Siyasət

  • 4 173

Ermənidən artıq ermənilik, yaxud Rüstəm İbrahimbəyovun Azərbaycan xalqına nifrətinin səbəbləri nədir?

image

Fəaliyyəti və fikirləri ilə daim anti-Azərbaycan mövqeyində duran, erməni sevgisini hər addımbaşı sübut edən Rüstəm İbrahimbəyov bu günlərdə yenidən gündəmə gəlməyi bacarıb. Əlbəttə ki, bu dəfə də Azərbaycan xalqını, dövlətini, insanların milli mənəvi dəyərlərini, mentalitetini təhqir etməklə, torpaqlarımızı işğal etmiş, 2 milyondan artıq soydaşımızı soyqırımına məruz qoymuş, 1 milyondan çox vətəndaşımızı qaçqın və məcburi köçkün vəziyyətinə salmış ermənilərin timsalında bəşəriyyətin məzlumları obrazını yaradan “rejissor” Rüstəm İbrahimbəyov öz ampluasında olub. Belə ki, 2015-ci ildə çəkilmiş və ssenari müəllifi Rüstəm İbrahimbəyov olan “Qafqaz üçlüyü” filmində Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunublar.

Azərbaycanlıları qorxaq, erməniləri isə mərd obrazda təqdim etmək öz xalqına qarşı açıq düşmənçilikdir
Filmin başlanğıcında tamaşaçılara azərbaycanlı uşağın qorxaq obrazı fonunda mərd, güclü, təmənnasız və genişürəkli erməni uşağının obrazı təqdim olunur. Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması, daşlanması epizodunun əsas məqsədi “vəhşi azərbaycanlıların” “dinc ermənilərə” qarşı qəddarlığını göstərməkdir. Filmdə erməninin “cəzalandırılması” aksiyasının sakinlər tərəfindən necə coşqu ilə qarşılandığı və əslində, bu qəddarlığın guya xalqımızın mentalitetində oturuşduğunu beynəlxalq auditoriyaya təqdim etmək niyyəti aydın şəkildə özünü büruzə verir. Hətta öldürülən oğlunun xəbərini almaq niyyətilə Azərbaycana gələn qoca erməninin sonda hava limanında Sərhəd Xidmətinin əməkdaşı tərəfindən necə qəddarcasına döyüldüyünün təsviri belə bu filmin əsl məqsədlərini ortaya qoyur.
Xatırladaq ki, hələ 2008-ci ildə Rusiya mətbuatına verdiyi açıqlamada Azərbaycan xalqını aşağılayan, sanki bundan zövq alan və özünü “elita” sayaraq millətinə yuxarıdan aşağı baxmağa cəhd edən Rüstəm İbrahimbəyov deyirdi ki, Bakıdan ermənilərin çıxıb getməsindən sonra “buradakı mühit onu boğur”. R.İbrahimbəyov açıq şəkildə Azərbaycanın bölgələrindən paytaxta gələn vətəndaşlarımızı təhqir edir, onlara yuxarıdan aşağı münasibət sərgiləyirdi. İndi bəlli olur ki, ötən 10 il ərzində İbrahimbəyovun erməni sevdalısı olan beyni nəinki bu cür naqolay fikirlərdən arıtlanmayıb, əksinə, onun içindəki erməni sevgisi və paralel olaraq Azərbaycan xalqına qarşı olan nifrəti daha da artıb. Bu film də məhz R.İbrahimbəyovun əsl simasının üstünə işıq salır. Bütün bunlar isə bir daha sübut edir ki, Azərbaycanlıları qorxaq, erməniləri isə mərd obrazda təqdim etmək öz xalqına qarşı açıq düşmənçilikdir.
Xəyanətkar Əkrəm Naibovdan sonra Rüstəm İbrahimbəyovun dünya erməniləri üçün növbəti hədiyyəsidir “Qafqaz üçlüyü” filmi
