Sədaqət Vəliyeva: Sarkisyan beynəlxalq tribunal qarşısında törətdiyi cinayətlərin cavabını da verməlidir

“Ermənistanda xalq zorən konstitusiyanı dəyişib baş nazirliyi ələ keçirən Serj Sarkisyanı hakimiyyətdən qovdu. Erməni xalqı son on ildə ona misli görünməmiş fəlakətlər yaşatmış cinayətkar xuntanı yıxmağı bacardı”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Deputat bildirib ki, ermənilər 20 ildən artıq müddətdə Dağlıq Qarabağ kartı ilə onu girovluqda saxlayan, bütün regional və beynəlxalq layihələrdə iştirakdan məhrum edən, Ermənistanı işğalçı dövlət kimi dünyaya tanıtdıran Qarabağ klanından canını qurtara bildi: “Artıq erməni xalqı Xocalı soyqırımının əsas səbəbkarını hakimiyyətdən qovmaqla öz hakimiyyətini formalaşdırmaq imkanı qazandı. Əgər erməni xalqı bundan sonra legitim hakimiyyət formalaşdırmağı bacarsa, Ermənistanı düşdüyü çüxurdan çıxara bilərlər. Amma bunun üçün Ermənistan ilk növbədə işğalçılıq əməllərindən əl çəkməli və regional əməkdaşlığa can atmalıdır”.
“Bütün bunlarla bərabər Sarkisyan beynəlxalq tribunal qarşısında törətdiyi cinayətlərin cavabını da verməlidir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Sarkisyan həm Dağlıq Qarabağ ərazisində azərbaycanlılara qarşı, həm də öz vətəndaşlarına qarşı böyük cinayətlər törədib. Ona görə də, onun beynəxalq tribunalda cəzalandırılmasını erməni xalqı da tələb edə bilər.

sia.az