Siyasət

  • 11 173

Şərqdə ilk demokratik-hüquqi və dünyəvi dövlət nümunəsi Azərbaycan Xalq Cümhuriyyəti - 100

image

Bu il Azərbaycan tarixində əlamətdar bir hadisənin - Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi, eləcə də, 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi dövlətçilik tarixinə olan böyük ehtiramdır. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində özünəməxsus dəyərlər miras qoyub. Ulu Öndər Heydər Əliyev bu dəyərləri yüksək qiymətləndirərək bildirirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır: "O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq və müstəqillik fikirlərini daha da gücləndirmiş oldu".AXC-nin yaradılmasında böyük əməyi olan ictimai-siyasi xadimlərin rolu müstəsnadır. Fətəli xan Xoyski, Nəsib bəy Usubbəyov, Mehdi bəy Hacınski, Məmməd Yusif Cəfərov, Əliağa Şıxlinski, Sultan Məcid Qənizadə, Xəlil bəy Xasməmmədov, Şəfi bəy Rüstəmbəyov kimi görkəmli xadimlərin adı var.Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, bütün Şərqdə, o cümlədən, türk-islam dünyasında ilk demokratik-hüquqi və dünyəvi dövlət nümunəsi olaraq tarixdə yer aldı. Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin, qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından geri qalmadığını həyata keçirdiyi islahatları ilə sübut etdi.Bu gün Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin dövlət quruculuğu siyasətinə nəzər salarkən əfsanəvi general, görkəmli hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Mehmandarovun da keçdiyi yol vərəqlənir və hər kəsdə qürur hissi oyadır. S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğunun yaradıcılarındandır. O, hər şeydən əvvəl, bu prosesin mahiyyətini, onun dövlət quruculuğundakı yerini dəqiqliklə müəyyənləşdirərək, bütün imkanları da bu məsələlərin həllinə istiqamətləndirdi. Mehmandarovun peşəkarlığı, təşkilatçılıq qabiliyyəti və başlıcası isə Azərbaycanın müstəqilliyinə sədaqəti yeni şəraitdə də öz təsdiqini tapdı və 1918-ci il dekabrın 25-də, o, hərbi nazir təyin edildi. Cümhuriyyət dövrü ilə bağlı sənədlərə nəzər salarkən, Mehmandarovun dəfələrlə bəyan etdiyi "Cümhuriyyət ordusu, siyasətdən kənarda qalmaqla, yalnız Azərbaycan müstəqilliyinin keşiyində dayanmalıdır" fikri diqqəti o andaca cəm edir. Bu prinsipə, hərbi nazir olduğu bütün müddət ərzində, dönmədən riayət edən Mehmandarovun mövqeyi hakimiyyətdə təmsil olunan siyasi qüvvələr tərəfindən də yüksək qiymətləndirildi və bunun nəticəsi idi ki, Cümhuriyyətin mövcud olduğu dövrdə hökumətdə hərbi nazir vəzifəsi yalnız ona tapşırılmışdı.Məlumat üçün qeyd edək ki, Səməd bəy Mehmandarov 1855-ci il oktyabrın 16-da Lənkəranda anadan olmuşdur. Gimnaziya təhsilini Bakıda almış və 16 yaşından Peterburq II Konstantinovka Artilleriya Məktəbində oxumuşdur. Podporuçik, kapitan, podpolkovnik, polkovnik, general-mayor, general-leytenant və nəhayət, tam artilleriya generalı olmuşdur. O, 10 ilin içində üç dəfə general rütbəsi almışdır. Tam artilleriya generalı adına layiq görülən ilk azərbaycanlı kimi tarixə düşmüşdür. Rus-yapon müharibəsi dövründə Port-Artur döyüşlərindəki xidmətlərinə görə, Səməd bəy Mehmandarova 1904-cü il oktyabrın 22-də general-mayor rütbəsi verilmişdir. Səməd bəy həm də 4-cü dərəcəli "Müqəddəs Georgi", birinci dərəcəli "Müqəddəs Stanislav" ordenləri və brilyantla bəzədilmiş qızıl dəstəkli qılıncla təltif edilmişdir. Təltiflər bununla bitmir.