Birmənalı şəkildə vurğulanmalıdır ki, torpaqlarının 20 faizi işğal altında olan, həmin ərazilərdə bütün milli-mədəni irsi dağıdılmış, uşaqlarının, qadınlarının, qocalarının qəddarcasına, işgəncə ilə qətlə yetirildiyi bir xalqın nümayəndəsinin bu “etirafları” milli xəyanətin, insan mənəviyyatının deqradasiyasının və alçalmasının, öz milli köklərinə, xalqına nifrətin bariz nümunəsidir. Bu “film” sadə vətəndaşından tutmuş yüksək vəzifəli məmuruna kimi bütün azərbaycanlıları yaramaz kimi təqdim edir. Sanki hazırda 30 min erməninin yaşadığı bir ölkədə hər kəs gecə-gündüz bu millətdən olan nümayəndələri tapıb cəzalandırmaq arzusu ilə yaşayır. “Qəddar” Bakının fonunda isə bütün məsələlərin həll olunduğu, xoşbəxtlik adasını xatırladan, cənnət kimi təsvir olunan Moskva ucaldılır. Azərbaycanda döyülən, söyülən, əzilən, işgəncələrə məruz qalan ermənilər bu şəhərə sığınıb əsl xoşbəxt həyat əldə edirlər. Rüstəm İbrahimbəyov Bakı ilə Moskvanın kontrastı fonunda öz həyatını təsvir edir: onu inkar edən və lənətləyən Bakı ilə müqayisədə alicənab Moskvanın açdığı imkanları vəsf edir.
Təsadüfi deyil ki, filmdə azərbaycanlı adına yalnız İbrahimbəyovun qohumları və bir də gürcü aktyorlar yer alırlar. Görünür, heç Ermənidən artıq ermənilik, yaxud Rüstəm İbrahimbəyovun bir azərbaycanlı belə yaramaz, düşmən layihədə yer almaq istəməyib.
R.İbrahimbəyov ciddi-cəhdlə göstərməyə çalışır ki, Dağlıq Qarabağ münaqişəsinin kökündə ermənilərin türklərə və azərbaycanlılara qarşı nifrəti, onların işğalçılıq iddiası deyil, məhz azərbaycanlıların ermənilərə qarşı dərin nifrəti amili durur. Bu isə R.İbrahimbəyovun zaman-zaman dilə gətirdiyi xəyanətkar fikirləridir ki, artıq film olaraq ortaya çıxır. Bu film həm də Rüstəm İbrahimbəyovun öz xalqının “vəhşi” obrazını yaratmaqla aşağılaması fonunda şəxsini böyük “humanist” kimi qələmə vermək cəhdi, İbrahimbəyovun azərbaycanlılara və Azərbaycan adına olan hər şeyə dərin nifrətinin və düşmən münasibətinin təzahürüdür.
Bir sözlə, xəyanətkar Əkrəm Naibovun “Daş yuxular” cızmaqarasından sonra Rüstəm İbrahimbəyovun öz xalqına qarşı bu yaramaz, xəyanətkar və şərəfsiz davranışı bütün dünyada azərbaycanlıları ən neqativ fonda təqdim etmək üçün yeni əsas yaratmağa planlaşdırılıb. Azərbaycanlı tərəfindən “etiraf” olunan bu “həqiqətlər” dünya erməniliyi üçün əsl hədiyyədir.
Bazar təfəkkürlü R.İbrahimbəyov Şəhidlər Xiyabanının ətrafında əyləncə mərkəzi inşa etdirmək istəyirdi
Rüstəm İbrahimbəyov Azərbaycan xalqına və dövlətinə nifrətini təkcə Rusiya mətbuatına müsahibələri və çəkdiyi təxribat xarakterli filmlərlə deyil, insanlarımızın milli mənəvi dəyərlərinə qarşı terror törətməklə də nümayiş etdirir. Hər kəs bilməlidir ki, R.İbrahimbəyov bir müddət idi ki, paytaxt Bakının mərkəzində “Kino evi” açmaq niyyətində idi. Sonradan bəlli olmuşdu ki, Şəhidlər Xiyabanının ətrafındakı meşə massivini əlinə keçirərək orada özünün biznes marağına xidmət göstərəcək kompleks tikmək niyyətində olan İbrahimbəyov, sən demə, kino adından sadəcə istifadə edirmiş. Hətta Rusiyada bəzi dairələrlə, xüsusilə də erməni lobbisinin nümayəndələri ilə bu istiqamətdə danışıqlar aparan, özünə “sponsorlar” tapan, həmin ərazidə biznes və restoran şəbəkəsi yaratmağa çalışan İbrahimbəyovun növbəti dəfə Azərbaycanın milli-mənəvi dəyərlərini heçə saydığını nümayiş etdirdi. Onun üçün ən əsası özünün biznes marağının təminidir. Onu Şəhidlər Xiyabanı, milli dəyər maraqlandırmırdı. Həmin ərazini ələ keçirə bilməyən R.İbrahimbəyov elə buna görədir ki, hər fürsətdə Azərbaycan xalqına və dövlətinə olan kinini qusur...
