Siyasət

  • 4 170

Millət vəkili: “AXC-nin demokratik ənənələri bu gün də yaşayır” MÜNASİBƏT

image

“Azərbaycan Xalq Cümhuriyyəti (AXC) xalqımızın dövlətçilik tarixində çox mühüm mərhələni təşkil edir. Ötən əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycan xalqı tərəfindən yaradılması bizim üçün böyük qürur mənbəyi olan tarixi hadisədir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Sahibə Qafarova deyib.Onun sözlərinə görə, AXC-nin yaradılması xalqımızın milli kimliyinin, hansı ideallarla yaşamasının son dərəcə parlaq təcəssümü idi: “Bu, həm də o deməkdir ki, Şərqdə demokratiyanın əsası Azərbaycan xalqı tərəfindən qoyulub. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti tarixi bir missiyanı yerinə yetirərək çox genişmiqyaslı demokratik islahatlar həyata keçirib. Milli ordumuzun yaradılması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, teatr və kitabxanaların fəaliyyətə başlaması AXC-nin dövlətçilik baxımından çox qısa müddətdə reallaşdırdığı mühüm məsələlər idi. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ayda həm də xalqımızı dünyaya tanıtmaqla mühüm bir tarixi missiyanı həyata keçirib. O dövrdə yürüdülən xarici siyasətinin ən önəmli uğurlarından biri kimi Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına nail olunması xüsusi qeyd edilməlidir. Artıq 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti 20-dən çox ölkə ilə diplomatik əlaqələr yaratmışdı. Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçib-seçilmək hüququ verərək bu məsələdə də bir çox dövlətlərə öncüllük etmişdir. AXC bu inqilabi qərarı verərkən Qərbdə bir çox dövlətlər bu barədə hələ heç düşünməmişdilər. AXC dövründə qəbul olunmuş üçrəngli bayrağımız bu gün də müstəqil respublikamızın bayrağıdır.Başqa bir mühüm məqam ondan ibarətdir ki, 1918-ci ilin dekabr ayında təntənəli açılışı olan Azərbaycan parlamenti bütün müsəlman Şərqində o dövrün demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament olmuşdur. Parlament qəbul etdiyi qərarlarla milli dövlətçiliyin əsaslarının formalaşdırılması və gücləndirilməsinə tarixi töhfələr vermişdir. Əlbəttə, biz bu gün AXC-nin xalqımızın tarixi taleyində rolundan bəhs edərkən milli mənəvi dəyərlərimizin, tarixi kimliyimizin qorunması istiqamətində görülən işlərin də müstəsna əhəmiyyətini qeyd etməliyik. Belə ki, ali qanunverici orqan tərəfindən qəbul edilən 1918-ci il 27 iyun tarixli qərara əsasən, Azərbaycan dili dövlət dili elan olunmuşdur. O dövrdə təhsil sahəsində həyata keçirilən ilk mühüm tədbirlərdən biri də məktəblərin milliləşdirilməsi olmuşdur. Azərbaycan hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı və dövlət dili olan Azərbaycan dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir. AXC parlamentinin 1919-cu ilin sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi Qanun isə ölkəmizdə milli təhsil sisteminin inkişafı və vətənpərvər milli kadrların hazırlanması baxımından müstəsna rola malik olub. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin “Dövlət dili haqqında” 1918-ci il 27 iyun tarixli qərarında dövlət dilinin Azərbaycan türkcəsi kimi təsbit edildiyi, bundan sonra bütün məhkəmə orqanlarında və digər qurumlarda vəzifə daşıyanların ancaq bu dili bilənlər olacağı bəyan edilib.

Təəssüf ki, növbəti işğal və müstəqil dövlətimizin süqutu AXC-nin başlatdığı bu geniş proseslərin yarımçıq qalmasına səbəb oldu. Bununla belə, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrasa da, sonradan Azərbaycan dövlətçilik ənənələrinin və milli dövlətçilik şüurunun qorunmasında AXC-nin yaradılmasının mühüm rolu olmuşdur. Eyni zamanda, AXC-nin inzibati sərhədləri əsrin sonunda yenidən müstəqilliyini elan edən Azərbaycanın dövlət sərhədlərini müəyyənləşdirən hüquqi əsaslardan biri olub. Yəni, əgər 1918-ci ildə Xalq Cümhuriyyəti qurulmasaydı, sonrakı mərhələdə SSRİ təşkil olunarkən Azərbaycan, bəlkə də, bu İttifaqın tərkibinə müttəfiq respublikalardan biri kimi yox, muxtar vilayət kimi daxil olardı. Eyni zamanda, tarixdə Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, SSRİ-nin dağılmasından sonra ölkəmiz Rusiya Federasiyasının subyekti kimi hüquqi status qazana bilərdi. Bütün bunlar bir daha AXC-nin Azərbaycanın dövlətçilik tarixində mühüm yerinin və rolunun nə qədər böyük olduğu qənaətini ifadə etməyə imkan verir.

Heç də təsadüfi deyil ki, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyev Xalq Cümhuriyyətinin fəaliyyətini daim yüksək qiymətləndirərək bəyan edib ki, müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı da ilk dəfə məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən rəsmi olaraq qəbul edilib. Həmçinin Cümhuriyyətin 80 illiyinin dövlət tərəfindən yüksək səviyyədə qeyd olunması ilə bağlı Ümummilli Liderin sərəncamları çox mühüm tarixi əhəmiyyətə malik idi. Hazırda isə Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətinə, fəaliyyətinə çox yüksək qiymət verir. Prezident İlham Əliyev tərəfindən 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması da bu mənada mühüm tarixi missiyanın həyata keçirilməsinə xidmət edir. Bu çərçivədə cari il ərzində geniş tədbirlər keçiriləcək ki, həmin tədbirlər vasitəsilə Azərbaycan xalqının zəngin tarixi, dövlətçilik ənənələri, demokratik inkişaf yolu bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq.Bəli, bu gün böyük qürurla deyirik ki, müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrini uğurla davam etdirir və yeni çalarlarla daha da zənginləşdirir. Baxmayaraq ki, xalqımız ötən əsrin 90-cı illərinin əvvəllərində keçmiş SSRİ-nin süqutu ilə tarixi şərait yaranan kimi, XX əsrdə ikinci dəfə öz müstəqil dövlətini qurmuş, lakin çox qısa zaman sonra yenidən öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Əgər 1993-cü ildə Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, müstəqil dövlətimiz əsrin əvvəllərində yaşadığı aqibətlə yenidən üz-üzə qala bilərdi. Artıq 27 ildir ki, Azərbaycan müstəqillik yolu ilə inamla irəliləyir. Müstəqil yaşamaq, öz taleyinin sahibi olmaq xalqımıza böyük uğurlar qazandırıb. Bu gün ölkəmiz regional və qlobal miqyasda gedən proseslərə təsir göstərmək iqtidarında olan güclü faktora çevrilib, bütün dünyada etibarlı ölkə kimi tanınır. Müstəqil Azərbaycan heç kimdən asılı olmadan, heç kimdən kömək gözləmədən inkişaf edir və bütün sahələrdə öz qüdrətini artırır. Azərbaycan o ölkələrdəndir ki, özünün milli maraqlarının keşiyində qətiyyətlə dayanır. Azərbaycan xalqı öz parlaq tarixi ilə hər zaman haqlı qürur duyur. Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bildirib ki, biz qürur hissi keçiririk ki, Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olub. Demokratik respublikanın ənənələri bu gün də yaşayır və müasir Azərbaycan onun hüquqi varisidir”.

sia.az

Digər xəbərlər