Siyasət

  • 6 797

UNEC və "SƏS" Media Qrupun "Milli Qurtuluşdan İntibaha" adlı birgə tədbiri keçirilib

image

Bu gün Azərbaycan Dövlət İqtisad Univeristeti (UNEC), "Səs" Media Qrup və Bilik Fondunun birgə təşkilatçılığı ilə İqtisad Univeristetinin inzibati binasında Milli Qurtuluşun 25 illik yubileyi münasibəti ilə "Milli Qurtuluşdan İntibaha" mövzusunda tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdən öncə "Səs" Media Qrupunun hazırladığı "Milli Qurtuluşdan İntibaha" filminə baxış olub.Tədbiri giriş sözü ilə açan İqtisad Univeristetinin rektoru, professor Ədalət Muradov 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan tarixində əhəmiyyətli dönüş mərhələsi olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan müstəqilliyini əldə etdiyi ilk illərdə çox ağır dövrünü yaşayıb: “Hökm sürən siyasi gərginlik, vətəndaş müharibəsi təhlükəsi ölkəni iqtisadi böhrana sürükləmişdi. Belə ağır dövrdə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev gərgin fəaliyyəti, düşünülmüş siyasəti, güclü iradəsi, fədakarlığı sayəsində ölkədə sabitliyə nail ola bildi. Azərbaycan qısa zamanda iqtisadi sabitlik və inkişafa qədəm qoydu. Bu irəliləyiş əsası Ulu Öndər tərəfindən qoyulan güclü iqtisadi inkişaf strategiyası sayəsində mümkün olub”.Ədalət Muradov qeyd edib ki, Ulu Öndərin xalqa sevgisi və cəsarəti ilə ölkədə həmrəylik yaranıb və vətəndaşlar milli maraqlar ətrafında birləşə bilib.“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu isə tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Ulu öndər Heydər Əliyev ölkəmizin dövlətçilik tarixinin əsasını yaratmaqla, onu möhkəmləndirməklə Azərbaycan tarixində böyük iz buraxıb: “Nə qədər Ulu Öndərin fiziki-bioloji mövcudluğu dövründə Azərbaycan dövləti var idisə, ondan sonrakı mərhələdə də dahi şəxsiyyətin ideyaları, əməlləri var. Əgər biz bu gün müstəqil Azərbaycanı Ümummilli Liderin şah əsəri kimi səciyyələndiririksə, deməli, tamamilə haqlıyıq. Çünki yalnız böyük dövlət xadimlərinin qurduğu dövlət, formalaşdırdığı ideologiya uzunömürlü olur. Heydər Əliyev məhz elə o böyük dövlət xadimlərindən idi”.Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın tarixinə qızıl hərflərlə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun 1993-cü ildən bizi 25 illik zaman ayırır: “İllər biri-birini əvəzlədikcə hadisələrin mahiyyətini, onun bu günümüz və gələcəyimiz üçün əhəmiyyətini daha dərindən dərk edirik. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, tariximizin hər bir səhifəsi bizim üçün əzizdir, ona hörmətlə, ehtiramla yanaşmalıyıq. Bu mənada, Azərbaycanın həyatında həmin zamanın əhəmiyyətini qısa təhlil əsasında bir daha nəzərdən keçirmək zərurəti duyuruq. Çünki keçmiş siyasətimiz tariximizdir, bugünkü siyasətimiz isə gələcəyimizdir. Ona görə də gələcəyə keçmişimizlə irəliləyir, çıxardığımız nəticələrlə yeni hədəflər və uğurlu perspektiv naminə mübarizə aparırıq”.Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev çıxışında bildirib ki, məhz 1991-1993-cü illərdə yaşanan sarsıntı və təlatümlər göstərdi ki, yalnız fitri idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik lider milli müstəqilliyi qorumaq və yaşatmaq kimi çətin missiyanın öhdəsindən gələ bilər: “1993-cü ilin iyununda Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyalarının praktik şəkildə bərqərar olmasına fundamental əsaslar yaratdı, sözün həqiqi mənasında, xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratdı. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, ölkədə iqtisadi inkişafa, siyasi sabitliyə nal olundu”.“SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev tədbirdə çıxış edərək öncə Universitetin rəhbərliyinə, professor-müəllim heyətinə təşkilati dəstəyə görə təşəkkürünü bildirib və Qurtuluş gününün bəzi vacib məqamlarını diqqətə çatdırıb: "Ulu Öndər Heydər Əliyev bugünkü Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında misilsiz xidmətlər göstərib. Vətənini, xalqını sevən, çətin və ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixidir. Məhz bugünkü müasir, müstəqil Azərbaycan bizə Ulu Öndərdən miras qalıb. O zaman Ulu Öndərimiz xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəlməsəydi, vətəndaş müharibəsinin qarşısını almasaydı, erməni işğalını durdurmaq üçün atəşkəsə imza atmasaydı, böyük layihələr həyata keçirilməsəydi, peşəkar kadrlar hazırlanmasaydı bu gün müasir Azərbaycandan danışa bilməzdik”.Media Qrupun rəhbəri bildirib ki, hələ 1992-ci ildə xalqın adından ziyalıların "Səs" qəzeti vasitəsilə Ümummilli Lider Heydər Əliyevə müraciəti oldu: “O zamanlar vəziyyətdən çıxış yolu kimi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Bakıya dəvət olundu. Ulu Öndər ziyalıların müraciətinə yenə də "Səs" qəzeti vasitəsilə cavab verərək ölkənin düşdüyü vəziyyətdən çıxış yollarını göstərdi. Sürət Hüseynovun itaətsizliyi ilə başlanan vətəndaş müharibəsi və dövlətin dağılmaq təhlükəsi göstərdi ki, xarizmatik liderə ehtiyac var. Ulu Öndər, sözün həqiqi mənasında, xarakterinə uyğun olaraq zərurət yarandığı bir dövrdə xalqın çağrıçına səs verdi. Həmin dövr Ümummilli Lider Heydər Əliyevin dövlətinə, xalqına nə qədər bağlı olduğunu göstərdi. Əgər Ulu Öndər gəlməsəydi, Azərbaycan adlı dövlət xəritədən silinə bilərdi. Çünki vətəndaş qarşıdurması artıq ölkədə gərgin bir vəziyyət yaratmışdı. İyunun 9-da Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Bakıya gəldi və Gəncəyə gedərək hadisə ilə yerində tanış oldu. Beləliklə, Azərbaycanda bir dövrün sonu, yeni bir dövrün başlanğıcına start verildi. Qısa müddətdə Ümummilli Lider Heydər Əliyev Azərbaycanda sabitlik yaradaraq dövlət quruculuğu prosesinə başladı və Azərbaycanın de-fakto, de-yure müstəqilliyini təmin etdi. Ən əsası isə dövlət çevrilişinə cəhdlərin qarşısı alındı və Azərbaycan hüquqi, dünyəvi dövlət kimi inkişaf dövrünə qədəm qoydu”.B.Quliyev əlavə edib ki, əgər müstəqilliyimizin ilk vaxtlarında səriştəsiz rəhbərlərin yarıtmaz siyasəti nəticəsində ölkədə vətəndaş müharibəsi gedirdisə, bu gün vətəndaş cəmiyyətinin formalaşması prosesi gedir: “O illərdə sosial, iqtisadi, siyasi çətinliklərlə üzləşən Azərbaycan bu gün müstəqil Azərbaycan kimi dünya arenasında söz sahibinə çevrilib, dünyaya yeni bir modellə təqdim olunur”.Tədbirə digər çıxışçıların fikirləri ilə yekun vurulub.

sia.az

Digər xəbərlər