Rüstəm İbrahimbəyovun tükənməz erməni sevgisi yaxud, o, Daşnaksütyun partiyasının fəallarındandır
Rüstəm İbrahimbəyovun tükənməz erməni sevgisini hər fürsətdə erməniləri başa keçirib tədbirlərdə ön sıralarda əyləşdirmək də isbatlayırdı. Elə bu səbəbdəndir ki, Kinematoqrafçılar İttifaqının tədbirlərinə dəvətlilər müəyyənləşdirilərkən Rüstəm İbrahimbəyovun ağlına ilk olaraq ermənilər gəlirmiş. Belə ki, Bakıda keçirilmiş “Şərq-Qərb” festivalının maliyyəsi hesabına R.İbrahimbəyovun daşnak partiyasının üzvü Roman Balayan və bakılı, Sovet dövründə Azərbaycanda mövcud olan nazirliklərin birində çalışan Rudik Avanesovu dəvət etməsi də bunun bariz örnəyi idi. Yeri gəlmişkən onu da qeyd edək ki, Roman Qurgenoviç Balayan (1941-ci il 15 aprel Azərbaycan SSR, Dağlıq Qarabağ Muxtar Vilayəti, Mardakert rayonu, Nerkin Orataq kəndində anadan olub) - Sovet Ukrayna kinorejissoru, ssenarist və prodüser, SSRİ Dövlət mükafatı laureatı (1987), Ukraynanın Xalq artistidir.
O, Rüstəm İbrahimbəyovun ən yaxın silahdaşlarından biridir. Məlumata görə, R.Balayan Daşnaksütyun partiyasının fəallarındandır. Lakin Balayan R.İbrahimbəyovla möhkəm dostluq əlaqələri olan yeganə erməni deyil. Bu siyahı kifayət qədər genişdir. Bununla yanaşı, Rüstəm İbrahimbəyovun Azərbaycan torpaqlarında yetişdirilən üzümlərdən hazırlanmış “İbrus” şərablarını da tələsik erməni dostlarına aparması onun sonsuz erməni məhəbbətindən xəbər verirdi...
“Ziyalı” Rüstəm İbrahimbəyovun maxinasiyaları bu gün də diqqət mərkəzindədir
Rüstəm İbrahimbəyovun erməni sevgisi onun Azərbaycan xalqına və dövlətinə olan nifrətini hər zaman ön planda tutub. Elə bu səbəbdəndir ki, Rüstəm İbrahimbəyov Azərbaycan kinomatoqrafiyasına zərbə vurmaq, mövcud infrastrukturu məhv etmək və satıb maliyyəsinin arxasına keçmək üçün çox ciddi maxinasiyalara, fırıldaqlara da əl atıb.
Belə ki, Kinematoqrafçılar İttifaqının balansında olan çoxlu sayda avtomobil sənədlərdə qeydiyyatda qalsa da, əslində R.İbrahimbəyov tərəfindən satılıb. İttifaqın “çayka” qonaq maşını evlənən cütlükləri şadlıq saraylarına daşımaq üçün istifadə olunurdu, sənədlərdə isə guya Kinematoqrafçılar İttifaqının qonaqlarına xidmət edirmiş kimi göstərilirdi. Eyni zamanda, Kinematoqrafçılar İttifaqı Konfederasiyasının yardım olaraq ayırdığı 83 min dollar vəsait Kinematoqrafçılar İttifaqının xəzinəsindən yoxa çıxmışdı. R.İbrahimbəyov pulun faizlə banka yatırıldığını desə də, sonradan həmin vəsait müəmmalı şəkildə qeyb olmuşdu. Kinorejissor Oqtay Mirqasımov katiblikdə bu məsələni qaldırdıqdan dərhal sonra R.İbrahimbəyovun hücumlarına məruz qalmış və etiraz əlaməti olaraq İttifaqı tərk etmişdi.
