“XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları”

Qusarda V Beynəlxalq elmi konfrans işə başlayıb

Aprelin 26-da Qusar şəhərində “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V Beynəlxalq elmi konfrans işə başlayıb. SİA-nın Şimal Bürosunun verdiyi xəbərə görə, Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına uyğun olaraq keçirilən beynəlxalq konfrans Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyəti, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsi Atatürk Araşdırma Mərkəzi, Türkiyənin Azərbaycandakı səfirliyi və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.Konfransda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya Federasiyası və onun müxtəlif subyektlərindən, Polşa, Albaniya, Özbəkistan, Qazaxıstan, Pakistan, Hindistan və İraqdan görkəmli tarixçilər iştirak edirlər.Beynəlxalq elmi konfransın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Qusar şəhərində ucaldılmış abidəsini ziyarət edib, qarşısına gül dəstələri düzüblər. 1918-ci ildə Qanlı dərədə qələbə qazanmış Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılmış abidə də ziyarət edilib.Sonra Qusar Mədəniyyət Mərkəzində türk-müsəlman xalqlarına qarşı soyqırımları haqqında tarixi faktları özündə əks etdirən kitablar və digər nəşrlərdən ibarət sərgi ilə tanışlıq olub.Konfransın əvvəlində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.Sonra Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov çıxış edərək, son iki yüz ildə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən danışıblar. Çıxışlarda beynəlxalq elmi konfransın dövlətimizin başçısının “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamına əsasən təşkil olunduğu diqqətə çatdırılıb.Beynəlxalq konfrans işini digər çıxışlarla davam etdirir.Üç gün davam edəcək beynəlxalq konfrans 3 bölmə üzrə aparılacaq. Birinci bölmədə “1905-1906-cı illərdə Azərbaycan xalqına qarşı kütləvi qırğınlar”, “1917-1920-ci illərdə Azərbaycan xalqına qarşı soyqırımları”, “1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından – Ermənistan SSR-in ərazisindən deportasiyası”, “1988-1991-ci illərdə azərbaycanlıların öz tarixi torpaqlarından – Ermənistan Respublikasının ərazisindən deportasiyasının başa çatdırılması”, “1991-1994-cü illərdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, azərbaycanlılara qarşı soyqırımları və etnik təmizləmələr” istiqamətlərində məruzələr dinləniləcək.Növbəti iki bölmədə isə məruzələr “1914-1920-ci illərdə Şərqi Anadolu, Urmiya, Salmas, Xoy bölgələrində türk-müsəlman əhaliyə qarşı soyqırımları”, “XX əsrdə Qafqaz, Volqaboyu və Mərkəzi Asiya xalqlarına qarşı soyqırımları və deportasiyalar mövzularında olacaq.Beynəlxalq elmi konfransa aprelin 27-də yekun vurulacaq.

sia.az