Siyasət

  • 3 882

Mərkəz sədri: “Müharibə Sarkisyan üçün çox ciddi həyati zərurətə çevrilib”

image

“Ermənistanın ictimai-siyasi həyatında son dövrlərdə Naxçıvan mövzusu xeyli aktuallaşdırılıb. Guya Azərbaycan Naxçıvan istiqamətindən Ermənistana hücuma keçəcək”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Onun sözlərinə görə, Naxçıvan mövzusunun aktuallaşdırılması təsadüfi deyil: “Çünki Naxçıvan istiqamətində hərbi əməliyyatlar digər istiqamətdəki hərbi əməliyyatlardan tamamilə fərqlidir və Ermənistanın fikrincə, Naxçıvanda hərbi əməliyyatlar olacağı təqdirdə 1921-ci ilin Qars müqaviləsinə görə Türkiyə Azərbaycanı dəstəkləməlidir və Türkiyənin Azərbaycanı dəstəkləməsinə cavab olaraq Rusiya Ermənistanı dəstəkləyəcək. Beləliklə, Rusiya-Türkiyə müharibəsi yaranacaq. Nəticədə, bu NATO-KTMT müharibəsinə çevriləcək və beləliklə, Qərb arzuladığı müharibəni Rusiyanın sərhədlərinə xeyli yaxınlaşdıracaq. Ona görə Naxçıvan istiqamətindəki müharibə S.Sarkisyan üçün çox ciddi həyati zərurətə çevrilib.Serj Sarkisyanın Qərblə münasibətlərində problem heç kəsə sirr deyil. ABŞ və Avropa İttifaqı S.Sarkisyanın qarşısına müəyyən öhdəliklər qoyublar. ABŞ-ın və Aİ-nın S.Sarkisyanın qarşısına öhdəlik qoyması S.Sarkisyanın özünün apardığı danışıqlarda verdiyi vədlərlə söykənir. İndi S.Sarkisyan verdiyi vədləri yerinə yetirmək iqtidarında deyil. Qərb isə S.Sarkisyandan verdiyi vədləri reallaşdırmağı tələb edir. Ona görə bu narazılıq getdikcə ictimaiyyətə bəllənir. Ermənistan parlamentinin ABŞ-la Dostluq Qrupunun üzvləri Amerikaya səfər etmək istəsələr də bir neçə dəfə bu səfər təxirə salındı və ən nəhayət ki, səfər baş tutdu. ABŞ-a səfər edən Ermənistan parlamentinin demək olar ki, bütün fraksiyalarından olan təmsilçilərinin tam bacarıqlı olmasına baxmayaraq ABŞ Ermənistana qarşı mövqeyini dəyişmədi. ABŞ-ın fikrincə, Ermənistan Rusiya ilə əlaqələrinə əl gəzdirməlidir. Yalnız bundan sonra ABŞ mövqeyini dəyişə bilər Təkrar edirik ki, Rusiya ilə mövqelərinə əl gəzdirəcəyinə S.Sarkisyan vəd vermişdi. S.Sarkisyanın belə mövqeyinin ən əyani sübutu onun RF Federasiya Şurasının komitə sədri Konstantin Kosaçevlə Yerevanda keçirdiyi görüşdə verdiyi bəyanatdır. S.Sarkisyan açıq şəkildə bildirdi ki, Rusiya Ermənistan üçün yeganə və yaxud müstəsna müttəfiq deyil. Ermənistan digər dövlətlərlə, digər inteqrasiya blokları ilə də əməkdaşlıq edəcəkdir. Bu faktiki olaraq Rusiyanın gözlədiyi söz deyildi. Amma eyni zamanda S.Sarkisyanın bu fikri Qərbi də qane etmir. Qərb S.Sərkisyandan Rusiyadan aralanmağı tələb edir. Eləcə də Ermənistan parlamentində Avropa İttifaqı ilə noyabrın 24-də imzalanmış müqavilə ratifikasiya olunarkən də hakim “Respublika” partiyasının təmsilçiləri