Siyasət

  • 6 043

QHT rəsmisi: "Cümhuriyyətin 101 yaşını Şuşada keçirmək nəsibimiz olsun!”

image

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsinin tarixi önəmi olduğu şəksizdir”. Bunu SİA-ya açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.Onun sözlərinə görə, 100 il az tarix deyil: “Üstəlik, əgər bu tarix Şərqdə cümhuriyyət tipli dövlət quruculuğunu ifadə edirsə və müstəqil dövlətçiliyin bərpası ilə müşayiət olunursa, daha dolğun və təsirli məzmun qazanır. Bu il həm Cümhuriyyətimizin 100 illiyini qeyd edirik, həm də bunu yalnız mayın 28-nə, hətta bütövlükdə may ayına deyil, bütün ilə şamil edərik. Nəzərə alsaq ki, dövlət başçımız Cümhuriyyətin 100 illik əlamətdar yubileyinin keçirilməsi haqqında hələ ötən il sərəncam vermişdi və bir çox işlər 2017-ci ildən canlanmağa başlamışdı, o zaman yubiley tədbirlərinin 2017-2018-ci illəri əhatə etdiyini, ümidvaram, 2019-cu ilin ilk aylarını da əhatə edəcəyini söyləmək mümkündür. Çünki biz tariximizə yalnız şərəf hissi ilə deyil, eyni güclə məsuliyyət və həssaslıqla, deyə bilərəm ki, qayğıkeşliklə baxmağa borcluyuq.Çox şadam ki, 100 illik əlamətdar yubiley bir sıra tarixi faktların, nadir foto-materialların üzə çıxması ilə, araşdırmalarla yadda qalacağı kimi, həm də yeni imzalarla da süslənmiş oldu. Dilqəm Əhməd, Elmin Nuri, Şahnaz Kamal, Ceyhun Nəbi kimi gənc istedadlarımız fədakarcasına qələmə sarıldı, vaxtilə qocaman professorumuz Şirməmməd Hüseynovun, dəyərli aydınımız Nəsiman Yaqublunun, son illər araşdırmaçı-yazar Akif Aşırlı və başqalarının davamlı müraciət etdiyi, xalqa həqiqətləri çatdırdığı mütəsvidə özlərinə məxsus mövqe qazandı. Cümhuriyyətin 100 illiyi, babalarımızın tarixi missiyası, onların ruhuna minnətdarlığımız və yubileyin dövlət səviyyəsində qeyd olunması xalqın, yaradıcı insanlarımızın, özəlliklə gənclərimizin önünü açdı, onları həvəsləndirdi, qanadlandırdı.Cümhuriyyətimizin 100 illiyini qeyd etdiyimiz Cümhuriyyət ilində prezident seçkiləri keçirildi, yüksək vəzifələrə gənc kadrlar gətirildi, bir sıra önəmli fərman, sərəncamlar verildi, xalqı maraqlandıran daha neçə sənədin qəbul olunacağına inanırıq, habelə ərazi bütövlüyümüzün bərpası uğrunda daha sistemli və təsirli işlərə inamımız sabitdir. Bütün bu və bənzəri hadisələr, bundan sonra atacağımız dövlət və xəlqi məzmunlu addımlar milli-demokrat babalarımızın bizlərə 100 yaşlı əmanətini gözbəbəyi kimi qorumağı, gələcək nəsillərə daha sağlam şəkildə ötürməmizi diqtə edir.100 il öncə çətindən çətin şərtlərə baxmayaraq cümhuriyyət qurmuş fədakar babalarımıza, tarixi şəxsiyyətlərimizə, onların mübariz ruhuna və elə bugünkü nəsillərin də tarixi ideallarına sayğımızın təcalla tapması, şanlı 100 illiyin qeyd edilməsinin önəmini bir daha göstərir.Dövlət başçımızın Xalq Cümhuriyyətimizlə bağlı bir-birini tamamlayan sərəncamları, bu yöndə görülən və görüləcək işlər üfüqümüzü genişləndirir, dövlətçilik tariximizə, tarixi missiyamıza, hər bir azərbaycanlının mandatına baxışımızı bir daha cilalayır, yada salır, təkmil hala gətirir. Xalqımızı, bütün dünya azərbaycanlılarını Xalq Cümhuriyyətimizin 100 illik əlamətdar yubileyi münasibəti ilə təbrik edirəm! Cümhuriyyətimizin 101 yaşını Şuşada keçirmək nəsibimiz olsun!”.

sia.az

Digər xəbərlər