Siyasət

  • 3 811

Fəzail İbrahimli: Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik tariximizdə şərəfli yer tutur

image

«Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bütövlükdə milli dövlətçilik tariximizdə şərəfli yer tutur. Çünki bu tarix Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu tarixdir, Azərbaycanın öz ərazisinə sahib çıxdığı, dünya dövlətləri sırasına qoşulduğu bir gündür». Bu fikirləri Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, o dövrdə Azərbaycanın tarixi taleyini həll etmək iqtidarında olan ziyalılar, ictimai-siyasi xadimlərimiz bu reallığı dərk edərək müstəqilliyimizin elan olunması üçün mücadilə etdilər. Onların bir qrupu Avropada təhsil almışdılar, digərləri isə yüksək demokratik düşüncəyə sahib idilər. Həmin insanlar Azərbaycanın tarix qarşısında bu çətin məsuliyyətini kifayət qədər dərk edib ayağa qalxaraq istiqlaliyyətimizi elan etdilər. Hansı ki, o dövrdə ermənilərin ərazi iddiaları var idi və bu məsələdə kənardan dəstək alırdılar. Həmçinin Rusiya imperiya iddialarından əl çəkməmişdi. Bütün çətinliklərə baxmayaraq, həmin şəxslər müstəqil dövlət qurdular.
«Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tariximizdə şanlı və şərəfli yer tutur. Bu gün Azərbaycan dövləti həmin tarixlə qürur duyur. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyev indiki müstəqil dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edib. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması isə milli-mənəvi dəyərlərimizə, tariximizə, keçmişimizə və bu günümüzə olan münasibətdir. Xalq Cümhuriyyəti 23 ay ərzində böyük tarixə imza atdı. Əgər o zaman cümhuriyyət yaradılmasaydı, bu gün vəziyyət başqa cür ola bilərdi. AXC sovet-bolşevik imperiyası tərəfindən işğal olundu. İşğal 70 il sürsə də, bu, xalqımızın qəlbində müstəqillik ruhunun yaşamasına mane ola bilmədi. Bunun nəticəsi olaraq ötən əsrin sonunda dövlət müstəqilliyimiz bərpa olundu. Bu gün Azərbaycan güclü, dünyada söz sahibi olan dövlətdir. Müstəqil dövlətimiz elə qlobal layihələrin müəllifidir ki, bütün dünya Azərbaycanın önəmini etiraf etməyə məcburdur. Bütün bunların bünövrəsi isə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. Prezident İlham Əliyevin bu qərarı Xalq Cümhuriyyətinə və onun qurucularına verilən yüksək dəyərdir»-deyə, deputat qeyd edib.

yap.org.az

Digər xəbərlər