tərəfindən yeni nüanslar, təfərrüatlar ortalığa qoyuldu. Hiss olunur ki, Ermənistan tərəfi Aİ ilə də sənədlə əldə etdikləri razılaşmaların mahiyyətini dəyişir. Aİ ilə də münasibətləri korlamaq üçün əvvəlcədən bəhanələr yaradır. Ən azı Ermənistan noyabrın 24-də Avropa İttifaqı ilə sənəd imzalayanda bilirdi ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. S.Sarkisyan başa düşür ki, Qərbin bizim regionda ən böyük arzusu Rusiyanın sıxışdırıb çıxarılmasıdır.S.Sarksiyan bilir ki, Qərb Suriyada, Qara dəniz akvatoriyasında Rusiya ilə müharibə etmək üçün bəhanələr axtarır. İndi S.Sarkisyan Qərbə belə şərait yaratmaq istəyir. Bunun üçün də o Naxçıvanı hərbi təxribat obyektinə çevirir.Hər halda ümidimiz onadır ki, Rusiyada başa düşürlər ki, S.Sarkisyanın Naxçıvanı hərbi təxribat obyektinə çevirməkdə məqsədi Rusiyanı Ermənistandan, ümumiyyətlə regiondan qovub çıxartmaqdır. S.Sarkisyanın Naxçıvan istiqamətində təxribat xarakterli siyasəti Rusiyanın hakim elitasına, prezidentinə, Müdafiə Nazirliyinə çox yaxşı bəllidir və məhz onun hesabına görə Rusiya Ermənistanla Birləşmiş Qoşun Qüvvələri yaratdı. Rusiyanın Ermənistanla Birləşmiş Qoşun Qüvvələri yaratmasında məqsəd Ermənistanın dördüncü və beşinci ordularını öz nəzarəti altına keçirməsi idi. Ermənistanın dördüncü və beşinci orduları, xüsusən dördüncü ordusu Naxçıvan istiqamətindədir. S.Sarkisyan rəsmi ordunu da Rusiyanın tabeçiliyinə versə də bu, S.Sarkisyanın hərbi avantüra, təxribat imkanlarının tükənməsi demək deyil; Hər an bir qrup keçmiş döyüşçünü işə salmaqla o qoşunların təmas xəttində və eləcə də Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan istiqamətində hərbi təxribatlar törədə bilər. Ona görə Ermənistanın Naxçıvan mövzusunu aktullaşdırması Rusiyanın regiondan sıxışdırıb çıxarılmasına yönəldiyini qətiyyətlə demək mümkündür.Ermənilərin Naxçıvanla bağlı dediklərində kifayət qədər ziddiyyətlər var. Ermənilərin təbliğatına görə Türkiyə Naxçıvanda hakim mövqedədir. Türkiyənin Naxçıvana artan marağı İranda qıcıq yaradır. Yaxınlarda guya Naxçıvan İranla Türkiyənin arasında mübahisə obyektinə çevriləcək və Azərbaycan Naxçıvandan əl çəkməli olacaq. Belə təbliğat materiallarını ortalığa qoyan ermənilərin məntiqinə görə demək Azərbaycan Naxçıvanda sakitlikdə maraqlı olmalıdır. Çünki əgər Türkiyə ora gələcəksə, demək İran da gələcək və Naxçıvan Azərbaycandan ayrılacaq. Bunu başa düşdükləri halda ermənilər Naxçıvan istiqamətində hərbi təxribatlarının məsuliyyətini Azərbaycanın üzərinə qoymaq fəaliyyətlərini gücləndirmək istiqamətindədirlər. Məqsəd bəllidir: Naxçıvan üzərində Türkiyə -İran qarşıdurması adı ilə Qərb-RF qarşıdurmasına hazırlıqlarını gizlətmək”.

sia.az

Digər xəbərlər