Siyasət

  • 4 293

Sahibə Qafarova: Son 15 ildə Azərbaycanda müşahidə olunan dinamik inkişaf meyilləri mühüm əhəmiyyətə malikdir

image

Prezident İlham Əliyevin andiçmə mərasimində söylədiyi dərin məzmunlu nitq bir çox məsələləri əhatə etməklə, Azərbaycanın həm ötən 15 ildə keçdiyi inkişaf yoluna, qazandığı nailiyyətlərə, həm də gələcək dövrdəki hədəflərinə, inkişaf paradiqmalarına işıq tutdu. Bu tarixi nitq özündə bir çox mühüm mesajları ehtiva edir.Bu fikirləri Milli Məclisin deputatı, professor Sahibə Qafarova deyib.

Sahibə Qafarova bildirib ki, şübhəsiz, 11 aprel prezident seçkiləri Azərbaycanın dövlətçilik ənənələrinin, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi, eyni zamanda, son 15 ildə müşahidə olunan dinamik inkişaf meyillərinin uğurla davam etdirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Azərbaycan xalqı növbəti dəfə seçkilərdə qəti mövqeyini ortaya qoyaraq, milli dövlətçiliyimizin banisi ulu öndər Heydər Əliyevin ideyalarına, bu ideyaları uğurla həyata keçirərək son 15 ildə Azərbaycanı inamla idarə edən, ölkəmizə çoxsaylı uğurlar qazandıran İlham Əliyevə səs verdi. Bu seçim xalqın öz liderinə sonsuz inamının ifadəsi idi. Öz növbəsində, Prezident İlham Əliyev də qətiyyətlə reallaşdırdığı siyasətdə daim xalqa arxalanıb, xalqdan güc alıb və xalqına güc verib. Öz nitqində bu amili nəzərə çatdıran Prezident İlham Əliyev vurğuladı ki, o, həmişə Azərbaycan xalqının dəstəyini hiss edib və hiss edir: “Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm”.
Prezidentin nitqində diqqət çəkən məqamlardan biri də dövlətimizin başçısının Azərbaycanda xalq-iqtidar birliyi ilə bağlı söylədiyi dəyərli fikirlər oldu. Həqiqətən də sarsılmaz xalq-iqtidar birliyi Azərbaycanın daxili mənzərəsini səciyyələndirən çox əlamətdar bir amildir. Son 15 ildə Azərbaycan iqtidarı apardığı siyasətdə, bir qayda olaraq, milli maraqları əsas götürüb, daim xalqın mənafeyindən çıxış edib. Eyni zamanda, 11 aprel seçkilərinin nəticələrindən də göründüyü kimi, cəmiyyət də iqtidarın siyasətinə yüksək səviyyədə dəstək verir. Prezident də vurğuladı ki, Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Əlbəttə ki, xalqımızın prezident seçkilərinin nəticələrində də aydın şəkildə ifadə olunduğu kimi, dövlətimizin başçısına yüksək etimadının, dəstəyinin ciddi əsasları mövcuddur. Bu gün hər bir Azərbaycan vətəndaşı yaxşı bilir ki, Azərbaycanın son 15 ildə qazandığı möhtəşəm nailiyyətlər və əzəmətli inkişaf birbaşa Prezident İlham Əliyevin adı ilə və həyata keçirdiyi siyasətlə bağlıdır. Bu gün hansı sahəyə baxsaq inkişaf, nəticə və uğur görürük. Bilirik ki, İlham Əliyev geniş dünyagörüşünə, beynəlxalq münasibətləri dəqiq analiz etmək imkanlarına malik təcrübəli bir siyasi xadimdir. Ona görə də onun dünyada cərəyan edən hadisələr, beynəlxalq münasibətlərin inkişaf trayektoriyaları ilə bağlı fikirləri, dərin konseptual əsaslara malik qənaətləri hər birimiz üçün dəyərli bir mənbədir. Andiçmə mərasimində də Prezidentimiz bu istiqamətdə çox geniş fikirlərini ifadə edərək baş verənlər kontekstində ölkəmizin müstəqil siyasət həyata keçirməsinin əhəmiyyətini xüsusi vurğuladı. Eyni zamanda, dövlətimizin başçısı dedi ki, bizim dünyadakı mövqelərimiz möhkəmlənir, Azərbaycan çox müsbət beynəlxalq reputasiyaya malik olan bir ölkədir. Bizə qarşı dünya birliyi tərəfindən böyük rəğbət, dəstək var. Təbii ki, bu da məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarındandır.
“Biz prezident seçkilərinin nəticələrindən bəhs edərkən bir fikri qətiyyətlə vurğulayırıq ki, bu seçkilərdə Azərbaycan xalqı İlham Əliyevə səs verməklə Azərbaycanda uğurla reallaşdırılan layihələrin, geniş islahatların, iqtisadi sahədə inkişafın və uğurlu sosial siyasətin davam etməsinə səs verib. Bəli, bu gün Azərbaycan regional və qlobal miqyasda gedən proseslərə təsir göstərmək iqtidarında olan güclü dövlətdir. Respublikamız regionda qlobal əhəmiyyətli layihələrin moderatoru rolunda çıxış edir. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Ölkənin qarşısında yeni hədəflər, yeni məqsədlər dayanır. Biz daha güclü Azərbaycan qurmaq üçün daha böyük əzmlə, səylə çalışmalıyıq. Biz gələcəyə baxmalıyıq. Prezident İlham Əliyev də qarşıdakı illər üçün nəzərdə tutulmuş işlərlə bağlı fikirlərini ifadə edərkən dedi ki, növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Dövlətimizin başçısı əminliklə və qətiyyətlə bəyan etdi ki, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Bu gün hər bir Azərbaycan vətəndaşı da bu inancı daşıyır və ölkəmizin gələcəyinə böyük ümidlə baxır. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan bundan sonra da inkişaf yolu ilə gedəcək və bundan sonrakı illərdə bu günə qədər görə bilmədiyimiz işləri başa çatdıracağıq”, - deyə S.Qafarova bildirib.

yap.org.az

Digər xəbərlər