Siyasət

  • 5 151

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva “Bakı Marafonu 2018”-də iştirak ediblər

image

Mayın 13-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2018”ə start verilib.Marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak ediblər.

“Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu ardıcıl üçüncü ildir təşkil olunur. Builki marafonda iştirak üçün 18 000-dək şəxs qeydiyyatdan keçib.
“Bakı Marafonu 2018” Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.
Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi ilə təşkil olunur.
Bakı marafonunda Azərbaycanın regionlarının - Gəncə, Sumqayıt, Mingəçevir, Quba, Qusar, Lənkəran, Astara, Naxçıvan, Qəbələ, Şamaxı, Zaqatala, Şəki, Oğuz və digər bölgələrin sakinləri də iştirak edirbər.
Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, İtaliya, Fransa, Rusiya, Türkiyə, İran, Gürcüstan, Ukrayna, Belarus, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İraq, ABŞ, Çin, Malayziya, Hindistan, Yaponiya, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Kolumbiya, Litva, Latviya, Almaniya, Çex Respublikası və digər ölkələrin təmsilçiləri qoşulublar.
Marafonda İtaliya, Rusiya, Türkiyə, Çin, Malayziya, Hindistan, Yaponiya, Özbəkistan, Türkmənistan, Kolumbiya, BƏƏ, Litva və Latviyanın Azərbaycandakı səfirliklərinin nümayəndələri də iştirak edirbər.
“Bakı Marafonu 2018”də toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2018”in kişi və qadın kateqoriyaları üzrə qaliblərinin mükafatlandırma mərasimi olub.
Mükafatlandırma mərasimi Bakı Olimpiya Stadionunda keçirilib. Kişi və qadın kateqoriyalarının hər birində ilk yerin sahibi 3 min, ikinci yeri tutan 2 min, üçüncü yerə çıxan isə min manat məbləğində mükafatlarla, eləcə də medallarla təltif ediliblər.
Qeyd edək ki, kişilər arasında Ukrayna vətəndaşı İqor Olefirenko birinci, iranlı Məhəmməd Cəfər Muradi ikinci, türkiyəli Ömər Alkanoğlu isə üçüncü yerə sahib çıxıb. Qadınların arasında isə türkiyəli Çelik Fadimə, ukraynalı Valentina Poltavska, Rusiyadan olan Anastasiya Petrova müvafiq olaraq I-III yerləri tutublar.
Həmçinin “Azercell” şirkətinin köynəyində yarışanlar arasında qalib olan Namiq Əsədova, ikinci yeri tutan Samir Paşayevə və üçüncü olan Tural Sadıxlıya isə müxtəlif hədiyyələr təqdim olunub.

yap.org.az

Digər xəbərlər