Həmçinin, 2007-ci ildə 28 May küçəsində (Dəmiryol İdarəsi yaxınlığında) yerləşən və İttifaqa məxsus olan “Şərq-Qərb” restoranı sökülmüşdü. Fəhlələrin binanın sökülməsindən aldığı pullar R.İbrahimbəyov tərəfindən oğurlanmışdı. Kinematoqrafçılar İttifaqının sanatoriyasının Şəkidə yerləşən ərazisinin bir hissəsi də R.İbrahimbəyov tərəfindən satılmışdı, katiblikdə isə bu barədə deyilmişdi ki, həmin ərazi Kiş çayındakı sel daşqınları nəticəsində dağılmışdı. Hətta, Kinematoqrafçılar İttifaqının sanatoriyasının Mingəçevirdə yerləşən ərazisinin bir hissəsi də R.İbrahimbəyov tərəfindən satılmış, katiblikdə isə deyilmişdi ki, ərazi Qarabağdan olan məcburi köçkünlərə verilib.
Bütün bunlarla yanaşı, Q.Seyidbəyli küçəsində kinematoqrafçılar üçün tikilən bina R.İbrahimbəyov tərəfindən satılıb. “Şərq-Qərb” festivalı üçün İçərişəhərdə qonaq evi kimi tikilən ev də sonradan R.İbrahimbəyov tərəfindən özəlləşdirilib. R.İbrahimbəyovun üzüm plantasiyalarının yerləşdiyi Şamaxı rayonundakı torpaq sahələri də qanunsuz olaraq özəlləşdirilib. Eləcə də, Kino Evi nəzdində Kinematoqrafçılar İttifaqı üçün 1994-cü ildə ərazi ayrılıb. Bunu uzun müddət ictimaiyyətdən gizlədən R.İbrahimbəyov həmin ərazidə ailə üzvlərinə gizli şəkildə koteclər tikdirib. Hətta, 2002-ci ildə Moskva meriyası ümumrusiya Azərbaycanlıları Konqresinə binanın və Azərbaycan Evinin tkitintisi üçün Tverskoy-Yamskoy küçəsində torpaq sahəsi ayrılması haqqında sərəncam verib. Lakin Rüstəm İbrahimbəyov rəsmi şəkildə məktub yazaraq həmin ərazini satıb. Əldə edilən pullar isə yenə də Rüstəm İbrahimbəyov tərəfindən mənimsənilib.
Rüstəm İbrahimbəyov saxtakar, eqoist, yalançı, milli dəyərləri heçə sayan, düşmənlə əlbir olan bir xəyanətkardır
Beləliklə də, göstərilən bütün faktlar bir daha Rüstəm İbrahimbəyovun ziyalı deyil, saxtakar, eqoist, yalançı, milli dəyərləri heçə sayan, düşmənlə əlbir olan bir xəyanətkar olduğunu ortaya qoyur. Rüstəm İbrahimbəyov kimi düşmən xislətli birisini xalqa “milləti düşünən əsl ziyalı” kimi təqdim etməyə, onu prezident kürsüsünə yüksəltməyə çalışan “Milli Şura” adlı qurumun, onun başında duran Əli Kərimli, Cəmil Həsənli və digərlərinin də antimilli və ermənipərəst simasını aydın göstərir. Bu şəxslər buyursunlar, özlərinin “sənət əsərlərinə” diqqət kəsilsinlər. Erməni oyununun mühüm bir parçası qismində çıxış edən İbrahimbəyov artıq özünü gizlətmir, əksinə, açıq-aşkar ermənilərlə işbirliyində olmasını ortaya qoyur. Görəsən, bütün bunlardan sonra kərimlilər və həsənlilər nə deyəcəklər?
Rüstəm İbrahimbəyovun bu xəyanətkar əməli, onun həmsədri olduğu “Milli şura” başçılarının satqın və düşmən xisləti Azərbaycan cəmiyyətində dərin hiddətə səbəb olub. R.İbrahimbəyov və onun sahibləri bilməlidir ki, öz xalqının dəyərlərinə hörmət qoymayanlara heç kəs hörmət etmir, öz millətini sevməyənləri də heç kəs sevmir. Öz xalqına xəyanət edən, xalqının düşməni ilə dost olan dostluqda da gec-tez xəyanət yolunu tutacaq. Çünki, xəyanət artıq onun qanına işləyib. Hətta, qənaət belədir ki, ermənilər də ondan hələ ki, bir maşa kimi istifadə edir. Zamanı gələndə istifadə müddəti bitmiş əşya kimi R.İbrahimbəyovu bir kənara tullayacaqlar...

Bəhruz QULİYEV,
"SƏS" qəzetinin Baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru
P.S: Məncə, bu xəyanətindən sonra Rüstəm İbrahimbəyova Azərbaycan dövləti tərəfindən verilmiş bütün titulları əlindən alınmalıdır.

Digər xəbərlər