ərzində dünyanın müxtəlif bölgələrində, bizim bölgəmizdə, Avropada çox təhlükəli proseslər baş verirdi: “Qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, dövlət çevrilişləri. Yəni təhlükəsizlik baxımından son 15 il çox gərgin keçmişdir. Azərbaycanda isə xalqımız təhlükəsizlik şəraitində yaşamışdır. Biz daxili risklərin hamısını aradan qaldırdıq, xarici risklərdən isə özümüzü qoruya bilmişik, bu gün də qoruyuruq, əminəm ki, bundan sonra da qoruyacağıq. Azərbaycan xalqı bu 15 il ərzində sabitlik şəraitində yaşamışdır. Bu da inkişafımız üçün əsas şərtdir. Biz görürük ki, sabitlik pozulanda inkişafdan söhbət gedə bilməz. Sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir”.

“Ötən 15 il demokratik inkişaf baxımından çox uğurlu dövr olmuşdur”

Ölkə rəhbərimizin toxunduğu daha bir önəmli məqam Azərbaycanın demokratik cəhətdən inkişafı və tərəqqisidir. Ötən illər ərzində ölkəmizdə bütün azadlıqlar təmin edilib və geridə qalan 15 il əldə edilən çoxsaylı uğurların təməlidir: “Bu 15 il ərzində Azərbaycanda demokratik inkişaf çox sürətlə getmişdir, Azərbaycanda bütün azadlıqlar təmin edilmişdir. Hesab edirəm ki, bu 15 il demokratik inkişaf baxımından çox uğurlu illər olmuşdur. Biz siyasi islahatları dərinləşdirərək, bütün azadlıqları - söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin etmişik. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir və seçkilər, onun nəticələri bunu bir daha təsdiqləyir”.
Dövlət başçısı çıxışı zamanı ölkəmizdə siyasi mübarizə mədəniyyətinin də müsbət tərəfə istiqamət aldığını vurğulayaraq, bunu seçki prosesi dövründə namizədlərin çıxışları ilə əlaqələndirib və tənqidi fikirləri alqışladığını deyib: “Deyə bilərəm ki, son 15 il ərzində Azərbaycanda siyasi mübarizə mədəniyyəti istiqamətində də müsbət meyillər müşahidə olunur və prezident seçkiləri kampaniyası bunu bir daha göstərir. Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənmişdir, mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Bu, siyasi mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir. Qeyd etməliyəm ki, prezident seçkiləri kampaniyası zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq və dəyərli təkliflər nəzərə alınacaqdır. Bir sözlə, bu 15 il ərzində, biz çalışmışıq ki, Azərbaycanda siyasi mübarizə sivil qaydada təmin olunsun və buna böyük dərəcədə nail ola bilmişik”.

“Milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi”

Seçkilər ərəfəsində bir sıra anti-milli ünsürlər Azərbaycanda mövcud olan sabitlik və inkişafa, demokratik mühitə var gücləri ilə kölgə salmağa, bununla, Azərbaycanın düşmənlərinə yarınmağa cəhdlər göstərirdilər. Lakin yuxarıda da qeyd edildiyi kimi, məhz xalq-iqtidar birliyinin sarsılmaz mövcudluğu belə satqınların ayaq açıb yürümələrinə imkan vermədi. Andiçmə mərasimindəki çıxışında bu kimi amillərə də toxunan Prezident İlham Əliyev deyib: “O ki qaldı, antimilli qruplaşmaya, onlar tam marginallaşıb. Bu seçkilər, bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar, bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun. Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq, gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaqdır”.

“Azərbaycan xalqı vahid milli ideya - azərbaycançılıq ideyası ətrafında sıx birləşib”

Əlbəttə, anti-milli ünsürlərin qarşısına sədd çəkən mühüm faktorlardan biri də Azərbaycanda milli ideologiyanın formalaşması, əsaslı yer tutmasıdır. Ümumiyyətlə, milli ideologiya çərçivəsində dinlərarası və millətlərarası münasibətlərin yüksək səviyyədəki mövcudluğu, əslində, digər ölkələrə nümunə kimi göstərilə bilər. Bu kimi əhəmiyyətli meyarları önə sürən ölkə başçımız qeyd edib ki, Azərbaycan bu 15 il ərzində uğurla inkişaf edib: “Azərbaycan xalqı birlik və həmrəylik nümayiş etdirib. Bizim gələcək fəaliyyətimiz üçün milli ideologiyamız əsas rol oynayır. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub, Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşib və ölkəmiz çox uğurla inkişaf edir. Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi mehribanlıq şəraitində yaşayır və bundan sonra da yaşayacaqdır. Bizim siyasətimiz və cəmiyyətin istəkləri bu istiqamətdə atılacaq addımları da şərtləndirəcək.
Azərbaycan ölkə daxilində dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlara nail olub və biz son 15 il ərzində bunu dünyaya nümayiş etdirmişik. Təkcə ona görə yox ki, özümüzü göstərək, ona görə ki, dünyada da müsbət meyillər üstünlük təşkil etsin. Əfsuslar olsun ki, son 15 il ərzində dünyada bu istiqamətdə çox təhlükəli proseslər cərəyan edib. İslamofobiya, ksenofobiya, ayrı-seçkilik, artıq bəzi ölkələrdə dövlət siyasətinə çevrilir, başqa millətlərin və dinlərin nümayəndələrinə mənfi münasibət göstərilir. Ona görə biz çalışmışıq və bundan sonra da çalışacağıq ki, öz nümunəmizi göstərərək, sübut edək ki, multikulturalizm yaşayır və yaşamalıdır. Eyni zamanda, biz öz milli- mənəvi dəyərlərimizə sadiqik, buna bağlıyıq və təsadüfi deyil ki, 2016-cı və 2017-ci illər Azərbaycanda “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri elan olunmuşdur”.
Göründüyü kimi, bu gün əldə edilən hər bir uğurun təməlində bir sıra önəmli faktorlar dayanır və bu faktorların hər biri Azərbaycanın yaxın zamanlarda daha güclü dövlətə çevrilməsinə kifayət qədər zəmin yaratmaqdadır. Çünki təməlində xalq-iqtidar vəhdəti olan dövlət sarsılmaz və qüdrətlidir. Belə bir qüdrətli dövlətin rəhbəri isə xalqının Lideri və hər bir azərbaycanlının Prezidenti - Cənab İlham Əliyev!

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər