Siyasət

  • 4 143

Sahibə Qafarova: Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizin şanlı səhifələrindən biridir

image

«Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizin şanlı səhifələrindən biridir. Ötən əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycan xalqı tərəfindən yaradılması bizim üçün böyük qürur mənbəyi olan tarixi hadisədir». Bu fikirləri Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, AXC-nin yaradılması xalqımızın milli kimliyinin, hansı ideallarla yaşamasının son dərəcə parlaq təcəssümü idi. Onun sözlərinə görə, bu, həm də o deməkdir ki, Şərqdə demokratiyanın əsası Azərbaycan xalqı tərəfindən qoyulub: «Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti tarixi bir missiyanı yerinə yetirərək çox genişmiqyaslı demokratik islahatlar həyata keçirib. Milli ordumuzun yaradılması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, teatr və kitabxanaların fəaliyyətə başlaması AXC-nin dövlətçilik baxımından çox qısa müddətdə reallaşdırdığı mühüm məsələlər idi. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ayda həm də xalqımızı dünyaya tanıtmaqla mühüm bir tarixi missiyanı həyata keçirib. O dövrdə yürüdülən xarici siyasətinin ən önəmli uğurlarından biri kimi Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına nail olunması xüsusi qeyd edilməlidir. Artıq 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti 20-dən çox ölkə ilə diplomatik əlaqələr yaratmışdı. Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçib-seçilmək hüququ verərək bu məsələdə də bir çox dövlətlərə öncüllük etmişdir. AXC bu inqilabi qərarı verərkən Qərbdə bir çox dövlətlər bu barədə hələ heç düşünməmişdilər. AXC dövründə qəbul olunmuş üçrəngli bayrağımız bu gün də müstəqil respublikamızın bayrağıdır».
Millət vəkili deyib ki, Ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyev Xalq Cümhuriyyətinin fəaliyyətini daim yüksək qiymətləndirərək bəyan edib ki, müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. «Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı da ilk dəfə məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən rəsmi olaraq qəbul edilib. Həmçinin Cümhuriyyətin 80 illiyinin dövlət tərəfindən yüksək səviyyədə qeyd olunması ilə bağlı Ümummilli Liderin sərəncamları çox mühüm tarixi əhəmiyyətə malik idi. Hazırda isə Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətinə, fəaliyyətinə çox yüksək qiymət verir. Prezident İlham Əliyev tərəfindən 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması da bu mənada mühüm tarixi missiyanın həyata keçirilməsinə xidmət edir. Bu çərçivədə cari il ərzində geniş tədbirlər keçiriləcək ki, həmin tədbirlər vasitəsilə Azərbaycan xalqının zəngin tarixi, dövlətçilik ənənələri, demokratik inkişaf yolu bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq»-deyə, deputat vurğulayıb.

yap.org.az

Digər xəbərlər