Siyasət

  • 3 951

Nürnberqdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib

image

Almaniyanın Nürnberq şəhərində Bakı-Nürnberq Mədəniyyət və Təhsil Mərkəzinin təşkilatçılığı ilə Bavariya əyalətinin Daxili, Maliyyə və İnkişaf Nazirliyinin binasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Azərbaycanda alman məskənlərinin salınmasının 200 iliyinə həsr edilmiş “Azərbaycan və Almaniya arasında körpü” adlı tədbir keçirilib.Bakı-Nürnberq Mədəniyyət və Təhsil Mərkəzinin idarə heyətinin sədri Yaşar Musayev və “Haus der Heimat” təşkilatının icraçı direktoru Doris Hutter tədbirdə çıxış ediblər. Azərbaycanın və Almaniyanın dövlət himnləri səsləndirildikdən sonra fəxri qonaqlara söz verilib.Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq təntənəli şəkildə qeyd edildiyini bildirib. O, AXC-nin Azərbaycan xalqının tarixində mühüm rol oynadığını vurğulayıb, müsəlman Şərqində ilk demokratik respublikanın qurulmasının ovaxtkı dövr üçün mühüm nailiyyət olduğunu və Azərbaycan xalqının dövlətçilik tarixində böyük izlər buraxdığını diqqətə çatdırıb. Səfir, həmçinin Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyinin ölkəmizdə təntənəli şəkildə qeyd edildiyini vurğulayıb, alman məskənlərinin və tarixi abidələrinin xüsusi qayğı ilə qorunub saxlanıldığını bildirib. O, Azərbaycan Respublikası Prezidentinin bu tarixlə əlaqədar xüsusi Sərəncam imzaladığını söyləyib.Tədbirin fəxri qonaqları qismində Bavariya əyalətinin Daxili, Maliyyə və İnkişaf Nazirliyinin baş idarə rəisi Aleksandr Voytl, Almaniya Bundestaqının Sosial Demokratlar Partiyasının üzvü Qabriela Haynrix, Almaniya Hökumətinin köçkünlər və milli azlıqlar üzrə xüsusi nümayəndəsi, Köçkünlər İttifaqının prezidenti Bernd Fabritsius, Bavariya parlamentinin üzvləri Petra Guttenberger və Arif Taşdelen, Türkiyənın Almaniyanın Frankoniya bölgəsindəki baş konsulu Yavuz Kül, Xristian Sosial Fraksiyasının rəhbəri Piter Daniel Forster, Nürnberq şəhərinin baş merinin birinci müavini Klaudia Arabackyj və digər rəsmilər iştirak ediblər. Tədbirdə çıxış edən B.Fabritsius Almaniyanın Federal Kansleri Angela Merkelin, A.Voytl isə Bavariya federal əyalətinin baş naziri Markus Söderin salamlarını tədbir iştirakçılarına çatdırıb.Daha sonra tədbirdə məruzə ilə çıxış edən Şərqi Avropa üzrə Alman Mədəniyyət Forumu İnstitutunun elmi işçisi Ariane Afsari, Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri Eva-Maria Aux almanların Azərbaycana köç etməsinin 200 illik tarixi, Yaşar Musayev isə Azərbaycan Xalq Cümhuriyyəti, habelə müasir Azərbaycan Respublikası haqqında danışıblar. “Haus der Heimat” təşkilatının idarə heyətinin sədri Horst Göbbel Azərbaycan və Almaniya, eləcə də Bakı ilə Nürnberq arasında mövcud olan dostluq əlaqələri haqqında ətraflı məlumat verib.Tədbir çərçivəsində nazirliyin binasında təşkil edilmiş və almanların Cənubi Qafqaz regionuna köçünün 200 illiyi mövzusuna həsr olunmuş “Sərhədsizləşmə": Almanlar Vürttemberqlə Qafqaz arasında vətən axtarışında” adlı sərgi iştirakçıların marağına səbəb olub. Sərginin mayın 11-dən 25-dək davam etməsi nəzərdə tutulub.Tədbirin sonunda milli rəqslərimiz və Azərbaycan musiqiləri ifa olunub. Hər iki xalqın dostluğunun rəmzi olaraq alman və Azərbaycan milli mətbəx nümunələri tədbir iştirakçılarına təqdim edilib.Tədbirdə Bavariya əyalətinin ictimai-siyasi dairələrinin, yerli KİV-lərin nümayəndələri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.(AZƏRTAC)

sia.az

Digər xəbərlər