Siyasət

  • 5 410

Mahir Abbaszadə: Azərbaycan qısa müddətdə ən güclü iqtisadiyyata malik ölkəyə çevrilib

image

«Son 15 ildə Azərbaycanda sabitliyin, əmin-amanlığın təmin olunması ölkənin potensialını, gücünü sosial-iqtisadi inkişafa yönəltmək üçün münbit zəmin yaradıb. Hər bir ölkənin uğurlu inkişafını dəyərləndirmək baxımından sosial-iqtisadi inkişaf göstəriciləri çox önəmlidir». Bu fikirləri Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, güclü iqtisadiyyat olmadan ölkənin hərtərəfli inkişafından, qarşıda duran vəzifələrin uğurlu həllindən də söhbət açmaq mümkün deyil. Bu mənada Azərbaycanın güclü potensialından, o cümlədən də neft gəlirlərindən səmərəli istifadə etməklə ölkənin iqtisadi müstəqilliyinin təmin edilməsini hədəfləyən siyasətin önəmini xüsusi qeyd etmək lazımdır.
«Respublikada neftdənkənar, innovativ əsaslı, elm tutumlu iqtisadiyyat quruculuğu davamlı şəkildə diqqət mərkəzində saxlanılıb. Belə məqsədyönlü yanaşmanın nəticəsidir ki, Azərbaycan qısa müddətdə Cənubi Qafqaz coğrafiyasında ən güclü iqtisadiyyata malik ölkəyə çevrilib. 2004-cü ildən bəri bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri 3 dəfədən çox olmaqla məhz Azərbaycanda qeydə alınıb. Bəhs olunan dövrdə respublikanın qeyri-neft iqtisadiyyatı 2,8 dəfə artıb. Bu, onu göstərir ki, Azərbaycanın iqtisadi inkişafı, sadəcə olaraq, neftin, qazın istehsalı ilə bağlı deyil, çoxşaxəlidir.
Bu gün Azərbaycan dünyanın azsaylı ölkələrindəndir ki, heç bir başqa dövlətdən, heç bir beynəlxalq təşkilatdan asılı deyil. Ölkəmizin maliyyə vəziyyəti kifayət qədər yaxşıdır. Son 15 ildə genişmiqyaslı infrastruktur quruculuğuna böyük həcmlərdə sərmayələr yönəldilməsinə baxmayaraq, respublikamız özünün strateji valyuta ehtiyatlarını artırmağa nail olub. Hazırda respublikamızın strateji valyuta ehtiyatları 44 milyard dollara çatıb ki, bu da kifayət qədər böyük rəqəmdir»-deyə, M.Abbaszadə vurğulayıb.

yap.org.az

Digər xəbərlər