Mənbələrdən o da məlum olur ki, general Səməd bəy Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərkibində hərbi nazir vəzifəsini icra edərək, müstəqil Azərbaycanın 40 minlik ordusunu yaratmağa nail olmuşdur. 25 dekabr 1918-ci ildə S.Mehmandarov Milli Ordunun formalaşdırılması üçün Azərbaycan vətəndaşlarına müraciət etmişdir. Müraciətdə deyilirdi ki, hakimiyyət bütün qüvvəsini ölkədə anarxiyaya yol verilməməsinə və qanunsuzluqların aradan qaldırılmasına yönəltməlidir. Bu məqsədlə digər hökumət tədbirləri kimi Azərbaycan Ordusunun yaradılması qərara alınıb. Azərbaycanın ən ağır vaxtlarında türk ordusunun köməyə gəlməsi, onun komandiri ordunun formalaşdırılmasını və artıq yaradılmış hissələrin təlimini də öz üzərinə götürməsi kimi məsələlər qeyd olunmuşdur. Müraciətdə daha sonra deyilirdi: "Hazırda bizim ordumuzun yaradılması işini öz üzərimə götürmüşəm. İndi ölkəmizin bütün vətəndaşları, istər varlı, istərsə də kasıb vətəndaşlar olsun, hərbi xidmətə eyni qaydada gələcəklər və əgər hansı varlı hərbi xidmətdən azad ediləcəksə, təqsirkar şəxslər ağır cəzalanacaqlar...".Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 25 fevral 1919-cu il tarixli "Hərbi Nazirliyin ştatları haqqında Qanun"un Milli Ordu quruculuğunda önəmli əhəmiyyəti olmuşdur. Belə ki, həmin Qanunla Hərbi Nazirliyin tərkibində 38 qurum yaradılmışdır. Milli Ordu üzrə verilmiş ayrı-ayrı sənədlərin öyrənilməsi göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti Milli Ordu quruculuğunda hərbi mütəxəssislərdən, peşəkar hərbçilərdən istifadə edilməsinə xüsusi diqqət yetirmişdir.Kadrlarla işlərin düzgün qurulması Mehmandarovun hərbi nazir kimi uğurlu fəaliyyətini şərtləndirən başlıca amillərdən biri idi. Zabit kadrlarının sayının artırılmasını Mehmandarov ordu quruculuğunun milli zəmin üzərində təkmilləşdirilməsinin mühüm şərti sayırdı. Məhz onun təşəbbüsü ilə Gəncə hərbi məktəbinin bazasında əvvəlcə Praporşiklər Məktəbi, sonra isə Hərbiyyə Məktəbi açıldı. Eyni zamanda, İstehkamçılar Məktəbi, Hərbi Dəmiryolçular Məktəbi, Şuşa Hərbi-Feldşer Məktəbi fəaliyyətə başladı.Ordu quruculuğunun milli zəmində qurulması və aparılması Mehmandarovun hərbi nazir kimi izlədiyi əsas xətt idi. Milli məqamları Cümhuriyyət ordusu hərbi qulluqçusunu xalqına daha da yaxınlaşdıran, vətəninə daha dərindən bağlayan dəyərlər kimi qiymətləndirən Mehmandarov orduda rəsmi dilin Azərbaycan dili olduğunu elan edərək, azərbaycanlı döyüşçülərin Vətənə sədaqət andı içmələrini vacib saydı, Azərbaycan dilinin öyrənilməsi üçün göstəriş verdi, əsgərlərin marşları Azərbaycan dilində oxumasını tələb etdi. Milli və tarixi rəmzləri özündə əks etdirən döyüş bayraqlarının və geyim formalarının layihələrini təsdiqlədi. Nazirlər Şurası Müsəlman Korpusunun yaradılması ilə kifayətlənməmiş, bu korpusun maddi bazasının möhkəmləndirilməsi qayğısına qalmışdır. Öz millətinin ordusunun komandanı olmaq xoşbəxtliyi cəmi il yarım sürdü. Onunla bağlı yazılarda, qeyd olunur ki, 1920-ci il aprelin 27-də Parlamentin son iclasından qayıdan S.Mehmandarov ailəsinin çamadanları hazırlayıb yola çıxmaq istədiyini görüb deyir: "Boşaldın, heç yerə gedəsi deyilik. Vətəndən ayrılmağa heç bir əsasım yoxdur". Onun Azərbaycana olan sevgisi, hərbçi kimi qətiyyəti, dözümlülüyü başqa bir yol seçməsini üstələmişdir.Göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması Şərqin ilk demokratik respublikasında ordu quruculuğu istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə təkan verdi. 1918-ci ildə yenicə müstəqilliyini elan etmiş Azərbaycan ilk Milli Ordusunu yaratdı və ilk milli ordu hissələrini formalaşdırmağa başladı. Təəssüflər olsun ki, 1920-ci ilin aprelində Azərbaycan sovetlər tərəfindən işğal edildikdən sonra milli ordu ləğv edildi.Azərbaycan Demokratik Respublikasının ordu quruculuğu proqramı, onun acı tarixi dərsləri bu gün müasir Azərbaycanın müdafiə strategiyasının əsas istiqamətlərindən birini təşkil edir. Azərbaycan Demokratik Respublikasının təcrübəsi və günümüzün müasir reallığı təsdiq edir ki, güclü milli ordu ölkəmizin təhlükəsizliyinin, müstəqilliliyinin və ərazi bütövlüyünün qarantıdır.Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz, bütün sahələrdə olduğu kimi, hərbi sahədə də ciddi böhranla üzləşdi. Azərbaycan xalqının tələbi ilə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ölkədə ordu quruculuğu prosesinin də başlanğıcını qoydu. Məhz həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, silahlı qüvvələr pərakəndəlikdən xilas oldu və ordudakı siyasiləşməyə son qoyuldu.1993-cü il noyabrın 1-də Müdafiə Şurası yaradıldı. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi olaraq, 1994-cü il mayın 12-də cəbhədə atəşkəsin elan edilməsindən sonra, ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Orduya çağırış və fərarilik halları ilə bağlı bütün problemlər həll edildi.Peşəkarlıqla yanaşı, ordunun maddi-texniki bazası da möhkəmlənib. Bu istiqamətdə son illər ərzində böyük işlər görülüb. Azərbaycan iqtisadiyyatının yüksəlişi, bütün sahələrdə olduğu kimi, ölkənin hərbi qüdrətinin də artmasında müsbət təsirini göstərib. Son bir neçə il ərzində Azərbaycanda müasir və çox güclü Hərbi-Sənaye Kompleksi yaradılıb. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilib və bunun nəticəsi olaraq, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik ordumuz var. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, "Ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət üçün, hökumət üçün, hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik".Bəli, bu gün Azərbaycanın güclü və müasir ordusu vardır. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir olan bir ordudur. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində, gündən-günə daha da möhkəmlənir və döyüş qabiliyyətini artırır.Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz daha da inkişaf edir və təkmilləşir.

sia.az

Digər xəbərlər