Siyasət

  • 3 753

İtaliyalı professorların Heydər Əliyev haqqında yazdıqları kitabın Romada təqdimatı keçirilib

image

Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə İtaliyanın “Edizione Nuova Cultura” nəşriyyat evi tərəfindən nəşr edilmiş, Roma Sapienza Universitetinin professorları Daniel Pommier Vinçelli və Andrea Karteninin həmmüəllifləri olduğu “Heydər Əliyev və müstəqil Azərbaycan” kitabının təqdimatı keçirilib.

Tədbirdə İtaliya Prezidenti Administrasiyasının, parlamentinin, Xarici İşlər Nazirliyinin, ölkədə akkreditə olunmuş diplomatik korpusun, elmi-akademik dairələrin, kütləvi informasiya vasitələrinin, Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
“Heydər Əliyev və müstəqil Azərbaycan” kitabı ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq Azərbaycanın üzləşdiyi mürəkkəb şəraitdə Ulu Öndərin ölkəmizin müstəqilliyinin və dövlətçiliyimizin qorunması, ictimai-siyasi sabitliyin bərqərar olunmasındakı roluna, Azərbaycanın inkişafı və beynəlxalq münasibətlər sistemə inteqrasiyası istiqamətindəki strategiyasına həsr olunub. Kitabda Ümummilli Liderin fəaliyyəti Azərbaycanda daxili ictimai-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, ölkəmizin uğurlu neft strategiyası, iqtisadi inkişafı, beynəlxalq əməkdaşlığı, o cümlədən İtaliya və Müqəddəs Taxt-Tacla münasibətləri mövzuları kontekstində təhlil olunur. Ulu Öndərin aidiyyəti mövzularda 1990-2002-ci illər üzrə seçilmiş bir sıra tarixi nitqləri müəlliflərin şərhləri ilə təqdim olunur.
Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, habelə kitabın həmmüəllifləri Daniel Pommier Vinçelli və Andrea Karteni müstəqil Azərbaycanın memarı olan Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətləri, uğurlu daxili və xarici siyasəti, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, ictimai-siyasi sabitliyinin təmin olunması, dövlətçiliyinin gücləndirilməsi, beynəlxalq münasibətlərin fəal üzvünə çevrilməsi, o cümlədən İtaliya və Müqəddəs Taxt-Tac ilə münasibətlərinin qurulması və inkişafı barədə danışıblar. Onlar, həmçinin Azərbaycanın transmilli enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və iştirakçısına çevrilməsi, davamlı iqtisadi inkişaf yoluna qədəm qoyması istiqamətində Ulu Öndərin həyata keçirdiyi məqsədyönlü strategiya, eyni zamanda, Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlər, regional liderliyi, regionda sülh, sabitlik, əməkdaşlıq və inkişafın təmin olunması, Avropanın enerji təhlükəsizliyində və mədəniyyətlərarası dialoqun möhkəmlənməsində rolu haqqında söhbət açıblar. “Heydər Əliyev və müstəqil Azərbaycan” kitabı haqqında məlumat verən natiqlər kitabın italyandilli oxucular və tədqiqatçılar üçün Ulu Öndərin Azərbaycan tarixindəki müstəsna xidmətlərinin öyrənilməsi baxımından maraqlı mənbə olduğunu deyiblər.
2001-2005-ci illərdə İtaliyanın Azərbaycandakı səfiri olmuş Marqarita Kosta ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, bu dahi şəxsiyyətin Azərbaycanın müstəqilliyinin qorunmasındakı, xüsusilə də İtaliya ilə münasibətlərin qurulması və inkişafındakı əhəmiyyətli rolundan danışıb.
Kitabın təqdimatından sonra Milan “La Scala” vokal akademiyasının məzunu tenor Azər Rzazadə, həmin akademiyanın uşaq xorunun üzvü soprano Cianluici Sartori və Santa Çeçilia Musiqi Akademiyasının tələbəsi, pianoçu Müşfiq Quliyevin ifasında Azərbaycan və dünya bəstəkarlarının musiqilərindən ibarət konsert proqramı təqdim olunub. Konsert proqramı, o cümlədən Azər Rzazadə və Cianluici Sartorinin birgə ifasında “Sarı Gəlin” mahnısı tədbir iştirakçıları tərəfindən böyük maraqla və hərarətli alqışlarla qarşılanıb.
Tədbir İtaliyanın müxtəlif kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılıb.

yap.org.az

Digər xəbərlər